.....

.....

Səssiz qəhrəmanın Qarabağdan Qarabağlara zəfər sədası – Rəqsanə Tapdıqlı

Səssiz qəhrəmanın Qarabağdan Qarabağlara zəfər sədası – Rəqsanə Tapdıqlı



Təbiidir ki, hər bir insan bu dünyaya öz taleyi ilə birgə addım atır, birgə doğulur. Zaman – zaman böyüdükcə təfəkkürün formalaşması bəzən taleyi dəyişə bilirmiş. Amma yaxşı mənada, inkişaf edərək, səy göstərərək, doğulduğun torpağın, içində dolaşdığın və qəlbində məhəbbət bəslədiyin elin dəyərini anlayaraq, iradənin və ədalətin gücü ilə.

Vətənə bağlılıq, aşırı dərəcədə vətənsevərlik hissiyatı olan, hətta deyərdim ki, iradəsi güclü olan insanlarda özünü daha qabarıq şəkildə büruza verir. Çünki sadaladığım xüsusiyyətlərin olmadığı insanda nə etibar, nə də ki, etiqad ola bilməz!
İradənin gücü isə mənəviyyata bağlıdır. Bəli bu yüksək keyfiyyətlərin hər biri qəhrəman qazimiz, mənəvi cəhətdən zəngin olan Zeynalov Təbrizdə cəmlənib. Qeyrəti, Vətəni sevdiyindən, Vətən sevgisi isə doğulub böyüdüyü ailəsindən qaynaqlanan vətənpərvər qəhrəmanımız həm “Aprel döyüşlərində, həm Günnüt əməliyyatında, həm də 2020-ci ilin 27 sentyabrında əks hücum əmri ilə başlanan 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak edib.
Xüsusi təyinatlı (XTQ) qüvvələrdə uzun müddətli və ən çətin təlimlərdən öyrəndiyi döyüş qaydalarını bu döyüşlərdə məharətlə istifadə edərək hərb tarixinə yazılan qələbəmizin qaliblərindən olub.
Hər dəfə təlimlərə qatılanda harada olmağına baxmayaraq zəng edib anasının xeyir-duasını istəyib. Elə anasının arzusu ilə Hərbi liseyə qəbul olmuşdu. Odur ki, İffətli, ismətli, eyni zamanda mərd və dəyanətli ana ürəkdən dua edərək;
–”Get oğul! Vətəni sənə, səni isə Allaha əmanət edirəm! Sağ-salamat ol, oğlum!” –deyərək oğluna ruh yüksəkliyi verirdi.
Zeynalov Təbriz oğlunun adını Ümid qoymuşdu. Kim bilir, bəlkə elə ümidlə doğulan Ümid bala xoş bir nemət kimi Tanrıdan o ailəyə bəxş olunmuşdu. Arzu edirəm ki, Ümid balamız da atası kimi qorxmaz və cəsarətli olsun!
Təbriz qardaşım bütün döyüşlərdə əzmlə vuruşub. Özünün adlandırdığı kimi Xüsusi Təyinatlı olaraq “Səssiz qəhrəman”ımız öhdəsinə düşən vəzifəsini layiqincə icra edərək öz əsgərlərinin qeydinə qalırdı. Şəhid olmuş yoldaşlarından danışarkən hüznlənən qazi qardaşımın həmin hadisələrin üzərindən beş il ötməsinə baxmayaraq, sanki o anları xatırladıqca narahat hisslər keçirirdiyinin fərqinə vardım.
Aprel döyüşlərində ən yaxın və bütün təlimlərdə birgə iştirak etmiş döyüş yoldaşını, Müstəcərov Orxanı itirməyinin acısını yaşayan Təbrizin şəhidlik xəbəri qardaşlarına çatmışdı. Qardaşları onunla maraqlanmışdılar. Onlara da deyilib ki, Təbriz adlı bir döyüşçü yaralanıb və şəhid olub.
Bütün bunlardan xəbərsiz olan Təbriz, elə olur ki, həmin günün sonunda anasına zəng edib. Gözlərindən sevinc yaşı axan ana qulaqlarına inanmamışdı. Oğlu sağ-salamat onunla telefonla danışırdı.
O, hər döyüşə gedəndə anasına “Əgər şəhid olsam qürur duy!” Yox əgər sağ qayıtsam şükr et ki, ailəmin, övladlarımın yanına salamat qayıtmışam” kimi fikirlər söyləyirdi.
Təbriz, özü çətin döyüşlərdə vuruşsa da, ölümlə üz-üzə dayansa da, bir ana qəlbinə bu cür fikirlərlə təskinlik verməyə çalışırdı. Çünki o, bir döyüşçü olaraq bilirdi ki, nə qədər ki, torpaqlarımız işğal altındadır demək müharibə bitməyib. Nə vaxtsa bu döyüş olmalı və hələ də unuda bilmədiyi yaşadığı müddətdə xatirəsini əziz tutduğu yoldaşlarının qisasını alacağını ümidlə gözləyirdi və buna inanırdı. Bu hisslər Təbrizi çox narahat edirdi.
Təbii haldır, axı onun əsgərləri, döyüş yoldaşları gözlərinin önündə şəhid olmuşdu. Çünki düşmən qorxaq olsa da, hiyləgər idi. Döyüşü müharibə qaydalarına uymayan bir şəkildə aparırdılar. Yenə də məğlub olurdular.
Təbriz Şuşa uğrunda gedən döyüşlərdə ətrafı nəzərdən keçirib yoldaşlarının yanına qayıdan zaman qəfildən mənfur gülləsinə tuş gəlir. Bir anda güclü partlayış səsi eşidilmiş və dizləri üstdə yerə çökmüşdü.. Həmin vaxt İbadov Aqşin, Şərur rayonundan olan Məmmədli Zülal, Məmmədov Amil, Sədərək rayonundan olan Abdullazadə Tağı adlı döyüş yoldaşları da, onunla birgə idilər. İbadov Aqşin və Məmmədli Zülal şəhid oldu. Zeynalov Təbrizlə Abdullazadə Tağı isə ağır yaralandı. Tağı müalicə alıb yenidən döyüşlərə qatılmış, amma bu dəfə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Təbriz yaralanan zaman ona elə gəlirdi ki, onun başının bir tərəfi yoxdur. Şuddətli ağrı nəticəsində dözülməz anlar keçirtdi. Əli ilə yoxlayıb və görüb ki, başı salamatdlr, üzü də salamatdlr. Hiss edidi ki, gözünün biri görməyir. Köməyə gələn yoldaşlarına deyib ki, “düzünü deyin görüm, gözüm salamatdlr?!” Çünki görmədiyini sezmişdi. Əlini ağrı olan gözünə tərəf yaxınlaşdırmış və istilik olduğunu hiss etmişdi. Başa düşür ki, gözündən yaralanıb, dayanmadan qan axırdı. Həmin vəziyyətdə olsa belə şəhid olmuş əsgərlərinin orada qalmaması üçün cəhd edib.
Onların düşmən əlinə keçməməsini ən vacib şərt olduğunu vurğulayıb. Həmin yeri tez bir zamanda tərk ediblər. Yola tərəf yönəldikdə onlara tibbi köməkçilər yaxınlaşıb və Təbrizin gözünə sarğı qoyublar, amma buna baxmayaraq ağrı daha da şiddətlənirdi və qan dayanmırdı. Piyada 10-12 km yol qət ediblər. Təbriz yoldaşlarına onu orada qoyub getməkləri üçün təkid edirdi. Nə qədər desə də yoldaşları, Abdullazadə Tağı və Qıvraqdan olan Rzayev Azadi onu tək qoymayıblar. Təbrizi çiyinlərində bir xeyli yenə aparıb yaralılar üçün yaradılan tibbi yardıma çatdırmaq istəyirdilər. Taleyin işi deyim, yoxsa ananın duaları Təbrizi çarəsiz qoymadı. Onlara yaxınlaşan avtomobili görüblər. Təcili olaraq onu həmin avtomobillə Fizulidəki hospitala gətiriblər. Orada müayinə olunduqdan sonra həkimlər onun Bakıya aparılmasını və təcili əməliyyat olunmasını bildiriblər.
Beləliklə Təbrizi Bakıya gətiriblər və gözünü əməliyyat etdiriblər. Görünür Təbrizin gözü düşmənin qəlbinə dağ çəkmişdi. Amma onu da anlamalı idilər ki, Təbrizin gözünün nuru Qarabağımızı, Şuşamızı işıqlandırdı. Qazimiz isə öz əzmi ilə düşmənə ömürlük dağ vurdu. O, zəfər müjdəsi ilə Qarabağdan Qarabağlara qayıtdı. “Səssiz Qəhrəman”ımızın zəfər sədası nəinki Naxçıvanda, nəinki Azərbaycanda, bütün dünyada duyuldu. Atasının yolunu gözləyən balaca Ümidin böyük ümidləri zəfərlə qayıdan Təbrizin gözünə yeni bir işıq gətirdi, azadlıq işığı, fəxarət və qürur qığılcımları.
El-oba Təbrizi böyük bir coşqu ilə qarşıladı. Hər kəs qəhrəman qazimizin görüşünə gəlmişdi. Şərəfli dönüş Təbrizsevənlərə qürur dolu anlar yaşatdı. İstər şəhid ol, istərsə qazi, dönüşündə zəfər varsa fəxarət gətirər. Hər kəs qəhrəman qazimizin şərəfli dönüşünə sevindiyindən maraqlı şüarlar səsləndirirdilər; “Qarabağ Azərbaycandır!” “Ən böyük komandir, bizim komandir!” və s kimi şüarlar birliyimizin təcəssümü olaraq Təbrizi daha da qürurlandırırdı. Dost şad olur, düşmən isə məyus olurdu.
Biz hər zaman canlı şahidlərimizlə, yaşayan və şərhə ehtiyacı olmayan canlı tarixlərimizlə fəxr etmişik, edəcəyik!
“Qarabağ Azərbaycandır!”

Zeynalov Təbriz Eyvaz oğlu xidmət dövründə”Azərbaycsn Respublikası Silahlı Qüvvələrin 95 illik və 100 illik” yibiley medalı ilə təltif olunub.
“3-cü dərəcəli qüsursuz xidmətə görə” medalı ilə təltif olunub.
44 günlük Vətən Müharibəsindən sonra Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən, “Azərbaycan Bayrağı” ordeni, “Vətən Müharibəsi iştirakçısı”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, və ” Şuşanın azad olunmadına görə” medalları ilə təltif edilib.

  Təbriz

Əlində Bayrağı, zəfər sədalı,
Dedilər qəhrəman bir igid gəlir.
Bu igid Təbrizdir Vətən fədalı,
Adında birliyin təbi yüksəlir,

Nə gözəl yaraşır çiyninə Bayraq,
Bir igid xəlq edib, bu ana torpaq,
Bu qədər vətənçün fədakar olmaq,
Vüqara dağ qədər əzəmət verir.

Bütöv olsun deyə–Azərbaycanı,
Ona qurban verdi o sağlam canı,
And içmişdi yerdə qoymadı qanı!
Qorxmazlıq Təbrizə hünər gətirir.

El -oba yığışdı qeyrət namına,
Min alqış dedilər onu şanına,
Bir tarix də yazdı öz dastanına,
Cəsarət həmişə zəfələ bitir!

Rəqsanə Tapdıqlı
AYB-nin üzvü
Şair-publisist

Website |  + posts