***
İndən belə nə mənası,
Az elədin, çox elədin.
Sən də belə sehrbazsan,
Öz-özünü yox elədin.
Gün batdı, Ayam özümə,
Səhvəm, cəzayam özümə.
Gül kimi payam, özümə
Gör kimi qucaq elədim!
And deyilsən, içim səni,
Yol verdin ki, keçim səni.
Saxlamağa gücüm səni
Çatardı, uzaq elədim.
***
Ağlım kəsmir bu işi,
Ürəyim “bəlkə” deyir.
Nə var açıq danışaq,
Danışaq, gəl ki, deyir.
Dərddisə, əlacı var,
Hər şey müvəqqətidi.
Ayrılıq gözümüzdə
Böyütmək sənətidi.
Mən də cana yığıldım,
Səndə yerim yoxdu ki.
O gün səndən danışdım,
Dedilər: “qorxaqdı ki”.
Düzü, üzüm gəlmədi,
Sənə tərəf çıxmağa.
Səssizcə üz çevirib,
Başladım darıxmağa.
***
Deyirdim dəə…
Ayrılmağa nə var ki?!
İndi səndən dönmək var e.
İndi səni unutmaq var,
İndi özümə söz vermək,
İndi sözümü tutmaq var.
Deyirdim dəə,
Deyirdim.
Səndən sonra nə qaldısa,
Şeirdi.
İnnən belə deyiləsi
Söz yoxdu- yüzün bilirəm.
Gəlmirsənsə, get, yaşayım,
Bacarsan, öyrət, yaşayım,
Ölməyi özüm bilirəm.
***
Göyün üzünə baxdım,
Dilimdən ucaldı adın.-
Az qalmışdı qəbul olsun,
Duamı Allah saxladı.
Ürəyimi soruşsan,
İncikdi.
Yazdığım nə varsa,
Təsəllidi, dinclikdi.
Sən axı bilmirsən
Hiss etdiyimi,
Bilən mənəm.
Tərsliyə bax!
Mənim gözlərimə,
Baxışlarıma
Vurulan sən,
Ölən mənəm.
Məni qatma bu işə,
Mənsiz, sənli ayrılıqdı.
Adamın üstə Allah var.
Görkəmli ayrılıqdı.
***
Bu səhər də ürəyimi
Durub suya danışdım.
Gördüm ki, dinləmir heç,
Doya-doya danışdım:
Yoxumla işin olmasın,
Can varımdı, varımı al.
Gündüzlərim
Gəlib keçir birtəhər,
Məndən gecəyarımı al.
Uzun sürən ayrılıqdan
Xəstə düşüb, deməsinlər.
Göyün yeddinci qatından
Ürəyinin üstə düşüb, deməsinlər.
Yavaş-yavaş unuduram!
Əvvəl ruh, sonra da
Bir ruhsuz bədən ölür.
Sevgi insan kimi deyil,
Deyim ki, qəflətən ölür.
***
Bilsən, nə qədər sözüm var,
Sözüm var demək üçün.
Var gücümlə dirənirəm
Səni sevməmək üçün.
Xatırlayıb adını
Məndən keçdi deyirəm.
Hərdən bir cəsarət gəlir,
Deyirəm bir salam yazım-
Səhər tezdi deyirəm,
Axşam gecdi deyirəm.
Öz içimdə danışan
Deyingən qarı olmuşam.
Nə vaxt sənlə tam olduq ki,
Mən niyə yarı olmuşam?