KAŞ DA DEMƏDİM
Özün çıxıb getdin, seçim sənindi,
Ətrini gətirən külək də əsmir.
Bu kövrək qəlbimi elə qırmısan,
Daha görüşünə ayaq tələsmir.
Həsrətin üşütmür əvvəlki kimi,
Gözlərim sən gedən yollara baxmır.
Gör necə qayğısız biri olmuşam,
Xuffətin od olub canımı yaxmır.
Bax indi ürəyim daşa dönübdü,
Dilimdən bir kəlmə kaş da çıxmayır.
Taqətdən düşsə də bu yorğun ürək,
Gözümdən bir damla yaş da çıxmayır.
Sən məni bir daha düşünmə heç vaxt,
Get, mənsiz xoşbəxt ol, qurbanın olum.
Bəlkə də bir günlük qalan ömrümü,
Qoy sənsiz yaşayım, qoy rahat ölüm…
ƏHDİNƏ VƏFASIZ MƏN OLDUM ANA
Bir gün dönəcəyəm desəm də sənə,
Əhdinə vəfasız mən oldum ana.
Dərdinin dərmanı ola bilmədim
Qara saçlarına dən oldum ana.
Darıxmağı göz yaşınla ovudub,
İtirmisən gözlərinin qarasın.
Nə laqeyid övladammış ay ana,
Görməmişəm ürəyinin yarasın.
Daş olsaydı əriyərdi bu dərdə
Sən dağ olub ümidini üzmədin.
Hər ağrıya sinə gərib dayandın
Göz yaşını yanağına düzmədin.
Deyirlər ki son gündə, son anında,
Məni deyib bitirmisən sözünü.
Tərk etmisən bu dünyanı həsrətlə
Əbədilik bağlamısan gözünü.
İndi yoxsan mən o sənli günlərə
Necə gəlim, başa dönüm ay ana.
Qəbul etmə, bağışlama… qoy sənin,
Məzarında daşa dönüm ay ana.
SƏNDƏN SONRA
Səndən sonra açılmadı sabahlar,
Gündüzüm də zülmət oldu biləsən.
Həsrətindən axı dəli olmuşam,
Gözlərinlə bəlkə gəlib görəsən.
Səndən sonra fəsillər də dəyişmir,
Dörd fəsilin soyuğunda qalmışam.
Bahar vaxtı mən sobanı yandırıb,
Yerimi də lap dibində salmışam.
Səndən sonra hüzün çöküb qəlbimə,
Gözlərimin axan yaşın silən yox.
Nə zəng edən, nə kefimi soran var,
Bəxtsiz adam nələr çəkir, bilən yox.
Səndən sonra çox unutqan olmuşam,
Divardakı rəsmlər də yad gəlir.
Dinlədiyim hər hüzünlü nəğmədən,
Qulağıma unutduğum ad gəlir.
Səndən sonra saat belə dayanıb,
Ürəyimsə yavaş-yavaş döyünür,
Bu nə səsdir, qulağıma gəlir hey,
Durum görüm, bəlkə qapı döyülür.
CAN DOSTUM
Adına bir şeir yazmaq istədim,
Susdu ürəyim də, bir an atmadı.
Od tutub əlimdə qələm də yandı,
Səni vəsf etməyə gücü çatmadı.
Düşündüm bənzədim görəsən nəyə,
Üz tutdum güllərə, güllər utandı.
Üzünü bənzətdim doğan günəşə
Günəş qısqanclıqdan od tutub yandı.
Ay üzlüm deyəndə, ay gizlənərək
Bulud arxasından göz etdi mənə.
Ətrini qoxlayıb bihuş olanda
Çiçəklər cənnətdən söz etdi mənə.
İlahi bir varlıq yaratdı Tanrı
Ən gözəl cizgisin səndə bitirdi.
Özü də bilmədən sən demə anan
Dünyaya gül üzlü mələk gətirdi.
GECİKƏRSƏN
Həyat sənə hər anında gül deyər,
Vüsal tutar əllərindən gəl deyər,
Həsrət, hicran daha bəsdir öl deyər,
Sən ölməyə gecikərsən, işə bax.
İki sevən tez-tez küsüb barışar,
Duyğuları coşub-daşar, qarışar,
Hər kəs gəlib öz dərdini danışar,
Sən bölməyə gecikərsən, işə bax.
Əsil dostlar bıçaq vurmaz kürəkdən,
Doymaq olmaz şirin arzu, diləkdən,
Hamı deyər, hamı gülər ürəkdən,
Sən gülməyə gecikərsən, işə bax.
Nə olsun ki, sevdin bircə qadını,
Unutmadın dodağının dadını,
O ürəksiz silib sənin adını,
Sən silməyə gecikərsən, işə bax.
ALINMADİ BİZİMKİ
Alınmadı bizimki, boynu bükük dayanma,
Bilirsən, saxlamırlar tərk edib gedənləri.
Məndən sənə nə qaldı, heç özüm də bilmədim,
Səndən bir xatirədir saçımın ağ dənləri.
Gəl səni yola salım, saxlamayaq sonraya,
Mənə rəhmin gəlməsin, baxma üzgün baxışla.
Dəymişəmsə xətrinə, qəlbini qırmışamsa,
Qoy sığınım əhvinə, günahımı bağışla.
Ayrılıq ölüm deyil, bunu sən də bilirsən,
Tən yarını itirmək ölümdən də betərmiş.
Sinəsində ürək yox, daş gəzdirən adamın,
Sevgisi daşa dönüb, eh… beləcə bitərmiş…
Bəxtiyar Nemətli