.....

.....

Ayrılıqlar Şəhəri – Sahibə Yusif (şeirlər)

Ayrılıqlar Şəhəri – Sahibə Yusif (şeirlər)

DUA KİMİ

Ruhumun can adlı ağrılarını,
Düzürəm vərəqə – olmur ki, olmur.
Çoxdur bu dünyada xoşbəxtsən deyən,
Xoşbəxtlik qəlbimə dolmur ki, dolmur.

Bir tanış gəzirəm kəlmə kəsməyə,
Bir doğma umuram əlindən tutam.
Dəli ürəyimin ah-naləsini,
Axı istəmirəm yalnızca udam.

Ağladım, hıçqırıq yordu qəlbimi,
Soyuq küləklərə qoşuldu səsim.
Evimin buz tutan divarlarını
İsidə bilmir ki ilıq nəfəsim.

Yeddinci qatı da gözəlmiş burdan,
Yerdəymiş sevginin sönməz çırağı.
Bu külli-kainat mənlik deyilmiş,
Mən Tanrı bəndəsi, Allah qonağı.

Yolum uzandıqca ümidə doğru,
Üfüqə daş qoyan tapıldı, əlbət.
İlahi, dünyada xoşbəxt olmadım,
Gözümü xoşbəxtlik yollarından çək.

Ayrılıqlar Şəhəri.

Ayrılıqlar şəhəridir bu şəhər,
Burda gözlər nələr görür, İlahi .
Adamları tez yorulub,sustalır,
Çiçəkləri nə tez ölür, İlahi.

Küləyindən dəli olar dənizi,
Ulduzları səmalara səpilməz.
Qurumaz ki adamların göz yaşı,
Buludları başı üstə çəkilməz.

Bu şəhərdə rüzgar döyər saçına,
Gözlərinin giləsində dərd doğar.
Bu şəhərin bilinməz e qibləsi,
Hər yerinə günah yağar, şər yağar.

Tanrı çoxdan əlin çəkib üstündən,
Mələkləri bir də girməz içəri .
İblisin sol əlindədir deyəsən,
Bu torpağın, bu şəhərin açarı.

Xəzəllər.

Uzanır həsrətin payız qolları,
Məni çox kövrəldir sarı xəzəllər.
Bağlayır bahara gedən yolları,
Ötən mövsümlərin yarı xəzəllər.

Bu hicran o qədər tanışdı mənə,
Bu ağrı,bu acı təzədir demə-
Könlümdə səssizcə oxunan nəğmə,
Ruhumu isitsə, barı xəzəllər.

Son bahar tələsik, qaçır qışıma,
Bəyazı ələyir məğrur başıma.
Hələ çatmamışam ahıl yaşıma,
Təmizlə saçımdan qarı xəzəllər.

MƏN İDİM

Sən qara buludlardan süzülüb düşən damcı,
Arxanca duman kimi sürünməyim nə acı…
Dodağına, dilinə həmişə qınağ olan,
Ürəyinə yük olub, yanına yamağ olan,
Ümidləri ocaqda yanan o qız mən idim…
Sevdası yollarında talan o qız mən idim,
O mən idim, bilmirdin.

Düşünürəm sevməkdən başqa suçummu vardı?
Məni dəyişmək üçün ayrı seçimmi vardı.
Niyə rəhmin gəlmədi solan qız baxışıma,
Təkcə məndim dözürdüm doluna, yağışına,
Hər səhər xəyalınla duran o qız mən idim…
Gecələri yuxusuz qalan o qız mən idim,
O mən idim, bilmirdin.

Eşqimə qadağadan divar hörmək nə demək,
Hisslərimi tapdayıb yerə gömmək nə demək,
Yoxsa ki gözlərimdə əksin oxunmurdumu?
Bu qədər iztabım sənə toxunmurdumu?
Özünü yollarında yoran o qız mən idim…
Səni hər ötən ildən soran o qız mən idim
O mən idim, bilmirdin

***

Bu gün hansı gün idi yenə yadıma düşdün?
Dönüb -dönüb hey baxıb şəklin ilə öpüsdüm.
Sənlə bağlı xatirən üşütdü yenə məni,
Rüzgarlarmı gətirdi sən adlı bu qüssəni.
Ey ayrılıq dəmindən doğan ay üzlü adam,
İntihar həsrətinə edirsən məni edam
Ey günəşin nurundan çıxıb gedən sübh çağı
Neyləyim köksümdəki sənə aid bu dağı?
Ömrümün yollarında mavi boncuq işığım
Baxdığım gözəlliyim, gördüyüm yaraşığım.
Qəfəsdə ki, bu canı tutsamda səndə itir
Elə bilmə hicranın yel tək yanımdan ötür.
Bütün həyatım boyu bircə sən mənə bəsdin
Mən sənə tələsirdim, sən əcələ tələsdin.
Qoy ruhuna baş əyim zəmidə sünbül kimi
Bitim məzarın üstə boynubükük gül kimi.
Bu gün hansı gün idi yenə yadıma düşdün
Təsəlli olsun deyə şəklin ilə öpüsdüm.
Niyə axı məhz bu gün səni belə andım mən
Külüm göyə sovruldu,yandım Allah yandım mən.

Sahibə Yusif