.....

.....

QADIN – Sən ki yaranışdan dağ vüqarlısan – Günəş Məmmədli

QADIN – Sən ki yaranışdan dağ vüqarlısan – Günəş Məmmədli

QADIN – Sən ki yaranışdan dağ vüqarlısan

Titrəyən barmaqlar yazmaqdan qorxur,
Hönkürə-hönkürə ağlayan qadın.
Yaranı incidib, cızmaqdan qorxur,
Qəlbini eşq ilə dağlayan qadın.

Nə qədər məğrursan, o qədər inad,
Gözünün yaşını görməz özgə, yad.
Dünyaya gələrkən verilən bu ad
Olmadı ömründə parlayan, qadın!

Üzünə nur saçan Günəşin oldu,
Ömrün xəzan kimi saralıb-soldu.
Buludlar gözündə hər zaman doldu,
Leysanlar içində çağlayan qadın.

Sandılar tükənməz gücün, qüdrətin,
İçində çöküşü var həqiqətin.
Güclü görünməyə bezdi taqətin,
Zərif duyğuları saxlayan qadın.

Sən ki yaranışdan dağ vüqarlısan,
Bahar çiçəyisən, qəlbi varlısan.
Səni duymayana buzlu-qarlısan,
Qəlbini tək ona bağlayan qadın!

KÜSMƏRƏM SƏNƏ

Dünyamın içində gizli dünyasan,
Sənə duyduqlarım ilk və son oldu.
Mavi Xəzərimdə əks olan Aysan,
Bircə bu sevgidən ruha eşq doldu.

Səninlə yaşanan təmiz duyğular
İndi ürəyimdə səssizcə ağlar.
Qəlbimin qapısın bu eşq bərk bağlar,
Səndən özgələrə keçilməz yoldur.

Tərk edib getsən də, küsmərəm sənə,
Bu ali sevgini bəxş etdin mənə.
Sarsılmaz duyğular döndü güvənə,
Sədaqət qəlbimdə ümmandır, boldur.

Yaşayar qəlbimdə gizli məhəbbət,
Çəkərəm bir ömür səssiczə həsrət.
Qoymaram, qəlbimdə yer etsin nifrət,
Sənin üçün vuran ürəkdir, soldur.

SƏNİNLƏ BİTDİ

Mən artıq özümə dilək tutmuram,
Ən xoş diləklərim sənə aiddir.
Uzun gecələri rahat yatmıram,
Bütün rahatlığım səninlə gettdi.

Sənə arzularım dəniztək ümman,
Gələcəyim üçün yoxdur ki, güman.
Mən sənə dönmüşəm, bax zaman-zaman,
Yaşadığım sevinc səninlə bitdi.

Dünyam şərq qarışan zülmət kimidir,
Sənsizlik ölümdür, zillət kimidir.
Həsrətin qəlbimdə illət kimidir,
Bütün sağlamlığım bu dərdlə itdi.

BACI

Çətinə düşəndə, dara düşəndə
Əlini uzadan mələkdir bacı.
Xoşbəxtlik ötürür hər görüşəndə,
Səninçün döyünən ürəkdir bacı!

Qəlbini açmağa ən yaxın kəsin,
Anadan sonrakı, ana əvəzin.
Sevgisi hər zaman olacaq bəsin,
Yıxılsan, tutacaq dirəkdir bacı.

Demədən anlayar dərdini sənin,
Səsindən hiss edər vardır bir qəmin.
Həm kədərli dəmin, həm xoşbəxt dəmin
Yanında olmağa gərəkdir bacı.

Gülüşü üzünə nur çiləyəndir,
Duası xoş ömür-gün diləyəndir.
Dar gündə qapını ilk o döyəndir,
Hər zaman arxadır, köməkdir bacı.

MƏN BU EŞQİ YAŞAMAQDAN QORXMADIM

Bilirsənmi, ən çox nəyə üzgünəm?
Bircə kərə gözlərinə baxmadım.
Bu dünyaya gəlişimə küskunəm,
Axı niyə ürəyinə axmadım?!

İlk olmuşdun, son olaraq qalarsan,
Bircə dəfə heç yadına salarsan?
Sən mənimçün bir gülüstan olarsan,
Günəş olub o bağçanı yaxmadım.

Düşüncəmin özəyisən, özüsən,
“Şeir” adlı xəzinəmin sözüsən.
Yalnış olan duyğuların düzüsən,
Mən bu eşqi yaşamaqdan qorxmadım.

Nə peşmanam, nə acizəm, nə yadam,
Uzaq düşən xəyalımsan, ey adam!
Düşünməzdim, bir belə eşqi dadam,
Varlığınçün var olmuşam,
Sanma ki, darıxmadım.

Darıxıram, məsafələr sanılmaz,
Sənin üçün darıxmalar danılmaz.
Ürəyimdə özgə adlar anılmaz,
Mən adından bir addım karıxmadım.

Günəş Məmmədli

Website |  + posts