Eşqsən
Sən nə gözəl eşqsən,
Səma şahid,
bəndə xəbərsiz,
Qaibanə aşiqlər ayə oxuyur,
Gecənin sükutu səcdədə…
Sən nə gözəl eşqsən,
Üzü Kəbəyə,
qəlbi Kərbəlaya uzanan həsrət,
yollar yorğunu vüsal…
Aşiq ruhlar qibtə edir,
Mələklərin gözü nəmli,
Tanrı qürurlu…
Sən nə gözəl eşqsən,
Zaman aciz,
yollar aciz,
sərhədlər aciz,
Dayan, duy, dinlə,
Qəlbin fısıltısını,
Nərə çəkən sükutun içindəki möhtəşəmliyi…
Ölüm şərbəti qədər dadlı,
Yaşam zəhəri qədər acı,
Susuzluq qədər ağrılı,
Tənhalıq qədər uca…
Ümid kimi məkansız –
Məkansız eşq,
Eşqə aşiq ruh…
Sən nə gözəl eşqsən,
Səhralara hakim,
Əzəmətli…
Qoxun cənnət ətiri,
Yolun əmanətdən keçir.
azadlığın ətəyində səltənətin xəritəsi…
***
Bircə anlıq ağrıların ətəyindən,
Bu dünyanın ürəyindən qopmaq üçün
Sənə gəlim, İlahi.
Əlimdə qəm, gözümdə dərd
Naxış tutum dünənimlə sabahımın calağından…
Sənə gəlim, İlahi.
Günahsızlar diyarından qaçqın düşüb
Zərrələrdən bütövləşən ruhum susqun,
Əzablardan bütövləşən ömrüm küskün,
Tənhalığım qucağımda
Sənə gəlim, İlahi.
Ruh bədəndən biganəymiş,
Bədən candan xəbərsiz,
Zülmətlərdə yuvarlanıb
Səssizləşən taleyimlə
Sənə gəlim, İlahi.
Uzaqlığın ağrılıdı,
susqunluğun dəhşət saçır…
Uzaqlığı haram buyur,
Yoxuşlarda boğuluram
Yaxınına çağır məni,
Yaxınına burax məni,
Yaxınında öldür məni,
Sənə gəlim, İlahi…
***
Sükutla dolu yuxu dünyası,
Əbədiyyət işığının carçısına qonaq olan –
Kiçik dünya dərdləri,
qəfəs eşqləri,
şirin ağrılar –
sərin bir meh əsintisi…
Ruhumuza sığınacaq gətirən sərinlik içində
xatirələr gözətçi…
Nə gözəldi, sevgilim,
Eşqimizin ətri gələn
Kədər təntənəsinə təslim olmuş, tükənən sabahların əsintisindən…
İçimdəki qürub eşqi…
Həyatımı ürəyimlə barışdırır,
Gözlərim şeir yazır –
əllərimin əsməyindən,
Od yanğılı ağrıları sığdırıb bir ovuca
Sınıq, salxaq arzularla kürəyimə yük etmişəm.
Yalnızlığın ətəyindən, səssizliyə bükülmüşəm…
***
Hissə-hissə zərrələri paylaşdıqca –
Duyğu-duyğu sökülmüşəm.
Unudulmaq arzusu,
Tənhalığın, tənhalaşmağın başlanğıcı
Ağrılarla rəqs edirəm.
Acığıma səslənən
ölüm təbilinə qucaq açıb, soyuyuram yaşamaqdan.
Hissə-hissə silinirəm,
Nəfəs-nəfəs yox oluram.
Ürəyimdə bircə çimdik nəfəs qalıb,
Bircə damcı ümid…
O da Sənə çatmaq üçün çox tələsir…