.....

.....

Mərhum yazıçı Pərviz Yusifin 50 illik yubileyi münasibətilə kitab təqdimatı keçirilib

Mərhum yazıçı Pərviz Yusifin 50 illik yubileyi münasibətilə kitab təqdimatı keçirilib

“Zərif Kölgələr” Yaradıcılıq Klubu və Səbail rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə mərhum yazıçı Pərviz Yusifin 50 illik yubileyi çərçivəsində onun ruhunu, xatirəsini və ədəbi irsini yaşadan “Qum kəndir” kitabının təkrar nəşrinin təqdimat mərasimi keçirilib.
Tədbir səmimi, eyni zamanda kövrək bir ab-havada baş tutub. Zalda toplaşan hər kəs yalnız bir yazıçını deyil, həm də yaddaşlarda yaşayan bir insanı anmaq üçün bir araya gəlmişdi. Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, yazıçı-publisist İlqar Rəsul, yazar Günel Rəcəb, şəxsi inkişaf koçu,təlimçi Həmidə Yaqubova, şair-publisist Aysel Nəsirzadə,kitabxananın rəhbəri Nərmin Xəlilova, şair Aida Adıgözəl, qiraətçi, Əməkdar mədəniyyət işçisi Bəhiyyə Nağıyeva, mərhum yazıçının anası, qızları və dayısı, eləcə də “Zərif Kölgələr” Ədəbiyyat Klubunun üzvləri, “Mütərcim” nəşriyyatının əməkdaşı Rüfət Vahidov və digər qonaqlar tədbirdə iştirak ediblər.
Tədbirin moderatoru yazıçı-publisist Aysel Fikrət olub. O, çıxışı zamanı Pərviz Yusifin ədəbi dünyasının özünəməxsusluğundan danışaraq, onun sözlə qurduğu körpülərin bu gün də oxucuların qəlbinə yol tapdığını vurğulayıb.
Çıxış edənlər Pərviz Yusifin həyat və yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər. Xüsusilə ailə üzvlərinin çıxışları zamanı zaldakı sükut sanki hər kəsin içində bir xatirəyə çevrildi, duyğular sözlərdən daha çox danışdı. Onun yoxluğu bir daha hiss olunsa da, yaratdığı əsərlərin onu yaşatdığı açıq-aşkar duyulurdu.
Tədbir çərçivəsində yazıçının həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Ardınca “Qum kəndir” kitabının təqdimatı keçirilib. Bu təqdimat yalnız bir kitabın deyil, həm də yarımçıq qalmayan bir ömrün, sözlə davam edən bir həyatın təqdimatı kimi yadda qalıb.
Sonda moderator Aysel Fikrət qonaqlara təşəkkürünü bildirərək vurğulayıb ki, bu cür görüşlər yalnız bir xatirə anımı deyil, həm də Pərviz Yusifin söz dünyasını yaşatmaq, onun ədəbi nəfəsini gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət daşıyır. Tədbir Pərviz Yusifin xatirəsinin qəlblərdə bir daha canlandığı duyğulu anlarla başa çatıb.

Website |  + posts