Hər zaman ürək rahatlığıyla güvənə biləcəyin insan – FAİQ BALABƏYLİ
İlk dəfə hər hansı bir müəlliflə bağlı fikirlərimi tələbə vaxtı yazmışdım. Yadımdan heç çıxmır, Ustad qəzəlxan Ələmdar Mahir haqqında yazdığm o yazını, . Elnarə xanımın : “Aysel, sən də Ələmdar müəllim haqqında bir yazı hazırla, kitabda verək”,- deyəndə məni həyəcan bürümüşdü. İlahi, mən nə yaza bilərəm bu cür ustad qəzəlxan haqqında? Necə fikir yazım, necə cümlələr qurum ki, ustada layiq olsun?- deyə fikirləşə-fikirləşə qalmışdım. Kitabın çapına az vaxt qalmış fikirlərimi şeir yazırmış kimi ilham gözləyib, sonra bir saat içində qələmə almışdım. Kitab xətrinə şişirdilmiş, bəzədilmiş heç bir cümlə olmamışdı yazımda. Səmimi yazı alınmışdı deyə hətta redaktəsiz, olduğu kimi kitaba vermişdilər…
İndi şair Faiq Balabəyli haqqında yazıram və güman edirəm ki, Faiq müəllim haqqında da ona layiq cümlələr qura biləcəyəm. Çünki onun xətri mənim üçün çox əzizdir!
İlk öncə onu deyim ki, mənim tanıdığım Faiq müəllim türklərin təbirincə desəm, “baba adamdır”. Hər zaman dadına yetən, ürək rahatlığıyla güvənə biləcəyin bir insandır. Onu ilk tanıdığım gündən bəri bu fikrim heç dəyişməyib.
İlk görüşümüzü xatırlayıram; mən ona kitab verməliydim, vaxt itirməmək üçün nəvəsini evimizə yaxın yerə, klinikaya gətirdiyini eşidib elə o klinikaya getmişdim. Həyətdə dəcəl nəvəsinə qarşı elə səbrlə, nəvazişlə qayğı göstərirdi ki… Eynən atam kimi. Bu səhnəni görüb onu bir doğmam kimi çox istəməmək mümkün deyildi. Hələ ayaqüstü 5-10 dəqiqəlik söhbətin hər kəlməsində atanın övladına verdiyi məsləhət kimi məsləhətlər olduğunu gördükcə onun dəyəri gözümdə daha da artmışdı. Yaxşı ki, ədəbiyyatımızda Faiq müəllim kimi insanlar var!
Bu yazını yazmaq üçün Faiq müəllimin yaradıcılığına bir daha nəzər yetirdim. Bir daha oxuduqca heyrətimi gizlədə bilmədim. Şeirlərindəki duyğu, səmimiyyət, obrazlılıq insanı valeh edir… Düşünürəm, Faiq müəllimin şeirlərini bu qədər obrazlı edən də, məhz onun öz dənizçi obrazıdı. Dənizçi şair olmağı şeirlərinə başqa ab-hava, fərqli ruh verib, sanki.
Dənizçinin yuxusuna
Torpaq ətri girər hər gün.
Yanıb-sönən mayaklarda
“Ümid” adlı bir közərti
Görər hər gün.
Faiq müəllimin bir müsahibəsində dəniz və dənizçiliklə bağlı fikrini çox bəyənmişdim, deyir: “Dəniz həyat və dözüm məktəbidir. Dəniz qorxmazları sevir. Dəniz təmizləri özündə saxlayır və dənizçilərin demək olar ki, hamısı ağır günün dostlarıdırlar”. Bəli, ədəbiyyat da elə dəniz kimidir, təmizləri, dürüstləri, öz fikirləri olanı, başqalarının fikirlərini mənimsəməyənləri özündə saxlayır.
Faiq müəllimin şeirlərində bütün sosial-ictimai problemlərdən, vətəndən, sevgidən, iztirabdan, həsrətdən, qurudan, sudan- hər şeydən bəhs olunur. Hamısı hörümçək toru kimi hörülüb və bütövlükdə ədəbiyyata xidmətdir. Hər şeir bir ağrı-acının, bir qüssənin, yaşadığı və ya yaşaya bilmədiyi arzuların nakamlığının məhsuludur. Bir şeiri isə məni çox kövrəltdi. Bəzi misraları yadımdan heç çıxmır… Şair xəyallarından deyil, xatirələrindən yazırsa, artıq orda bir nakamlıq var, həsrət hakimiyyəti ələ alıb öz hökmünü göstərir, demək.
Qəfil yağan yağış isladacaq
uşaqlığımın ayaqyalın keçdiyi yollarını.
Anamın hər axşamüstü
ayağımı yuduqdan sonra
belimə dolanan qollarını,
yelçəyinin altından çıxan saçlarını…
Anamın indi nəfəs aldıqca xışıldayan sinəsi
uşaqlığımın islanmış xatirələrində
pərqu balınc kimiydi, –
mən heç elə yatmadım sonralar…
Bu yazını yazmaq mənə Faiq müəllimi şair FAİQ BALABƏYLİ kimi daha yaxından tanımağa kömək etdi. Faiq Balabəyli yaradıcılığını dərindən araşdırmaq, bir az daha keçmişə, ilk yazdığı şeirlərə, şeirlər kitabına qayıtmaq mənim üçün vacib məsələyə çevrildi.
Körfəz boyu səpələnən yosunlar
balıqların qumla dolan qulağı.
Əgər məni incitsəniz, gedərəm,
görünmərəm gözünüzə, uzağı.
Bir qağayı lələyini götürüb
qum üstünə bircə misra yazaram.
Külək dolmuş ağ yelkənə bürünüb,
bir adaya sığınmağa hazıram.
Faiq müəllimə möhkəm can sağlığı arzulayram. Arzum budur, nə əbiyyatımızdan, nə dostlarından küssün.Hər zaman şirin ləhçəsiylə, gülən gözləriylə, dəyərli şeirləriylə öz varlığını hiss etdirsin!
Məqalə: Aysel Nəsirzadə