.....

.....

Nigar Arifin şeirləri

Nigar Arifin şeirləri

EŞQ

Xəyallar elə də uzaqda deyil,
Ümidlər başımı sığallayanda.
Ürək yerindədi, ürək rahatdı,
Qayğınla eşqimi yırğalayanda.

Biraz ərköyündür, biraz dəcəldir
Nə məni dinləyər, nə də ki səni
Ağlımın topuğu məhəbbətimdi
Cırnatsan incimə, qatar aləmi.

Bu hisslər ruhuma dostdur, tanışdır
Deyərdim ömrümə şərikdir hətta
Neyləyək olsa da dərdi, əzabı
Sevgidir insana qol da , qanad da.

Xəyallar elə də uzaqda deyil,
Ümidlər başımı sığallayanda.
Ürək yerindədi, ürək rahatdı
Qayğınla eşqimi yırğalayanda.

ÜRƏYİMDƏN KEÇƏNLƏR

Ürəyimdən keçəni
Tutub saxlaya bilsəm,
Bir az vaxtını alsam,
Bir az ləngidə bilsəm…
Bu gün elə burdaca,
Oturub bu küçədə,
Köhnə vərdişlərimi,
Bir-bir dindirə bilsəm…
Qədəh-qədəh şərabla
doyunca məzələnsəm,
Fikrimdə eşələnsəm.
Balaca itim olsa,
Hürsə dözdüklərimə,
Ya nə bilim, bir pişik
Cırmaq atsa əlimi
çoxdan üzdüklərimə…
İllər geri qayıtsa,
Yuxulu dünənlərə
çatıb-çatıb oyatsa…
Sən yenə mənim olsan,
Sevgi oyunlarında
mən yenə cığal olsam,
Sözümüz tərs düşəndə,
sənin dediyin kimi,
yenə də “süddən çıxan
ağappaq qaşıq” olsam…
Bir azca cavan olsam,
Bir azca uşaq olsam…

XOŞUMA GƏLMİR

Mən axı neynirəm o sevgini ki,
Yamaxlı corabla yırtıq şarf kimi,
İsidir, amma ki, xoşuma gəlmir…


Hisslər oxunmursa dodaqlarında,
Alışıb yanmırsa yanaqlarında,
Sevgini eşitsəm qulaqlarımla,
Bəsimdir? Amma ki, xoşuma gəlmir…


Əllərim əsməsə, dilim çaşmasa,
Ürək dayanmasa, ürək coşmasa,
Neynirəm, təpədən, dağdan aşmasa,
Çox da ki, desinlər eşqin özüdür,
Özüdür, amma ki, xoşuma gəlmir…

GÖRÜŞƏNƏDƏK

Bundan belə yaddaşım da evdarlaşır dəyəsən,
Ağlımdan atmağa çalışır
çiynimdəki yükləri,
Hərdən qollarını çırmalayıb
lap elə anam kimi
o da yumaq istəyir
gözlərimdə haçandır qaralmış örtükləri,
köhnə düşüncələri,
hiss basmış fikirləri…
Yorulmaz bir həvəslə,
Açıb tökür hər dəfə
beynimin içindəki,
bütün siyirtmələri…
Uşaqca xatirələr qaçır o yan-buyana,
Biraz səs-küy, biraz da keçmiş çağlarımdaki
su verib bəslədiyim,
nərgiz, yonca, qızılgül,
bənövşə ətirləri,
nənəmin əlləri tək
oxşayır tellərimi…
Eh… əcəb günlərim idi…
Hava soyudu dəyən,
Nəsə üşüdüm birdən,
Kim açıb pəncərəni?
Ya da, bəlkə, nə bilim,
Ürəyimdə illərin əsir həsrət yelləri…
Olsun… əşi onsuzda
artıq payız fəslidir,
Belə kövrək aylarda
evimin dizlərində
ağlamaq da gözəldir.
Yəqin babam yanımda olsa,
indi deyərdi:
“Nolub, qanın qaradır?
Hər şey gəldi-gedərdi”,
sonra gülümsəyərdi…
Amma bilməzdi dərdim
elə heç olmayanlar,
yox olan və gedəndir…
Yerdə qalan nə varsa,
Bugün alınmasa da,
Bilirəm ki, haçansa,
Yəqin ki, düzələndi…
Nə vaxtsa düzələndi…
O vaxt görüşənədək…

SƏNİ ATMARAM

Mənim arzularım körpədir hələ,
Qaranlıq yollardan başları çıxmır.
Onların bildiyi saf duyğulardır,
Qorxular hələki evimi yıxmır.

Əlimdə nə varsa dilimdə odur
Gözümdə aynalar yalan söyləməz
Vicdanım gecələr düşüb dalınca,
Tutduğum əməli fikir eyləməz.

Demirəm asandır, demirəm çətin,
Xəyalım yıxılsa gülənlər çoxdur.
Bütün addımlarım sevgidən doğur,
Nifrətə, möhnətə yerim də yoxdur.

Mən yağış adamam, külək adamam.
Odda da yanmaram, suda batmaram.
Əzizim, bu dünya düşsə gözümdən,
Qəlbimdə saxlaram, səni atmaram…

Website |  + posts