TƏNHA EV
Bizim kənd Xankəndi şəhərinin iki-üç kilometrliyində yerləşirdi.Kəndimizin füsunkar təbiəti, mərd və qonaqpərvər insanları vardı.
1991-ci ildə erməni hərbi birləşmələri qəfil hücuma keçdikləri zaman kəndimizi işğal edərək dinc əhalini qətlə yetirdilər.O zaman mənim on üç yaşım var idi.Ermənilər kəndimizi işğal etdikdən sonra biz isti ocağımızdan, doğma yurd-yuvamızdan didərgin düşərək illərlə çadırlarda, qaçqın şəhərciklərində yaşadıq.Ana-bacılarımızın torpaq həsrəti çəkərək hər gün ağlamaqdan nisgilli gözlərinin yaşı qurumuş, ürəklərində dözüm qalmamışdı.
Mən böyüyəndən sonra hərbçi olmaq qərarına gəldim.Bütün gəncliyim hərbidə keçdi.
Atam Birinci Qarabağ müharibəsində döyüşərək qəhrəmancasına Şəhid olmuşdu.Evdə üç nəfər idik, anam, bacım və mən.Məndən dörd yaş kiçik olan bacım Nurəngiz də mənim kimi ailə həyatı qurmamışdı.Torpaqlarımız düşmən tapdağından azad olmayana qədər evlənməyəcəyinə O da mənim kimi and içmişdi.
Vətənimizin ən gözəl bölgələrindən biri olan Qarabağ otuz il idi ki, mənfur erməni işğalçılarının əsarəti altında idi.Otuz il davam edən elan olunmamış müharibədə minlərlə günahsız, əliyalın soydaşlarımız, son damla qanına qədər döyüşən qəhrəman oğullarımız Şəhid oldular.Otuz il sonra Vətən uğrunda elan olunan İkinci Qarabağ müharibəsində müzəffər ordumuz işğal altında olan doğma torpaqlarımızın hamısını 44 günə düşməndən azad etdi.Biz qələbə çaldıq!
Qələbə dolu 44 günlük döyüşlərdə iki dəfə güllə yarası alsam da Allahın hökmü ilə sağ qaldım.
Ermənilər bu otuz ildə doğma evlərimizi kərpic-kərpic söküb dağıdaraq hər yeri xarabalığa çevirmişdilər.Bizim o dilbər kəndimizin hər qarışı bu saat sinəsi susuzluqdan cadar-cadar olmuş səhralığa bənzəyirdi.Vəhşi ermənilər bir vaxtlar kölgəsinə sığındığımız ağaclarımızı da kəsib doğrayaraq məhv etmişdilər.Düşmənlərin qəddarcasına od vurub yandırdığı talan olunmuş kəndimizin ürək dağlayan mənzərəsini seyr etdikcə heç vaxt yaddaşımdan silinməyəcək bir hadisəni xatırlayırdım.
1985-ci ilin yaz ayları idi.Birinci sinifdə oxuyurdum.O zaman hələ mənfur ermənilər bizimlə açıq formada müharibəyə başlamamışdılar.Bu hiyləgər, nankor erməni qonşu ilə qansız-qadasız dolandığımız çağlar idi.O vaxtlar atam Xankəndi şəhərində yerləşən tikinti şirkətlərinin birində işləyərkən Vardanyan adında bir erməni usta ilə yoldaşlıq edirdi.Vardanyan çox yaxşı bənna idi.Atam qaynaqçı olduğu üçün hörgü hörməyi o qədər də bacarmırdı.Vardanyanı həmişə Vardan deyə çağırardı atam.Vardanyan da atamın adı Həbibxan olduğu üçün qısaldaraq atama Habiş deyə müraciət edərdi.İmkanımız olmadığı üçün biz köhnə, üstü kirəmidli, cəmi bir otaqdan ibarət evdə yaşayırdıq.Sonralar atam zəhmətlə işləyərək yavaş-yavaş pul toplayıb həyətimizdə üç otaqlı, daşdan təzə ev tikdirdi.Evimizin daşını Vardanyan usta hörürdü.Atam dayanıb dincəlmədən alnındakı təri çənəsindən süzülə-süzülə gah qum və sementdən hazırladığı hörgü qarışığını, gah da ağır-ağır mişar daşlarını daşıyıb Vardan ustanın əlinin altına yığdıqca Vardan usta da həvəslə bizim xalq mahnılarından zümzümə edə-edə daşları səliqəylə bir-birinin üstünə düzürdü.Mən də axşamacan onların yan-yörəsində atamın kamazla təzə tikiləcək evimizin yanına tökdürdüyü qumun içində eşələnib oynayırdım.Narın qumun içində oynamağı hansı uşaq sevmirdi ki.
Bir gün atam evimizin nizamla hörülmüş divarına fərəhlə tamaşa edərək əlini Vardan ustanın kürəyinə vurub dedi:
-Halal olsun sənə Vardan usta, əlin-qolun ağrımasın.Evimin daşlarını elə bil muncuq kimi sapa düzmüsən.Təzə evim sənin sayəndə çox əla görünəcək.
Bunu deyib atam hörgü qarışığı gətirməyə gedərkən onun arxasınca əyri-əyri baxaraq, qaşlarını qaldırıb bic-bic gülən Vardan usta yavaşcadan:
-Get, get axmaq musurman, bu evi sana yox, özüma tikiram, ay badbaxt.Cox keçmayacaq Qarabağ bizim olacaq, hamınızı buralardan qovub radd edacayıq.Sanin bu torpağın da, daşlarını muncuk kimi hördüyüm bu qaşang evin da mana qalacaq Habiş.Bu ev manim olacaq, burda özüm kefla qalacağam…
Vardan ustanın dediklərini eşidər-eşitməz tez qaçıb bircə-bircə atama xəbərlədim.Eşitdiklərindən atamın qanı necə qaraldısa bayaqkı sevincindən üzündə bir zərrə də qalmadı.Atam, birdən hirslə qolumdan yapışaraq məni Vardan ustanın yanına gətirdi.İndi mən eşitdiklərimin doğru olduğunu atama sübut etməyə çalışdıqca, Vardanyan da özünü təmizə çıxarmaq üçün birnəfəsə yalandan and içərək inandırıcı, yazıq bir görkəmlə atamı ona inanmağa məcbur edirdi.O, ikicə dəqiqənin içində tülkü hiyləgərliyi ilə atamın qarşısında özünü elə məyus vəziyyətə saldı ki, axırda atam ona inanıb məni böyüyə qarşı hörmətsizlikdə ittiham edərək heyva çubuğu ilə döydü.Qıçlarıma dəyən nazik heyva çubuğunun göynəltisindən bağıraraq küçəyə qaçdım.Qaçıb küçəmizin başındakı qoca palıd ağacına söykənərək sol qolumu gözlərimin üstünə qoyub ayaqlarımın göynəltisi çəkilənəcən ağladım.Canım elə yanırdı ki.Atamın mənə yox o murdar erməniyə inanmağı ürəyimı qıçlarıma dəyən heyva çubuğundan da çox yandırmışdı.
O gündən sonra Vardan ustaya güclü nifrət edir, onu həyətimizdə, atamın yanında görmək istəmirdim.
Atam bir gün mənim haqlı olduğumu biləndə isə artıq çox gec idi…
*** *** ***
Qəsbkar ermənilər kəndimizdə təkcə bizim evi salamat qoymuşdular.Bizim evdən başqa kəndimizdəki bütün evləri, tikililəri od vurub yandıraraq hər yeri, hətta ölülərimizin yatdığı məzar daşlarını da söküb-dağıdaraq qaçmışdılar.Düşmən əsarətində olduğu bu otuz il müddətində kəndimizin əvvəlki füsunkar gözəlliyindən heç bir əsər-əlamət qalmamışdı.Doğma kəndimiz mənfur erməni vəhşiliyinin qurbanı olaraq hüzn və dağıntılar içindəydi.
Döyüşçü dostlarımla otuz illik ayrılıqdan sonra doğma evimizə ayaq basan zaman ürəyimin həyəcandan necə sürətlə çırpındığını bəlkə də onlar da duyurdular.Qapıdan içəri keçən kimi gözümə rəngi getmiş taxta pilləkənlərimizin məhəccərində mismara taxılmış qoşa şagird vərəqindən ibarət bir məktub sataşdı.Məktubu dərhal məhəccərdən qoparıb baxdım.Müharibə başlayanda ordumuzun qorxusundan evimizi qabaqcadan tərk edib qaçdığı vaxt əclaf Vardanyan atam üçün qoyub getmişdi bu məktubu.İllərin bütün ağrısını, nifrətini içimdə boğmağa çalışaraq məktubu ürəyimdə oxumağa başladım. “San neca da axmaq bir adamsan Habiş.Bu dünyada gördüyüm ən səfeh musurmansan.O vaxt haqiqati deyan küçüyüna vurduğun heyva çubuğu ohh-ohh bilsan mani neca baxtavor eladi.O gün sana baxıb ürayimda bilirsan na dedim? Kül sanin kotik başına bela dada… Bizimkiların töratdiyi qatliyamda gorbagor olmamısansa, evina qayıdacaqsan.Biliram Habiş, mutlaq qayıdacaqsan.Ancaq bu məktubu oxuyandan sonra sağ qalacağına şubha ediram.Urayin dözmayib part edacak və san bu dafa gabaracaksan! Sizə burda yaşamağa heç na saxlamadıq.Bütün evləri yandırıb kəndin har yerini xarabaya çevirdik.Kənddə birca sanin bu öz allarimla tikdiyim evini dağılmağa qoymadım.Axı necə də olsa sanin bu qaşang evinda otuz il öz halal evim kimi yaşamışdım.Kimsəni qoymazdım bu evi yandırsın.Tazasi manim olan bu evin köxnasi da sanin olsun gicbasar! Xa-xa-xa!!! “
Hələ uşaq yaşımdan nankorluğunun şahidi olduğum bu mənfur erməni qəsbkarının hər bir cümləsi güllə kimi köksümü dəlib qanatsa da, lakin ruhumdakı qələbə sevincini söndürə bilmədi.Əlimdəki kağızı tikə-tikə edib yerə səpələdim.Sonra, cəld yuxarı qalxaraq eyvanımızın pəncərələrini taybatay açıb:
-Ruhun şad olsun ata! Qarabağda zəfər çaldıq! Düşməndən azad etdik öz doğma torpaqlarımızı! Ruhun şad olsun, indi mən öz evimizdəyəm!…
Mənim qalibiyyətb dolu səsimdən doğma evimizin buza dönmüş divarları isinirək, otuz illik qəm libasını soyunurdu.
Ruhiyyə Abbaszadə
Azərbaycan Yazıçılar birliyinin üzvü