.....

.....

Buz qadın -Sevil Gül Nur (şeirlər)

Buz qadın -Sevil Gül Nur (şeirlər)

Buz qadın

Ayağı büdrədi xəyallarımın,
Rəngli yuxularım qəfil dağıldı.
Günəşlə ulduzum heç barışmadı,
Bütün fəsillərim soyuqda qaldı.

Odlu baxışını yan et gözümdən,
Buz dağın əridib qaynadacaqsan.
Sevgi havasına kar idi ruhum,
Sən onu yerindən oynadacaqsan.

Şeirim asılacaq bir kor ümiddən,
Yarımcan ağrılar çıxacaq üzə.
Yanında min illik hörmətim vardı,
Abrımı tökəcək hissim kağıza…

Bir ağrı hayqırır sol tərəfimdə,
Ağlım hisslərimə baş əyir indi.
Mənim ürəyimdə doğulan şeir
Sənin nəfəsində yaşayır indi.

Mən buz qadınıyam şimal qütbünün,
Alova ögeyəm, atəşə yadam.
Belə isti-isti şeir yaşatma,
Səsində əriyib itirəm, adam…

Aksiom

Yığıb ağrılarımı ürəyimin çiyninə
daşıyıram özümlə,
Günahların iziylə sabaha çatmaq olmur.
Sevgi adlanan yolun dönüşü yoxdur,ömrüm,
Geri qayıtmaq olmur.
Boğazımda ilişib qalan düyün kimisən,
Səni nə udmaq olmur, səni nə atmaq olmur.
Elə bir ağrısan ki, vallah, ovutmaq olmur…
Səni unutmaq olmur…

Bilmirəm, gündə neçə məktub yazıb-silmişəm,
Sayını unutmuşam,
Ömrümü qayçılayan illərin həftəsini,
ayını unutmuşam,
Gözümdə mövsümlər də dəyişib öz rəngini,
Fəsillərin qışını, yayını unutmuşam…
Səni unutmaq olmur…

Elə ki baxışların ruhumu sığallayır,
Yanına uçmaq üçün ruhum həvəsə düşür.
Meh saçımı darayır, yarpaqlar pıçıldayır – qulağım səsə düşür,
Xatirələr yolunu mənim yadımdan salır,
Sənə gedən yolları yenə də kəsə düşür.
Yanımda məhəbbətdən kimsə şeir söyləyir,
kimsə mahnı oxuyur,
Yadıma nəsə düşür…
Səni unutmaq olmur…

Səndən sonra bütün gün elə qəhər içirəm,
Çörək yadımdan çıxıb,
yemək yadımdan çıxıb.
İtirmişəm fərqini gecə ilə gündüzün,
Səhər “Sabahın xeyir”,
Gecəsə “Yuxun şirin” demək yadımdan çıxıb.
Varlığımı bürüyüb “Sən” adlı bir təlatüm,
Ruhum sənə yoluxub, sən olmuşam büsbütün.
Yaddaşım zəif deyil,
Sənlə bağlı hər nə var,
Hər nə var, yadımdadır,
Bircə səni unutmaq, demək, yadımdan çıxıb,
Səni unutmaq olmur…

Səni unudacam e, dilimdən söz almısan,
Amma bir az tələsib, bir azca tez almısan.
Mən sevgi məktəbinin hələ ilk sinfindəyəm,
Hələ həsrət bilmirəm, ayrılıq tanımıram.
Sən ayrılıq dərsinin unutmaq mövzusundan
həmişə “yüz” almısan!
Afərin sənə, vallah!
Qurban olum, sən allah,
Öyrət, mənə də öyrət yolunu unutmağın.
Axı unutmaq olmur,
Sən necə bacarmısan?

Cavabsız suallar

Necəsən, mənsiz adam,
Ömrünə gün doğdumu?
Məndən sonra başına
Eşq yağışı yağdımı?

Ruhunu oxşamağa
Bir şeir yazıldımı?
Hansısa bir nəğməylə
Dərd yükün azaldımı?

Məndən sonra bir kimsə
Sənə məntək baxdımı?
Saçlarını oxşayıb,
Əllərini sıxdımı?

Hansı baxışla keçdi
Bunca ağrı, bunca ah?
Məndən sonra ömrünə
Yaz gəldimi, sən allah?

Keçdimi həyatından
Əlli qadın, yüz qadın?
Bircəciyi oldumu
Eşq ətirli söz qadın?

Qatil

Qəfil gələn ayrılıq od vurur sinən üstə,
Gözün yolda darıxır, qulağınsa hər səsdə.
Ruhunu yaralayır bu təcrübəli qatil,
Sən də yarımcan halla gəzirsən səfil-səfil.
Ağrılara birtəhər üç gün dözə bilirsən,
Ondan sonra alınmır, nəfəs-nəfəs ölürsən.
Əvvəl küsür iştahın, kəsilirsən yeməkdən,
Quruyur dodaqların adın gizli deməkdən.
Sonra çəkin azalır, əriyirsən günbəgün,
Onsuzluq mərəzinə tutulursan büsbütün.
Gündüz yenə hardasa gəzirsən, dolanırsan,
Elə ki gecə olur, için-için yanırsan.
Balışın soyuq üzü yanağını yandırır,
Saatın çıqqıltısı nəbzini dayandırır.
Bir ah qopur sinəndən, ünü yetir səmaya,
Düşmən də kəsilirsən ondan sonra hamıya.
Ondan sonra hər gecə sayıqlamaq başlayır,
İçindəki tənhalıq səni ordan daşlayır.
Sökür ciyərlərini həsrətin küt ağrısı,
Çalır səndən hər şeyi bu xoşbəxtlik oğrusu.
Ondan sonra itirsən keçmişin yollarında,
Nəfəsin də kəsilir təkliyin qollarında.
Daha nə yol gözləyir, nə də vüsal umursan,
Ruhunu təslim edib gözlərini yumursan.
Bu gediş sonuncudur, dönüşü yox, bilirsən,
Ağrıların azalır, yavaş-yavaş ölürsən…

Riyaziyyat

Sənli xatirələri
Topladım bir araya,
Təkə, cütə ayırıb
Düzdüm iki sıraya.

Yüz minin birə oldu
Təkin cütə nisbəti.
Mən də sevgi zənn etdim
Bu nataraz qisməti.

Bu eşqi dönə-dönə
Vurdum neçə qatına.
Gah qüvvətə yüksəltdim,
Gah saldım kök altına.

Qəmi ixtisar etdim,
Sevinc də kəsr oldu.
Həsrəti sıfra vurdum,
Ayrılıq hasil oldu.

Sən “biz”dən “sən”i çıxdın,
Yerində tək “mən” qaldı.
Bu yarımcan duyğunu
Ha topladım, dağıldı.

İkimizə bir ömrü
Hey böldüm sevə-sevə.
Nə etdim, alınmadı,
Qalıq qaldı hər dəfə…

Səndən sonra hissləri
Hesablamaqdır peşəm.
Sevmədiyim bir fənni
Gör necə öyrənmişəm?!

Sevil Gül Nur