***
Hər kim sevirsə yarını divanələr kimi,
Məhşur olar məhəbbəti əfsanələr kimi.
Sevdayə düşdüyüm kimi ümmidi-vəsl ilən,
Yandım o şəmin hicrinə pərvanələr kimi.
Xar ilə məhrəm olmağı seçməkdir adətin,
Ey gül, yanaşmısan mənə biganələr kimi.
Bildim fəna imiş qoca dünya, bəqa olub
Seçdim həqiqi sevgini fərzanələr kimi.
Çıxdım təriqi-məscidi-viranədən yenə
Düşdüm şərab eşqinə məstanələr kimi.
Dünyadə xeyli mənzilə üz tutmuşam fəqət,
Zövqü, səfası olmadı meyxanələr kimi.
Aşiq bu dərdə, həsrətə, səbr eyləsin gərək,
Təbriz, məqami-eşqdə mərdanələr kimi.
***
Əflakı döndərər külə əfğanımız bizim.
Bitməz, tükənməz həsrətü hicranımız bizim.
Min gün fəğan eylərik ümmidi-vəsl ilən,
Bir gün nəzər salar bizə cananımız bizim.
Yarın qədəmlərinə düşər başımız bizim,
Yarın qədəmlərində çıxar canımız bizim.
Etmək bu qədri dərdə şikayət ədəb deyil,
Qorxum budur qəzəblənə Sultanımız bizim.
Cananə çatmağın yolunu kəşf qılmışıq,
Can oldu eydi-qürbdə qurbanımız bizim.
Tapsaq əgər ki, dərdə dəva dərdimiz budur,
Axırda, dərd olar yenə dərmanımız bizim.
Batində eyb gizlədər amma ki, çatdırar
Zahirdə zinətin gözə zindanımız bizim.
***
Təbriz, bu ömr getdi, yaz ustadımız kimi,
Tarixdə qaldı Dahi qəzəlxanımız bizim.
Əsdisə badi-səba yarı salar yadımıza,
Yar lütf eyləsə bir gün çatar imdadımıza.
Saf bir güzgü kimi hifz edib aləmdə onu,
Ləkkə biz salmamışıq namımıza, adımıza.
Atalardan-babalardan bu imarətlər ki,
Necə qalmış bizə, bizdən qalar övladımıza.
Qeys səhranı qoyub qaçdı, görüb eşqimizi,
Ey dilim, sus, deyəsən, getdi bizim badımıza.
Kim ki, bədbəxt edibdir bizi bu aləmdə,
O səadət gətirər bu dili-naşadımıza.
Baği-cənnət olar o huriliqa dildarım,
Lütf edib salsa nəzər xaneyi-bərbadımıza.
Əvvəl, icad edirik hər nəyi, ram eyləyirik,
Özümüz ram oluruq sonda öz icadımıza.
Dudi-dildir alan ağuşuna odlar yurdun,
Atəşi sevmək ilə çəkmişik əcdadımıza.
Canalan dilbəri sevmək bizim el adətidir,
Aşiqik ta əzəlindən bəri cəlladımıza.
Bir nəcibanə qəzəl söyləsən, əlbət, Təbriz,
Eşidən min kərə ”əhsən” deyər ustadımıza.
***
Könlümü şad etməyə gəlmişdi canan bir dəfə,
Qismət oldu, gördüm ol dildarı pünhan bir dəfə.
Qiymətin mən bilmədim, bildikdə canan gəlmədi,
Çərxi-kəcraftarı dövrün verdi imkan bir dəfə.
Qarşısında canımı qurban edərdim, ol nigar,
Lütf edib, ləli-ləbindən etsə ehsan bir dəfə.
Eşq rahın çox adam dərk eyləmir, eşqin özü
Qəm verir min bir dəfə, amma alır can bir dəfə.
Gər həqiqi aşiq isən, ey mənə rişxənd edən,
Mən təki pərvanə ol, şəm eşqinə yan bir dəfə.
Yarı Kəbəm bildiyimdən, həqqi düz zikr etmədim,
Səhvi yüz bir dəfə etdim, zikri doxsan bir dəfə.
Təbriz eşq uğrunda canın da tamam məhv eyləsə,
Sevdiyi canan deməz əfsus ona “can” bir dəfə.
Quliyev Təbriz Pərviz oğlu (Təbriz Hüseyni) 28.11.1998-ci ildə Masallı rayonunda dünyaya gəlmişdir. Hal-hazırda Masallı rayonunda yaşayır. ”Ümidim sənsən” adlı bir kitabın müəllifidir.