Ürək Yerində Vətən
Milli Qəhrəman Mübariz ibrahimov.
Bəzi ömürlər var ki, bitdiyi yerdən bir millətin tarixi başlayır. Mübariz İbrahimovun ömrü də məhz belə bir başlanğıcdır. O, təkcə səngəri keçmədi; o, bir xalqın taleyindəki sükutu və illərlə yığılmış kədəri də yarıb keçdi.
Mübariz qorxunu tanımadı, çünki qorxu onun içində yer tapa bilmədi. Onun sinəsində ürək yox, Vətən danışırdı. O döyüntülər bir əsgərin nəbzi deyil, bütöv bir məmləkətin azadlıq təşnəsi idi. O, bu döyüşə ölümü ömürdən üstün tutan yenilməz ruhu və şəhadət eşqi ilə çıxmışdı.
Sükutun Parçalandığı Gecə
Sükuta girəndə gecə, bir əsgər çıxdı ortaya və tarix ilk dəfə tək bir nəfərin millət boyda ola bildiyini gördü. Bir gecənin qaranlığını yarıb keçdi, sükutu güllə ilə deyil, polad iradəsi ilə parçaladı. O gecə torpaq yenidən nəfəs aldı, illərdir susan sərhəd danışdı. Mübarizin hər addımı işğal altındakı torpaqlara bir canlanma, düşmən bağrına isə əbədi bir xof saldı.
Əbədiyyət Doğumu
Bu gün Mübarizin doğum günüdür. Amma bu, fani bir təvəllüd deyil, bir milli oyanışın təqvimidir. O, hər il fevralın 7-si yenidən doğulur — hər bir əsgərin məğrur baxışında, hər bir körpənin ilk “Vətən” kəlməsində və Şuşada dalğalanan o müqəddəs bayrağın hər bir qatında.
Mübariz İbrahimov bir əfsanə deyil, o, bizim gerçəkliyimiz, mənliyimiz və heç vaxt sönməyəcək olan qeyrət məşəlimizdir.
Ruhun şad olsun, Millətin Mübariz oğlu!
Müəllif: Aynurə İnci