Asim Qazıyev (Asim Sevdalı) 1926-cı il may ayının 10-da Samux rayonunda anadan olub. 1950-ci ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirb.
Gənc yaşından şeir yazmağa başlayıb. “Mənim yurdum”adlı şeiri 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub. Tələbəlik illərində institutun Ədəbiyyat dərnəyinə rəhbərlik edib. Azərbaycan Yazıçılar İttifaqının (AYB) Kirovabad (Gəncə) filialının üzvü olub.
Asim Qazıyev məktəb direktoru, pedaqoq, şair, el ağsaqqalı kimi tanınıb, sevilib. Şərəfli ömür yaşayan Asim müəllim 1999-cu il fevral ayının 19-da vəfat edib. Gəncə şəhərində “Səbzikar” qəbristanlığında dəfn olunub.
1996-cı ildə Asim Sevdalının “Qələmin qüdrəti yaz, deyir mənə” adlı birinci, 2016-cı ildə “Xeyli sözüm var” adlı ikinci, 2018-ci ildə “Ürəkdən soruş” adlı üçüncü şeir kitabı nəşr olunub.
Bu il şairin 100 illik yubileyidir.
Dərdlilər
Söyüd boynun əyər bar həsrətində,
Mən indi qalmışam yar həsrətində,
Susuz bir çeşmədir nəğməsiz dodaq,
Tarzən qüssə çəkir tar həsrətində.
Dağa dağ deməsən, o yenə dağdır,
Dost dosta dağ çəkməz, de, bu nə dağdır?
Çoxdan bişirmisən mənim aşımı,
Ət, düyü bişibdir, yağım da dağdır.
Vüsal dəmlərində kefim saz olur,
Dilimdə nəğmələr, əldə saz olur,
Həyat bir dəryadır, üzməyi bacar,
Hər şey onda xoşdur, təzə, saz olur.
19.07.1974
Olsun
Kim salsa bir qəlbi nahaqdan qəmə,
Onun özünün də payı qəm olsun.
Kim ki saflıq, düzlük, sədaqət bilməz,
Ürəyi yaralı, gözü nəm olsun.
İnsandır bəzəyən bu kainatı,
Qəlbə işıq saçar bir xoş bayatı,
Hər oğlun, hər qızın ömrü, həyatı,
Baharlı, çiçəkli bir aləm olsun.
Əsiri olmuşam mən həqiqətin,
Ey insan, yenilməz sənin qüdrətin!
Kim kəssə yolunu saf məhəbbətin,
Dinməsin kamanı, səsi bəm olsun.
İnsan ədalətlə qoşa dayansın,
Hərə öz yerini, həddini qansın,
Qəlbində vicdanın günəşi yansın,
Üzündə, gözündə xoş görkəm olsun.
Gözlər seçsin üzü, qəlbi gözəli,
Gövhərin yanına qoysunlar ləli,
Yarın sinəsində aşiqin əli,
Güllərin üstündə qoy şəbnəm olsun.
Yaxşının dünyadan izi silinmir,
Yamanın susduğu zaman bilinmir,
Ömür ötüb keçir, son an bilinmir,
Asimin qisməti şirin dəm olsun.
05.11.1979
Soruşma
Odlu qəlbim, qəlbə ver sən payını,
Ürəklini ürəksizdən soruşma.
Hər kəs bu dünyada tapar tayını,
Çörəklini çörəksizdən soruşma.
Ömür bağdır, solar günün birində,
İsti çağda qazan, get gəz sərində,
Hər bir əməl durar layiq yerində,
Gərəklini gərəksizdən soruşma.
Şirin nemət, söylə, varmı xəyaltək?
Qanad varmı nəğmi kimi, əməltək,
Hünər oğlu göydə süzər qartaltək,
Lələklini lələksizdən soruşma.
Al günəşdir mənim ömür mayağım,
Ana torpaq, əyri getməz ayağım,
Bəxtiyaram, öz elimdir dayağım,
Köməklini köməksizdən soruşma.
Söylə, könül, bu el kimi dost hanı?
Qoy solmasın bu ülfətin bostanı.
Sinəmdədir arzuların dastanı,
Diləklini diləksizdən soruşma.
16.04.1974
İlk qar
Otuz bir yanvar idi,
Göy qar idi, yer qar idi.
Bazar günü təbiətdə
Bir dəyişkən hal var idi.
Yürüşürdü uşaqlar,
Sürüşürdü uşaqlar.
Qar düşürdü boynuna,
Bürüşürdü uşaqlar.
Ağarmışdı yer üzü,
Qar örtmüşdü dağ, düzü,
Qızarmışdı od kimi
Uşaqların ağ üzü.
Dənə-dənə qar töküldü,
Cüçü, cücə hey büküldü.
Canbir oldu torpaqla su,
Göydən yerə bar töküldü.
Ağacların budağında,
Çökəklərin qucağında
Yığılmışdı, qalmışdı qar,
Tarlaları almışdı qar.
Göstərirdi özünü qış,
Bərəkətə dedik: Alqış!
Gəlişindən sevinirik,
Məhsul verir bu qar, yağış.
31.08.1988
Qiyamət qopar
Əli Əliyevin “Qiyamət nə vaxt qopacaq” sualına cavab
Kəmağıl aqilə böyüklük etsə,
Urəyi didəndə qiyamət qopar.
Başsız başa keçib ad itirilsə,
Nadan hökm edəndə qiyamət qopar.
Qaz uçar, yerinə qarğa qonanda,
Yalan ayaq açıb düzü dananda,
Biliksiz özünü alim sananda
Qan donar bədəndə, qiyamət qopar.
Göllər tanımasa öz sonasını,
İnək təpikləsə öz balasını,
Qoduq dalda qoyub öz anasını,
Qabaqda gedəndə qiyamət qopar.
Dedim, qoy çox olsun dostu adamın,
Dedim ki, bol olsun nuru hər damın,
Yaxşılıq görənlər yaxşı adamın
Yanından ötəndə qiyamət qopar.
Ömrə bəzək bildim səmimiyyəti,
Düzlüyə səslədim hər şəxsiyyəti,
Naqafil, nalayiq kəsin niyyəti
Yerinə yetəndə qiyamət qopar.
Asim, ədalətlə, haqla hökm elə,
Oxşa könülləri, sığal çək telə,
Qeyrəti, namusu vermə sən yelə,
Kişilik itəndə qiyamət qopar.
03.11.1978
Var
Simdə nəğmə yaşar, pərdədə məna,
Barmaqda məhəbbət, tarda nəva var.
Ürək arzusunda vüsal ətirli,
Məhəbbət adlanan şirin dəva var.
Cahana mərd oğul, gözəl qız gəlir,
Nifrətsiz, qərəzsiz, günahsız gəlir,
İnsanlar dünyaya silahsız gəlir,
Bilmirəm, dünyada niyə dava var.
Ülfəti axtarma dostun aşında,
Sərinlik nişandır yaylaq başında.
Sevda bağçasında, bulaq başında
İnsana ruh verən təmiz hava var.
Biz zəfər yolunu keçmişik kəsə,
Bir qüvvə tapılmaz bu yolu kəsə.
Halal çörək ilə dolanan kəsə
Doğma bir ocaq var, isti yuva var.
Sevinc ordusuna baş əyir adəm,
Pisliyin qənimi mahir bir adəm.
Əvvəldən silahım olubdur qələm,
Asimin həvəsi sözdə ova var.
05.01.1974
Könülsüz içmərəm
Gənclik bir aləmdir, öz yolları var,
Bir də o yollardan keçmərəm daha…
Ötdü imtahanlar, bitdi sınaqlar,
Yüz ölçməsəm, mən bir biçmərəm daha.
Evlərə sığınar qaranquş, sərçə,
Çaşarsan meydanda qalanda bircə.
İnsanlar canımdır, nəyəm ki təkcə,
Heç kimi özümdən seçmərəm daha.
İgid atalardan qeyrət almışam,
Gözəl analardan ismət almışam,
Şirin barlı, gözəl bir bağ salmışam,
Öz isti yuvamdan köçmərəm daha.
Ellərə güvənib çıxmışam dikə,
Gərək hər binanı məhəbbət tikə,
Ürəyi ağrıdır könülsüz tikə,
Suyu da könülsüz içmərəm daha.
03.11.1972
Günah özümdədir
Öz yerimi bilmirəmsə,
Öz vaxtında gəlmirəmsə,
Ləkə görüb silmirəmsə,
Günah mənim özümdədir.
Təzə nübar dərmirəmsə,
Dərdə sinə gərmirəmsə,
Yollara gül sərmirəmsə,
Günah mənim özümdədir.
Saxlamasam şərəfli ad,
Xoş nemətdən almasam dad,
Ellər məni etməsə yad,
Günah mənim özümdədir.
31.10.1982
Bu qədər gözəlkən
Çiçəklər bu qədər gözəl görünür
Torpağın üstündə düzüldüyündən.
Çeşmələr saf, sərin olub binadan
Torpağın altında süzüldüyündən.
Baxır asimandan günəş, ulduz, ay,
Torpaqdan uzaqda, insana həsrət.
Hər insan əməli ucaldır saray,
Meydanda bilinir cəsarət, qüdrət.
Həyat nəşəsindən doymayır ürək,
Ömrü bir dastandır hər gözəl anın.
İnsan hörmət qoysun insana gərək,
A daş qəlbli kəslər, bir siz də qanın!
Bu qədər gözəlkən bu torpaq, həyat,
Bəs niyə arada dönüklük olur?!
Ey insan, sən yarat, sən yaşa, yaşat;
Gün var, illik, il var, bir günlük olur.
27.06.1975
Sən baharın özüsən
Üzündən könlümə nur seli axdı,
Belə sönməz işıq günəşdə olur.
Gözlərin ulduztək yandırdı, yaxdı,
Yenə ürəyimə alovlar dolur.
Hüsnünə baxanda gördüm gül-çiçək,
Başını naz ilə aşağı əydin,
Bu halında təzə bir bənövşətək
Ətir nəfəsinlə üzümə dəydi.
Zərif novruzgülü, qəşəng yasəmən
Sənin sifətində göründü mənə.
Bir qırmızı lalə, bir yaşıl çəmən
İncə təravətlə durmuşdu yenə.
Saçların yelləndu səməni kimi,
Sinəndədir yazın tumurcuqları.
Baxdın məhəbbətin sənəmi kimi,
Duydum qəlbindəki umacaqları.
Səni əvəz etməz dünyada güllər,
Dilimin istəkli sözüsən, dilbər,
Günəşli baharı sevir könüllər,
Sən canlı baharın özüsən, dilbər.
27.03.1989