.....

.....

“Misra Book Cafe”də “Hər qələmdən bir həyat” antologiyasının təqdimatı keçirilib

“Misra Book Cafe”də “Hər qələmdən bir həyat” antologiyasının təqdimatı keçirilib

26 aprel 2026-cı il tarixində Misra Book Cafe-də Gənc Yazarlar İttifaqının 20 üzvünün qələmə aldığı “Hər qələmdən bir həyat” adlı antologiyanın təqdimat mərasimi baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca aparıcı, jurnalist və yazar Nuray Rəşid tədbiri açıq elan edib.

Rəsmi hissədə ilk çıxış Gənc Yazarlar İttifaqının sədri, yazar Səbinə Dənizə verilib. O, təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verərək, ittifaq daxilində fəaliyyət göstərən ədəbi klublardan bəhs edib. Səbinə Dəniz qeyd edib ki, təqdim olunan antologiya Gənc Yazarlar İttifaqının ilk ədəbi layihəsidir və bu təşəbbüs gələcək layihələrin əsasını qoyacaq.

Daha sonra söz GYİ ilə əməkdaşlıq edən “Portuqa” nəşriyyatının naşiri, yazar Akşin Xəyala verilib. O, antologiyanın çap prosesi haqqında məlumat verərək, bu əməkdaşlığın gələcəkdə daha geniş və əhəmiyyətli layihələrlə davam etdiriləcəyini vurğulayıb.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Bir çox müsabiqələrin qalibi olan qiraətçi və şair Qorxmaz Mahmudov öz şeirləri ilə yanaşı, Eltun Səfərli, Bəsdi Alıyeva (Kölgə) və Rəşid Nəsirzadənin əsərlərini də səsləndirib.

Bədii hissənin sonunda tədbirə rəng qatmaq məqsədilə Gənc Yazarlar İttifaqının şeir və nəsr yazan üzvləri arasında 10 dəqiqəlik müsabiqə təşkil olunub. Qonaqların münsif qismində iştirak etdiyi yarışmada səsvermənin nəticələrinə əsasən Qorxmaz Mahmudov qalib elan edilib.

Tədbirin yekununda GYİ üzvü Ədilə Əliyeva ittifaq adından çıxış edərək sədr Səbinə Dənizə hədiyyələr təqdim edib. Səbinə Dəniz də öz növbəsində üzvlərə xatirə hədiyyələri verib.

Tədbirdə bookbloggerlər də iştirak edib, həmçinin GYİ üzvlərinin müəllifi olduğu kitablardan ibarət satış stendi təşkil olunub.

Sonda xatirə şəkilləri çəkilərək tədbir başa çatıb.

Website |  + posts