22 fevral tarixində “Söz körpüsü” layihəsi çərçivəsində Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, “ARRI”, “Altın Şafran” və “Vaqif Səmədoğlu” mükafatları laureatı Kamran Yunis ilə görüş keçirilib.
Tədbir Azərbaycanda milli dəyərlərə xüsusi önəm verən, mədəniyyətimizin və ədəbiyyatımızın yüksək səviyyədə təbliğində daim fəallığı ilə seçilən Milli Book Cafe məkanında baş tutub.
Görüşdə tanınmış ədəbiyyat və incəsənət nümayəndələri – şairlər Qulu Ağsəs, Rəsmiyyə Sabir, Pərvanə Bayramqızı, Elbrus Kəlbiyev,Fərqanə Səfərli,Arzu Hüseyn, Muşfiqə Baladdinqızı, Kərkükün tanınmış şairi Şəmsəttin Kuzəci, eləcə də digər dəyərli şairlər, yazıçılar, rəssamlar və sənətsevərlər iştirak ediblər.
Təxminən iki saat davam edən görüşdə ard-arda bir-birindən təsirli şeirlər səsləndirilib, ədəbi müzakirələr aparılıb. Kamran Yunisin bədii qiraəti və sənətə yanaşması iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Tədbirin təşkilatçıları Aysel Nəsirzadə, Aysel Xanlarqızı və Həmidə Yaqubova çıxış edərək layihə çərçivəsində sənətkarla görüşlərin davamlı olacağını vurğulayıblar.
Qeyd edək ki, “Söz körpüsü” layihəsi ədəbi mühitin canlandırılması, söz və sənət adamlarının bir araya gətirilməsi, milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm platforma kimi fəaliyyətini davam etdirir.
Hazırladı: Aysel Nəsirzadə

