SƏNSİZ
(Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlova (1963-1992) ithaf olunur!)
Ağrın alım, hicrin əyib qəddimi,
Həsrət durub aramızda yol kimi.
Sənə tərəf bircə addım atmağa,
Baş əymişəm Əzrailə qul kimi.
Günlər, aylar ötür sənsiz, dəyərsiz,
Neçə ili yaşamışam xəbərsiz.
Tanrım mənə ömür verib gərəksiz
Gül bağında vaxtsız bitən kol kimi.
Kədər mənə ilahidən pay oldu,
Göz yaşlarım axdı, axdı çay oldu.
Qış atladı, yaz sovuşdu, yay oldu
Niyə dinib-danışmırsan lal kimi?
Yuxularda görüşürük biz indi,
Neyləyirsən oralarda, düzün de?
Heç çəkinmə gileyin de, sözün de
Zəhər versən, mən yiyərəm bal kimi.
Vətən üçün öldün cavan yaşında,
Qədrin bildin torpağın da, daşın da.
Qızıl güllə ürəyinin başında,
İzin qoydu al yanaqda xal kimi.
Göytəpə şəhəri – 10.06.1994
HƏYAT
Günlər bənzəməzlər bir-birinə,
Hər günün öz ətri, öz xisləti var.
Elə yaşayasan düşə yerinə,
Yaşanan hər anın bir hikməti var.
Günlər yarpaq-yarpaq düşər ömürdən,
Hər günün öz rəngi, öz işığı var.
Yaşanan hər günün qədrini bilsən,
Qışın da gözündə olacaq bahar.
Artıq sənin deyil yaşadığın gün,
Gah yadda qalandır, gah unudulan.
Ötən xatirədir o sənin üçün,
Geriyə qayıtmaz yaşanan zaman.
Toxuna bilməzsən bir daha ona,
Sevinci sənindir, qəmi sənindir.
Eləcə yazılar öz yaddaşına,
Həyat onun qədrin bilənlərindir.
Göytəpə şəhəri – 27.01.2000
ARZU TUTDUM
Bir yağmurlu bulud gəldi, sən gəlmədin,
Sanki yaddım…
Yağmurlu bulud göz yaşımdı, sən silmədin,
Məni atdın…
Amma nələr çəkdiyimi heç bilmədin,
Kama çatdın…
Ömrümə də, günümə də zəhər qatdın,
Arzu tutdum…
Ümid etdim gələcəksən, yollarını duman aldı,
Bir buluddum…
Heç bilmədim həqiqətdim, ya xəyaldım…
Laltək susdum…
Suya dönüb çamurlarla yerdə qaldım…
Göytəpə şəhəri – 19.03.2021
BİR ANLIQ SEVİNC
Otaqda sanki birdən,
Qış dönüb oldu bahar.
Nələr keçdi qəlbimdən,
Çiçək açdı arzular.
Gəlişindən ruhuma,
Bahar nəfəsi gəldi.
Əlində ağ çiçəklər,
Ah, necə də gözəldir!
Həzin nəğmə kimi idi
O ecazkar səsin də…
Güllər qədər təravət
Var idi nəfəsində.
Getdin yenə oxundu,
Qəmli ruzgar nəğməsi.
Bir anlıq sevinc imiş,
Günün mənə müjdəsi.
Göytəpə şəhəri – 14.02.2025
MƏNİMDİR
Sən necə bir sehrsən, sənsiz darıxır ürək,
Bu qaranlıq otağa atılıb qalmışam tək.
Düşünürəm səni mən, hər an köks ötürərək,
Cismim deyir mənimdir, ruhum deyir yox, mənim.
Sən elə bir cümləsən, dodağımda sözlərin,
Gülüşün, şux qamətin, xəyalımda gözlərin.
Sən elə bir məntiqsən mənan dərindən-dərin.
Qəlbim deyir mənimdir, gözlər deyir, yox mənim.
Hər zaman yanımdasan, çətin gündə, asanda,
Musiqi dinləyəndə, şeirə qulaq asanda,
Möcüzə var, sehr var o ecazkar səsində,
Xəyal deyir mənimdir, vüsal deyir yox, mənim.
Bütün təbiətinlə durmusan göz önümdə,
O gündən sən olmusan imanım da, dinim də.
Yaşayırsan qanımda, hər zaman batinimdə,
Tanrım deyir mənimdi, mən deyirəm yox, mənim.
Göytəpə şəhəri – 18.02.2025