Qapım üzünə açıqdır
Hansı ürəkdə azmısan,
Yol tapıb çıxa bilmirsən?
Bu tilsim necə tilsim ki,
Güc gəlib yıxa bilmirsən?
Bəlkə tor qurub hörümçək,
Sənin qismət pətəyinə?
Tanrı bilib yapışmısan,
Bir iblisin ətəyinə?
O səadət nədir məgər,
Bəxtimə yaza bilmirsən?
Nəs gördüyüm bir yuxunu,
İllərdir yoza bilmirsən…
Görmürsənmi məhəbbətim,
Yoluna düzülüb gəlir?
Göz yaşlarım muncuq kimi,
Gözümdən süzülüb gəlir.
Mənim pərvanə ürəyim,
Dərdi hardan qanır axı.
Harda eşitsəm adını,
Od, alovsuz yanır axı.
Onsuz özün də bilirsən,
Ruhum sənə alaçıqdır.
Nə vaxt dönsən mənə sarı,
Qapım üzünə açıqdır
SƏNƏ QAYITMAYACAM
Sən səadət əsrində doğan ulduzdun inan,
O ulduzu gözümdə böyütdü hər an zaman.
Məzlum baxışlarımın çevrildin həsrətinə,
Bu həsrətin ağrısı köksümdə çətin dinə.
Boşa verdim əlimlə neçə ilimi, boşa,
Daş qəlbində daş olub çıxa bilmədim başa.
Sən ömür yollarımda yoluma çıxan günah,
Bitirəcək bilirəm, ömrünü çəkdiyim ah.
Təkliyin qar əlləri üşüdəcək ruhunu,
Zülmətin bürüyəcək hər gördüyün yuxunu.
Sönən ümidlərimsə xəyalında yanacaq,
İxtiyarsız ürəyin hə an məni anacaq.
Gözündə parlayacaq, ruhunda sönəcəyəm,
Uzaqlarda görünən ilğima dönəcəyəm.
Yatıb qalan duyğunu bir də oyatmayacam,
Söz verirəm özümə, sənə qayıtmayacam.
DAHA GƏNC DEYİLİK
Daha gənc deyilik əvvəlki kimi,
Çöhrəmiz günəş tək sustalır, sönür
Gücümüz o deyil qıra tilsimi,
Ümidlər çırpınan bir quşa dönür.
Ürək döyünsə də yanıb odlanmır,
Arzu gözümüzdə yol çəkir ancaq.
Günlər uçub gedir, ömür şadlanmır,
Həftələr qayğılı, illər utancaq.
Könül evimizin qapısı bağlı,
Dumana qarışıb, çəndə itirik.
Əlləri qoynunda sinəsi dağlı
Hicran ucaldırıq, həsrət tikirik.
Baxırıq ötüşən xatirələrdən
Bələdçi oluruq görünməz izə.
Nə gücdən əsər var, nə də hünərdən,
Belə yaşamaqsa ar gəlir bizə.
***
Tanrının fərmanın heçə sayanlar…
Tanrı öz hökmündə yanıla bilməz.
Taleyin yazısın yazan qələmin
Qüdrəti tükənib,danıla bilməz.
Niyə kimliyini danırsan insan,
Təkəbbür de niyə içinə dolur
Nə yerə nə göyə sığırsan insan
Torpaqdan yaranan Allahmı olur.?
Aldığın nəfəsin qiymətini bil,
Hər nəfəs saçının sanı qədərdir
Qismətin açarı onun əlində
Artıq arzu etsən bil ki,hədərdir.
Səmanın altında, torpağın üstə
Yaşamaq özü də böyük hikmətdir.
Dünyanın hecliyin duyub ,anlasan,
Görərsən axirət əbədiyyətdir.