.....

.....

“Gedirəm…tanrının dilin öyrənəm” – Elçin Məmmədov

“Gedirəm…tanrının dilin öyrənəm” – Elçin Məmmədov

***

Burda da gedən ancaq
ömürdü,
Saat durur yerində,
Dəmirdi.

İçindən böyük oldun,
Nə işdi?
Qocaldı ilk sevgilər,
Dəyişdik.

Böyüdü içimizdə
uşaqlar,
Səni də oğurladı
uzaqlar.

Gedişin ölüm kimi,
Nə sirli…
Qayıt, bir bax ayağın
gəlirmi?

Sən gedəndən qırılıb,
Üç ildi
daha pəncərəm gözdən
əlildi.

Tullama saçlarını
kəsəndə,
Ver küləyə gətirsin
əsəndə.

Bəlkə yanağım nəmi
unutsun,
Qoyum gözümün üstə,
qurutsun.

Ətrini də duymuram
nə vaxtdır,
Etmə, zalım balası,
günahdır.

Səni də üşüdürmü?
Yağışlar.
Alnına yol çəkibmi?
Qırışlar.

Boylanırsan yollara?
Hər sabah.
Guya ki, darıxırsan?
…sən allah…

Kölgəni də unutmuş
dalanlar,
Ağlama, görən olar
yalandan.

Ayrılıq bir ömürlük
sükutdur,
Demişdin unutmaram,
Unutdun.

***

Yollar da eyni deyil,
Gah əyri, gah düz gedir.
Özünü yorma, atam,
Gedənlər bu dünyadan
Onsuz xəbərsiz gedir.

Ən yaxşı əcəl səpir
Ayrılığın toxumun.
Nə fərqi hansı yaşda?
Onsuz da hamı üçün
Eyni kitab oxunur.

Tabuta qoyulanın
Bir də nəfəsi gəlmir,
Qulağını tutma e,
Bədəndən çıxan ruhun
Bir daha səsi gəlmir.

Ruh, bədən ayrıdırsa
Tək xatirə qalıqdır.
Damla yarpaqdan düşə,
Yarpaq budaqdan düşə,
Fərqi nədir, sonucda
Yenə də ayrılıqdır.

Ya cənnət, ya cəhənnəm,
Elə böyük deyillər.
Sən də çox fikir etmə,
Bu dünyadan gedənlər
Dünyaya yük deyillər.

***

İlahi, saymısanmı heç?
Bu neçənci daxmadır ki,
Bu payızdan tək çıxacaq.
Bu neçənci gecədir ki,
Sabaha
bir adam əskik çıxacaq.

Bir ruh sivrilib çıxacaq,
Bir bədən və bir ömür arasından.
Qoca,idbar ölüm gəlib,
və düşünmədən asacaq
Kimisə öz əsasından.

Sırasını gözləmədə,
Bir ulduz da axmaq üçün
Yerində keşik çəkəcək.
Bu gedişin aclığını
Evdə üç adam çəkəcək,
Çöldə bir pişik çəkəcək.

Bir çətir az açılacaq
bu payız buludun altında.
Neçə üsyan qalxacaq e…
Ki, tanrıya,
Bu boz sükutun altından.
Bir çiyin əskik gələcək
Gedən tabutun altında.

Bu ölüm deyil,
Mən belə ölmərəm, ölmərəm.
Ağlama,
Gedirəm…tanrının dilin öyrənəm.

Elçin Məmmədov

Website |  + posts