.....

.....

Balıq yaddaşı – Əzizə Həsənova (şeirlər)

Balıq yaddaşı – Əzizə Həsənova (şeirlər)

YOXLUĞUN HAQQI

Darıxmağın havası
Bozumtul rəngə çalır.
Sən olmayan şəhərin,
Dadı,duzu da qaçır.
Səhər şirinçayıma,
Qarışmayır bu şəhər.
Gəlsən bəlkə ölərəm,
Gəlməsən də birtəhər.
Gəlməsən də birtəhər
Yaşayıram nəfəssiz.
Gəlsən bəlkə ölərəm,
Ya sənli ,ya da sənsiz.
Getməyə bu şəhərin
Canı da yoxdur vallah.
O qədər tükənmişəm
Bərk nigarandı Allah.
Nərdivan uzat nolar,
Qalxım göyün üzünə
Yoxdu bir nəfərim də,
Qalmasın bu dünyada
Gedəcək şəhərim də…

 ÖMRÜMƏ

Ömür keçir fəsil-fəsil
Ömür bu hara tələsir?
Hərdən də ürəyimdən,
Soyuq küləklər əsir.

Ömür keçir varaq-varaq
Keçən günə nə ad qoyaq?
Sənsiz keçən günlərimi,
Təqvimlərdən oğurlayaq.

Ömür keçir zaman-zaman
Halım niyə olur yaman?
Gəl bir yerdə saat quraq
Ömrümüzü tamamlayan.

Sən olasan bir də ki,mən
Tamamlayaq gəl biz-bizi.
Tam anlasaq tamamlarıq
Bu natamam sevgimizi…

  BUZ MAVİSİ 

Məndən sənə nə qaldı ki?
Göyüzü və dənizmi de.
Buz mavisi gözlərimdə,
Nəfəsim də kəsilir ee…

Hərdəmxəyal,dəymədüşər
Hərdən də ki,incik yarım.
Qar dənəsi,buz mavisi,
Payız yeli,Son ilqarım.

Ulduz axsa göyüzündən
Bəxtimə Sən düşürmisən?
Uzaq-uzaq darıxmağın,
Məsafəsin dəyiş ta sən.

Doğma olaq ən yad kimi
Bilmədiyim bir dad kimi
Tanınmayan bir ad kimi
Buz mavisi gözlərində…

BALIQ YADDAŞI

Biryolluq kəs ümidi,
Salam,sabahı məndən
Hərdən də daş qəlbimə,
Az da olsa heyifslən.

Axı bu bəhanələr
Nə qatdı ki,ömrünə?
Gündə min yol yalanın,
Möhürləndi qəlbimə.

Apar dəniz eşqimi,
Balıqlara bağışla
Yusun günahlarını,
Bu son bahar yağışlar