NİZAMİ GÜNLƏRİ: TARİXİ ƏNƏNƏNİN UĞURLU DAVAMI
Azərbaycanın ictimai fikir və bədii təfəkkür tarixinin görkəmli nümayəndələrindən biri olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində tarixin bütün dövrlərində Azərbaycan mütəfəkkirləri, ziyalıları, alimləri mühüm işlər, fəaliyyətlər həyata keçiriblər. Və həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu gün qətiyyətlə deyə bilərik ki, nizamişünaslıq dünya elmi şəklində formalaşmışdır ki, onun da mərkəzi Azərbaycandır.
Müasir Azərbaycanın nizamişünaslığın mərkəzinə çevirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilı bağlıdır. Belə ki, keçən əsrin 80-ci illərində Ümummilli Liderimizin Nizami Gəncəvinin 840 illik yubileyində söylədiyi “Nizami Gəncəvi elə dahidir ki, onun yubileyi hər il keçirilməlidir” fikri Şeyx Nizamiyə olan milli münasibətin ən bariz təzahürü idi.
Nizami Gəncəvinin irsinin öyrənilməsi, təbliği və bu sahədə nizamişünas alimlərin yetişdirilməsi məqsədilə Ulu Öndərin təşəbbüsü ilə 1975-ci il sentyabrın 22-də və 1978-ci il yanvarın 4-də “Nizami məqbərəsinin qorunması”, 1979-cu il yanvarın 1-də “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq” tədbirləri haqqında, 1981-ci ildə iyulun 28-də isə dahi mütəfəkkirin 840 illik yubileyi barədə Azərbaycan KP MK-nın xüsusi qərarlarının qəbul edilməsi onlarla nizamişünas ziyalıların yetişməsinə yol açdı.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli Sərəncamı, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamı nizamişünaslığın inkişafı və klassik ədəbi irsimizin azərbaycançılıq məfkurəsi işığında tədqiqinin genişləndirilməsinə təkan veridi. Bunun nəticəsi olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, Azərbaycan Preizdentinin himayəsi altında Mərkəzin birbaşa təşəbbüsü ilə Nizami Gəncəvi ideyalarının işığında 2013-cü ildən ənənəvi olaraq Qlobal Bakı Forumunun keçirilməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkirin əsərlərinin dünyanın inkişaf etmiş dillərinə tərcümə edilərək nəşr edilməsi, dünyanın böyük şəhərlərində abidələrinin ucaldılması, Nizami Gəncəvi adına Qızıl medalın təsis edilməsi, İngiltərənin Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətə başlaması müasir Azərbaycan nizamişünaslığının tarixi nailiyyətidir.
Gəncə Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Beynəlxalq Muğam Mərkəzinin və Gəncə Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə 11-15 sentyabr tarixlərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin vətənində xatirəsi”nə həsr olunmuş “Nizami günləri” layihəsi həyata keçirilməsi də məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan nizamişünaslığının inkişafı istiqamətindəki qoyduları təməlin, strateji yanaşmanın işığında həyata keçirilən layihələrdən biri idi.
Gəncə şəhərinin sakinləri ilə yanaşı, ətraf rayonların, ölkəmizin müxtəlif guşələrindən gələn qonaqların da iştirak etdiyi tarixi “Nizami günləri” layihəsində dahi mütəfəkkirin ata-baba yurdunda Nizami Gəncəvi təntənəsi yaşandı. Xüsusilə beş gün ərzində tamaşaçılara təqdim edilən hər bir hər bir təqdimat birbaşa Gəncə ilə, Nizami Gəncəvi ilə bağlı idi.
“Nizami günləri” ilk olaraq Gəncədəki Nizami Gəncəvi Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilən elmi-praktik konfransla başladı.
Konfransın aparıcısı və sədri, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, akademik Rafael Hüseynov öz girş sözündə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında millətimizin həmrəyliyi vəordumuzun rəşadəti ilə Vətən torpaqlarımızın bütövlüyünün tam və qəti şəkildə bərqərar edilməsini Azərbaycanın möhtəşəm siyasi, hərbi, eləcə də mənəvi qələbəsi kimi səciyyələndirib. O, zəfərimizlə yeni ruhi yüksəliş qazanmış cəmiyyətimizdə Nizami dünyasının, onun əbədiyaşar ideallarının tam dolğunluğu ilə mənimsənilməsinin milli-ideoloji məsələ halına gəldiyini və bu işdə alimlərin xüsusi vəzifələrini qeyd edib.
Akademik Rafael Hüseynov konfransda “Nizami Gəncəvi ədəbi məktəbinin Şərq və Qərb ədəbi-mədəni təfəkküründə yeri” mövzusnda məruzə ilə də çıxış edərək, Nizami dünyasının tərəqqipərvər fikir və yaradıcılıq tarixində yeri olan görkəmli şəxsiyyətlərə təsiri məsələlərindən danışıb.
Filologiya üzrə fəlsəfə doktoru İlahə Hacıyeva “Anadilli “Xəmsə” ardıcılları: bütöv və fraqmentar cavablar” adlı məruzəsində isə dahi şairin əsərlərinin ideya və motivlərinin Azərbaycan ədəbiyyatının istər klassiklərin, istər də yaxın çağların nümayəndələrinin yaradıcılığında öz əksini tapmasından söhbət açıb.
Konfransın daha bir məruzəçisi, əməkdar rəssam Elçin Hami Axundov”Nizami şəxsiyyəti və irsinin animasiya həllinin problemləri və “Xəmsə” süjetləri” mövzusunda çıxış edib və böyük şairin əsərlərinin ibrətamiz əhvalatlarının müasir kinematoqrafik üsullarla ekranlaşdırılmasının xüsusən yetişməkdə olan nəslin tərbiyəsində oyaya biləcəyi rolun əhəmiyyətindən danışıb.
AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” məruzəsində qədim dövrlərdən günümüzədək dahi mütəfəkkirə həsr edilən bədii əsərlərin poetikasından, tarixindən danışıb.
“Nizami günləri”nin təntənəli, rəsmi açılış mərasimi dahi şairin məqbərəsi önündə keçirildi. Qonaqlar Nizami Gəncəvi poeziyasına həsr olunmuş sərgiyə tamaşa etdikdən sonra dahi şairin məzarını ziyarət etdi, önünə tər çiçək dəstələri düzdülər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov, GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, bir sıra dövlət adamları və məsul partiya məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və şəhər sakinləri iştirak etdilər.
Açılış mərasimi əsl poeziya bayramına çevrildi, bu gün də sevilə-sevilə oxunan Nizami şerinin milli və ümumbəşəri əhəmiyyətini bütün parlaqlığı ilə ifadə etdi. Niyazi Bayramov çıxışında bidlirdi ki, dahi şair Nizami Gəncəvi sadəcə Azərbaycan yox, dünya ədəbiyyatında silinməz izlər qoymuş nadir şəxsiyyətlərdəndir. Gəncədə keçirilən “Nizami günləri” dahi şairin ölməz ruhuna göstərilən ehtiramın bariz nümunəsidir. Akademik Rafael Hüseynov da çıxışında layihənin keçirilməsini yüksək qiymətləndirərək Nizami Gəncəvinin yaradıcılığından bəhs edib.
Libretto müəllifi Şahin Musaoğlu və musiqisi gənc bəstəkar Tamilla Əhədovaya məxsus “5 QAPI” tamaşası və əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissorluğu ilə Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında nümayiş olunan libretto tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
Tədbirin ikinci günü “Nizami klassik musiqidə” adlı gecə təşkil olundu. Dahi şair Nizami Gəncəvinin sözlərinə bəstələnmiş əsərlər ifa olundu.
Tədbirin üçüncü günü Nizami Gəncəvinin əsərlərindən seçilmiş nümunələrlə “Qiraət axşamı” təşkil edildi. AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov qiraət axşamının məzmunu haqqında ətraflı məlumat verdi. Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı heyətinin “Sələflər və Xələflər” kompozisiyası, Gəncə Dövlət Kukla teatrının aktyorlarının “Xeyir və şər”, “Leyli və Məcnun” operasından Leyli və Məcnunun səhrada görüş səhnəsi, bədii qiraətçilər tərəfindən Nizami Gəncəvinin “Sənsiz”, “Sevgili Canan”, “Münacat” və başqa əsərləri qonaqlar tərəfində dərin razılıq hissi ilə qarşılandı. Gəncə şəhər 31 saylı İbtidai sinif şagirdlərinin ifasında Nizami Gəncəvinin şeirlərindən ibarət kompozisiyası qonaqlarda xoş duyğular oyatdı.
Tədbirin dördüncü günü “Nizami Muğam dünyası”na həsr edildi. Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndələr Sevinc Sarıyeva, Elgiz Əliyev, Nisbət Sədrayeva tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubovun müşayiəti ilə “Dumanlı Təbriz” tamaşasından “Qönçələbin mahnısı”, “Şikəsteyi – fars təsnifi”, “Gəncədən fayton gəlir” mahnısını ifa ediblər. Həmçinin gecədə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti, Sahil Quliyevin bədii rəhbərliyi ilə Şirxan Cahangirov və Azər Verdiyev “Küçələrə su səpmişəm” Ələkbər Tağıyevin “Sənə qurban”” mahnıları ilə çıxış ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş Nizami günləri layihəsinin təntənəli bağlanış mərasimi keçirilib. 11-15 sentyabr tarixlərində keçirilən layihənin sonuncu günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdimatında Nizami məqbərəsinin önündə görkəmli bəstəkar, Xalq artisti Əfrasiyab Bədəlbəylinin “Nizami” operası nümayiş etdirilib. Tamaşanın bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək “Nizami günləri” layihəsini yüksək qiymətləndirərək layihənin nəinki Gəncə, ölkəmiz üçün mədəni hadisəyə çevrildiyini vurğulayıb.
“Nizami “perasında Əməkdar artistlər Ramil Qasımov (Nizami), İnarə Babayeva (Rəna), Tural Ağasıyev (Lal), solistlər Mahir Tağızadə (Atabəy), Taleh Yahyayev (Qızıl Arslan), Elmir Rüstəmov (Sərkərdə) çıxış ediblər. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysteri Əməkdar artist Yuriy Lobaçevdir. Beş gün davam edən “Nizami günləri” layihəsi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Şairin vətənində keçirilən növbəti Nizami Poeziya Günləri əsl şeir-sənət bayramına, xalqımızın poeziyasevər ruhunun parlaq ifadəsinə çevrildi. Gəncəlilər dahi həmyerlilərinə sonsuz etiramını bir daha sübut etdi, dahi şairi yenə başı üzərinə qaldırdı. Qaldırdı ki, qoy bütün dünya bu zəkanın işığını bir daha görsün. Qaldırdı ki, qoy bütün dünya bu zəkanın işığına qərq olsun. Elə o vaxtdan səkkiz əsrdən artıqdır ki, bu torpağın başı üzərində Nizami günəşi parlayır və öz zəka işığını bütün dünyaya yayır. Elə o vaxtdan səkkiz əsrdən artıqdır ki, bütün dünya Nizaminin poeziya günəşini sevir, əzizləyir. Şairin vətənində keçirilən Nizami Poeziya günləri bu duyğularla başa çatdı. Möhtəşəm poeziya tədbirləri, şerə, sənətə ümumxalq sevgisi, həmişəyaşar dahi Nizaminin haqlı olduğunu sübut etdi:
Yüz il sonra sorsan: Bəs o hardadır?
Hər beyti səslənər: Burda, burdadır!
Əlimuxtar Muxtarov
AMEA Gəncə Bölməsi
Nizami Gəncəvi Mərkəzinin direktoru, fologoya üzrə fəlsəfə doktoru
