.....

.....

Kür kimi coşqun , Araztək məhzun –   Məhrux  Dövlətzadə

Kür kimi coşqun , Araztək məhzun –   Məhrux  Dövlətzadə

Kür kimi coşqun , Araztək məhzun

Yəqin ki, yaradıcı insanların ömür yolları qeyrilərindən bir qədər fərqli olmasaydı, güclü təbə malik olmazdılar. Elə söz sərrafları var ki, onların şəxsi həyatlarının xüsusi incə məqamları həmin sənətkarların həssas nöqtələrini özündə ehtiva edir.

          Ədəbi ictimaiyyətdə daha çox ata-baba yurdu olan Qərbi Azərbaycanmövzusundan və Qarabağ müharibəsindən bəhs edən əsərləri ilə tanınan, 15 kitabın, 100-ə yaxın mahnının sözlərinin müəllifi, çağdaş poeziyamızın görkəmli nümayəndələrindən olan Nəsibə İsrafilqızı milli təəssübkeşliyi ilə seçilən sənət adamıdır. Onun “ Gözüm qaldı Ağrı dağda” şeirlər kitabı və “Vurğuna” şeiri ilə başlayan poeziya yolçuluğu  bu  günlərə qədər uğurlu  bir  məsafə qət edib.

    Nəsibə xanımın yaradıcılığında  fərqli mövzu sferaları qəribə bir tərzdə cəmləşir və bədii-estetik tərəfi ilə şairin ürək çırpıntıları kimi ifadəsini tapır. O, şeirlərində daxili dünyasını — sevincini, kədərini, təlatümünü, Tanrıya pənahını, müharibədən qalan izləri və qadın qəlbinin mürəkkəb psixologiyasını yığcam, aydın və səmimi ifadə tərzi ilə təqdim edir. Müəllifin duyğulara köklənən poetikdili oxucunu bir anda həm özünə çəkir, həm də düşündürür.

    Nəsibə  İsrafilqızının şeirləri kökünü, mayasını  xalqdan,  gücünü  eldən-obadan,  torpaqdan  aldığına  görə  qüdrətli  və  əzəmətlidir. Bu  yaxınlarda böyük  əks-səda doğuran, qədim  Oğuz  yurdlarının  ərşə dayanan  hay-harayını yanıqlı bir  ney  səsinə  döndərib  qəlbimizi  köz-köz  edib  yandıran, ruhumuzu  bir  yay  kimi  tarım çəkən,   musiqi ilə  vəhdətində  qəlblərdə böyük  Turanın yellərini  əsdirən “Türksoy” şeirinin ardınca yazdığı “Qoşa hörük-Kürüm, Arazım”  şeiri də  oxucunu  riqqətə  gətirir, şairin  uğurlu tapıntısı kimi diqqəti cəlb edir. Şeirin ilk oxusundan bu  misraların ovqatına bürünürsən. Dünyanın gərdişinin  neçə minillikaxarında  vaxtın içindən süzülərək yaranan şeir belə başlayır:

                              Mələklər əl çəkibdi yurdumun torpağına, 

                              Bağçasına, bağına, dərəsinə, dağına.

                              Sinəsinə bəzəyi Tanrı özü veribdi,

                    Saçlarını oxşayıb, qoşa hörük hörübdü.

Bu misralarda həyatımızın ahəngi, insanın təbiətlə, təbiətin insanla birgəliyi və vəhdəti bədii mətnin nüvəsində hərəkətdədir. Burada insanın ucalığı təbiətin ucalığı ilə  qoşalaşır və  şeirin estetik qayəsini özündə təcəssüm  etdirir.

       Təbiət – Vətən- İnsan harmoniyası Nəsibə İsrafilqızının  poeziyasında bütövvarlıq kimi bir-birinə qarışmış, çulğaşmış formada təzahür edir və onun şeiriyyətinin  məzmununu təyin edir. Şair oxucusunu inandırır ki, sənətin məqsədi varlıqların zahiri görünüşünü deyil, daxili əhəmiyyətini təmsil etməkdir. Bu baxımdan mənəvi borcu bilib ömrün mənasına çevirdiyi vətəndaşlıq  amalı onun qələminin daxili qatını təşkil edən maddə kimi əhəmiyyət daşıyır.

         Vətən  mövzusu  qəlbi  qübarlı  Araz  kimi  şairənin  ürəyinin  başından  yol  salıb. Genetik yaddaşdan axıb gələn , irsən ulu nənə-babalardan keçənvətənpərvərlik hissləri şairənin lirik mənində  dinamikləşir  və həzin bir şəkildə dilaçır. Müdriklərimizin yolunu seçən Nəsibə xanım öz yaradıcılığında yalnızdərdimizi dilə gətirməklə, ifadə etməklə kifayətlənmir, o, bu dərdləri yaşaya-yaşaya, qəlbində bəsləyə-bəsləyə doğmalaşdırır, qanından, canından keçiribmüqəddəsləşdirir, vətənin qeyrətli insanlarının   yenilməz obrazını yaradır:

                                       Birinə Kür deyibdi, Xəzərimdi yatağı,

                                       Nuruyla şəfəqlənir Azərbaycan torpağı.

                                       Bizə salam gətirir, türkün ərənlərindən,

                                       Borçalının qəhrəman sinə gərənlərindən.

         Lirik əsərlərdə yenilik ruhu o vaxt diqqət kəsb edir ki, orada həyati müşahidəbədii materialın, poetik obyektin yeni cizgilərinə, görünməmiş tərəflərinə nüfuzetmiş olur.  Bu  sətirlərdə bir ruhun ümid axtarışı, bir ulusun yaddaşı danışır. Bu bir ovqat gündəliyi, ömür tərcümanlığıdır. Oxuduqca tanıyırsan, tanıdıqcadüşünürsən, düşündükcə yaxınlaşırsan və dinləyirsən ,  dinlədikcə… öz səsinieşidirsən. … Kür kimi coşqun, Araztək məhzun, susqun bu  səslə sən də  Araz boyu hərəkət edir, Təbrizə boylanırsan. Diləyi, arzusu Zəngəzura dirənib dastana dönən şairin  Kürlə Arazın qovuşağında bütöv Azərbaycan arzuları  sular kimi  çağlayır. Arazın mənəvi, coğrafı taleyinə düşən  dərdini ürəyinə yük edən şairənin qələmi   Azərbaycanın tərcümeyi-halına çevrilir:

                               Qoşa hörüklərimdən biri isə Arazdı,

                               Tale onun adına ayrılıq hökmü yazdı.

                               Dərdlər qalaq qalaqdı, onun can otağında

                               Ruhu pərvaz eyləyir Xəzərin qucağında.

     Vətənin taleyi ömrümüzə çöküb, ruhumuza köçüb. Ayrılıq da sevdaya daxildirsə, onda ayrılıq möhnətini də vüsalı  qədər qəlbimizdə  daşımalıyıq. Şair yeni  gələn  nəsillərə  yaddaşımızın  yaralı  səhifələrini  vərəq-vərəq  çevirib  tarixdən   ibrət   götürməyə,   ruhumuzu   qılınc  kimi  həmişə  ovxarda saxlamağa çağırır. Dərd təzə qalmazsa, əlacı tapılmaz:

                                 Bəzən onun adına Ağrı çayı deyirlər,

                                Ayrılığın çəpəri, həsrət payı deyirlər.

                                Çox yarıbdı köksünü qanlı, qadalı illər,

                                Məftillərdən boylanır həsrət qoxulu güllər.

Bu sətirlər şeir yazmaq , söz qoşmaq xatirinə  yazılmayıb. Bu sətirlərdə həyatın, reallığın, çəkilən əzab-əziyyətlərin, ağrıların, milyonların sağalmaz yaralarınaçevrilən dərdlərin, bəlaların, müsibətlərin ifadəsi var. Nəsibə  İsrafilqızınınduyğulara köklənən poetik dili dərdimizdən mayalandığı, ağrı-acıları, həsrətimizireal boyalarla əks etdirdiyi üçün insanı düşündürür, düşündürməklə bərabərtariximizi araşdırıb nəticə çıxarmağa vadar edir,

Onun misralarında həm vətən  sevginin nikbinliyi, həm də həsrətin səssizfəryadı var. Tikanlı məftillər bağrımıza saplansa da, şair “Qoşa hörük-Kürüm, Arazım”   şeirində Arazla Kürün   suqovuşanında vüsalın simfoniyasını yaradır. Bu  isə  şair qəlbinin ümid qığılcımlarının   şölələridir:  

                            Kürü bağrına basır, çağlayanda, coşanda,

                            Sarmaşıqtək sarılır, öpür Suqovuşanda.

                            Tanrıdan nemət onlar, hopub torpağa, cana,

                            Nə gözəl yaraşırlar yurdum Azərbaycana 

                            Hörüktək yaraşırlar bizim  Azərbaycana!

           Bu şeir böyük bir mənəvi coğrafiyanın öz nəfəsini bərpa etməsi, ruhigücünü toparlaması kimi səslənir. Oxucu  şairlə ortaq dilin, ortaq tarixin varisi olduğu üçün onunla  eyni düşüncə kodlarının  da daşıyıcısı olaraq bu şeirdən çoxmətləblər anlayır, poetik sözdə əks olunan tarixi mənzərəni təsəvvürə gətirə bilir.Hər misrasında ilmə-ilmə, addım-addım Arazın, Kürün  sahilində gəzən  şair hiss və həyəcanların, duyğu və düşüncələrin assosiativ təsəvvür gücü ilə  şeirinin ideyamövqeyini   möhkəmləndirir. Şeirin sətirlərində həsrət körpülərini dağıdıb vətənin  Şimalından Cənubuna ümid körpüsü salan Nəsibə İsrafilqızı   bir zamanlar ustad Şəhriyarın etdiyi kimi qələmində Azərbaycanı birləşdirir, Arazın sularıtək titrəyən qəlbinin mətləbini- canının sözünü, sözünün də canının deyir.

     Məhrux  Dövlətzadə
Filologiya üzrə  fəlsəfə  doktoru
ADPU-nun müəllimi

                                                                      

Website |  + posts