.....

.....

İlham Tumasa – Cavid Fərzəli

İlham Tumasa – Cavid Fərzəli

İlham Tumasa

​Qəfil bir zəng gələr…
Barmaqlarının dili tutulanda,
Hirsinin dodaqlarını buz kəsəndə
Əllərini göy üzünə təslim edərsən.

​Qəfil bir zəngdən asılar milyon payızın yarpağı,
Dizlərin əllərindən küsər.
Ləpirinə lənət oxuduğun işıqlar,
Asılar yetim küçələrin çiynindən;
Kor bir gözün qaranlığı ağlayar üstünə!

​Telefon xəttində,
Bir ata oğlunu sevdiyini qışqırar səngərin qulağına!

​Dəstəkdə,
Döyüş dostunu itirmiş bir kişinin səsi titrəyər.
Divarların boğazında düyünlənər sözün,
Qulağı batar qırmızı axşamın…

​Çölün soyuğundan qolları salxar pəncərəm,
Küçələrin sərsəri əyləncəsindən dönər başım.

​Köhnə bir kağızda, bomboz gecədə
Ayağını suya sallayır ay işığı,
Dupduru aynaların xəyanətindən şəkillərimiz sərxoş olur.
Boğaza yığılmış intihar ipində:
Eyni pəncərədə,
Eyni küçədə,
Əllərimizin öldüyünü eşidirəm…

Cavid Fərzəli

Website |  + posts