*
Quşun, yağışın, böcəyin,
Otun, ağacın, çiçəyin,
Üşüdən qışın, yandıran günəşin,
Ana təbiətin dili ilə danışar
bəzən kainat…
Və bir də…
Avazı, ahəngi ilə musiqi danışar
insanla…
Bəzən üsyan edər rok kimi,
Bəzən səssiz ağlayar
lirika kimi.
Bəzən coşar caz kimi…
Dünyaya yeni ümid doğar,
Kipriyində bir işıq.
Qərq edər nura cahanı…
Yenidən doğulan ümidin
dilində sükut,
qoruyar haqqın adını.
Gözündən mərhəmət yağar,
qəlbiylə qucaqlayar.
Sevgisiylə bütün ağrılara məlhəm olar…
Yenidən doğulan ümidin
inadında mətanət
qaya kimi sərt durar
xəyanətin üzünə!
Kiçik barmaqlardan süzülən
bir musiqinin diliylə
köksündə sülh yaradar,
eşq yağdırar…
Bütün vücuduyla
təbiətə sığınar…
Rəqqasəyə
Sürməli qız, gözündəki məna nə?
Kədərini qucaqlamaz qırışlar.
Dünya boyda sevgi yığıb köksünə
Təbəssümün mənə ümid bağışlar.
Bağrım üstə addımını düzürsən,
Kəpənək tək zərif-zərif süzürsən,
Hər avazda ürəyimi üzürsən,
Çırpınırsan… Halə qurur baxışlar…
Sən xəyalın əks olunan rəsmisən,
Sülh doğuran bir ahəngsən, mehrsən,
Möcüzəsən, bilinməyən sehrsən,
Mərhəmətin yeri-göyü naxışlar.
*
Baharı qucaqlayıb ağaclar da, çöllər də,
Ayrılığın yeri yox, nə kədərin, nə ahın.
Qəmə bürünən qəlbin yasdan çıxar ahəstə,
Nur çiləyər zülmətə günəş dolu sabahın.
Tüm acını yuyaram bircə şirin sözümlə,
Gözlərində oynayan ocağınla, közünlə,
Özümlə apardığım bu hərbim nə, çözüm nə?!
Kaman kimi çəkilər dərdin üstə sabahın.
Ver əlini, ayüzlüm, ayrılığa od qoyum,
Qurtum-qurtum içdiyim sənsizliyimdən doyum.
Bir andıma sığınım, bir duamı oxuyum,
Dərgahına üz tutan səcdəm olsun sabahın.
*
Qəlbimlə səcdənə başımı qoydum,
Qurduğun mizana daşımı qoydum,
Haqq-hesab önünə yaşımı qoydum,
Hər dost sevgisində vəfanı seçdim.
Sənin həqiqətin cahandan böyük,
Hər xeyir doğuran yamandan böyük,
Ədalət – hayqııran gümandan böyük,
Məhəbbət önündə vəfanı seçdim.
Dişmı sıxaram, səbrə sığınnam,
Hər zülmə, cəfaya, cəbrə sığınnam,
Canımdan keçərəm, qəbrə sığınnam,
Yar olmaz əqldə vəfanı seçdim.
*
Səbəbsiz yarpaq titrəməz,
Gözündəki yaşını sil.
Dünyanın yükü çəkilməz,
Yarı qumdur, yarısı gil…
Sancısı çox olar, keçər,
Yapınıcısı çiyin bükər.
Yamaq vurar, keçə tikər,
Yarı sudur, yarısı lil…
Varından olan, olmayan,
Dolub, dolub boşalmayan,
Yerində sakit durmayan,
Yarı sözdür, yarısı dil…