DAĞLARA- DAĞLARA
Könlüm intizarla baxır,
Üzü dağlara, dağlara.
Aparır dəli həsrətin,
İzi dağlara, dağlara.
Güllü, çiçəkli çəmənzar,
Hicrandan ağlayır zar-zar.
Çağırır dağ başında qar,
Bizi dağlara, dağlara.
Yal-yamacdan quzu səsi,
Gəlmirsə, yoxdur nəşəsi.
Hüzur verər mələşməsi,
Düzü dağlara, dağlara.
Yurd eşqi yandırıb yaxır,
Sinəm üstdə şimşək çaxır.
Əriyib könlümün axır,
Buzu dağlara, dağlara.
Ruhuna bu dünya dardı,
Həsrət ürəyini yordu.
Arzunun yenə də vardı,
Sözü dağlara, dağlara.
QIŞ KÖNLÜMƏ
Yenə bahar gəlib bu qış könlümə,
İncə duyğularım ətirlənibdi.
Bahar nəfəsilə yaşıl çəməndə,
Əlvan gül-çiçəklər çətirlənibdi.
Yaz nəfəsi dolub ayaz könlümə,
Üfüqdən boylanır nazənin günəş.
Bu susmaz ruhuma,bəyaz könlümə,
Sevinci, gülüşü o eyləyir bəxş.
Gecənin dan yeri ninni söyləyir,
Ruhumun yuxusu tökülür gözdən.
Qızıl şəfəqləri himni söyləyir,
Ürək ilham alır şeirdən, sözdən.
Arzular cücərib pöhrələyirlər,
Yatmış xatirələr yenə gül açır.
Çevrilib al-əlvan kəpənəklərə,
Xəyalım çiçəkdən çiçəyə uçur.
Bir bağban olmuşam könül bağımda,
Hər bitən fidandan bəhər istərəm.
Qələmim güc alır könül səsimdən,
Gül-çiçək ətirli bahar istərəm.
DƏRDİN EVİ
Bilmirəm, bu dünyaya,
Mən nə üçün gəlmişəm.
Bilmirəm heç ürəkdən,
Sevinmişəm, gülmüşəm.
Allah, gözündən iraq,
Dinclik vermir dərd, acı.
Bir azca səadətdir,
Ruhumun ehtiyacı.
Hələ dərdin dərdi də,
Axtarıb tapır məni.
Yığıb qohum-qardaşın,
Yuva edib sinəmi.
Elə basıb bağrına,
Sanki can parçasıyam.
Xəbərim yoxdur, bəlkə,
Əzizi, doğmasıyam?
Varmı belə məhəbbət,
Bu qədər ülvi olsun.
Anam məni doğub ki,
Dərdin də evi olsun.
MƏNİM DUYĞULARIM
Mənim duyğuların incə, zərifdi,
Ona toxunmağa qıymasın külək.
Sevdam mülayimdi, eşqim xəfifdi,
Gəl də gecə-gündüz sən nazını çək.
Hər sevən ürəyin var öz nəğməsi,
Şirin kəlmələri, həzin bəstəsi.
Ruhuna səslənən ruhumun səsi,
Birazca titrəkdi, birazca kövrək.
Baharı gözləyən körpə quş kimi,
Yaza aşiq olan qaranquş kimi,
Dəli rüzgarlardan qurtuluş kimi,
Sənə qovuşmağa tələsir ürək.
BİR DƏ DARIXMAĞA QOYMARAM SƏNİ
Düşüb ayrılığın közü sinəmə,
Oğulsan bu dərdə yanıb göynəmə
Gözümün yaşıyla yazıram namə,
Dön gəl,viran olub ömrün gülşəni,
Bir də darıxmağa qoymaram səni.
Dağları aşaram, çaylar keçərəm,
Yenə taleyimə səni seçərəm.
Bütün varlığımla sənə köçərəm,
Özündən xəbərsiz sevərsən məni,
Bir də darıxmağa qoymaram səni.
Səndən uzaqlarda heç gülməz üzüm,
Ürəyim yas tutar, qan ağlar gözüm.
Gəl, eşqə bələnsin hər kəlməm sözüm,
Unudaq keçmişi, olub keçəni,
Bir də darıxmağa qoymaram səni.
Bizim aramızda olmasın umu,
Dağıdar gözümdən şirin yuxumu.
Dolayım boynuna hər gün qolumu
Sən də sil qəlbindən qəzəbi, kini,
Bir də darıxmağa qoymaram səni.
Qurtaraq həsrətin acı dilindən,
Köz eşək bu eşqin sönən külündən,
Hicranın, möhnətin alıb əlindən,
Yenidən yaşayaq bu hekayəni,
Bir də darıxmağa qoymaram səni.
Arzu, gəl axtarma daha günahkar,
Yetər, çox çəkmişik, həsrət,intizar.
Ayrılsaq, ruhumuz edər intihar,
Allah bağışlamır belə öləni,
Bir də darıxmağa qoymaram səni.
RUHUMUN HESABATI
Şeriyyat bağında tapdım özümü,
Geyib ayağıma zərif dübəndi.
Hər misra üstündə əsdikcə əlim,
Könlüm orda tapır dincliyi, bəndi.
Qoşma ürəyimin qəmli nəğməsi,
Qələm varaqlarda öz atın çapır.
Gəraylı ruhumun söz xəzinəsi,
Orda tənhalığım rahatlıq tapır.
Kəlmələr ürəkdən axır su kimi,
Könül duyğularım həzin bayatı.
İlahi göylərdən süzülüb gələn,
Hər şeir ruhumun bir hesabatı.
Arzu Tahirqızı