Bu gün sözləri ilə ürəklərə toxunan, sevgini hər misrasında yenidən yaradan Xəyalə Sevilin doğum günüdür.
Bu gün adi bir gün deyil…
Bu gün yazın ən gözəl çağında baharın nəfəsinin duyulduğu, təbiətin oyandığı, ümidlərin cücərdiyi bir gündə dünyaya gələn Xəyalə Sevilin doğum günüdür.
Bu gün həm də baharın müjdəçisi olan Novruzun gəlişinə yaxın bir zamandır… sanki təbiət özü onun doğulduğu günü təbrik edir.
Bu gün sözləri ilə ürəklərə toxunan, sevgini hər misrasında yenidən yaradan Xəyalə Sevilin doğum günüdür.
Bəzən bir insan haqqında daha doğrusu yaradıcı bir insan haqqında yazmaq çətin olur. Xüsusən də o insan sənin həyatında sadəcə bir şair yox, həm də illərin dostudursa… 2007-ci ildən başlayan dostluğumuz bu günə qədər davam edir və mən hər il onun qəlbinin necə saf, necə həssas qaldığının şahidi oluram.
Xəyalə Sevil fərqlidir. O, sevgidən yazır, amma hamı kimi yox. Onun sevgisi sözlərdə təkrar olunmur, hər dəfə yenidən doğulur. O, elə sözlər tapır ki, sanki əvvəllər heç kim o cür hiss etməyib. Hər misrasında bir yenilik, bir kəşf, bir daxili səs var. Onu oxuyanda sadəcə şeir oxumursan sanki kiminsə ürəyinə daxil olursan.
O, çox həssasdır… bəzən həddindən artıq. Amma elə bu həssaslıq onu Xəyalə Sevil edir. Düzgünlüyü, dəqiqliyi, dostluğa verdiyi dəyər bunlar onun xarakterinin dəyişməyən cizgiləridir. O, həm gözəl ana, həm də qayğıkeş dostdur. Onun varlığı insanın həyatında bir güvən, bir istilik kimidir.
Onun şeirlərindən danışanda isə dayanmaq olmur…
“Anamın əlləri qocalır yaman” – bu sadəcə bir şeir deyil. Bu, bir ömürdür. Bu, bir övladın anaya baxıb köks ötürdüyü andır:
Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür…
Bu misraları oxuyanda insanın boğazı düyünlənir. Çünki hər kəs o əlləri tanıyır… bizi böyüdən, qoruyan, yorulan, amma heç vaxt şikayət etməyən əlləri.
“Qəbrimi anamın əlində qazın” demək bu artıq şeir deyil, bu sevginin son həddi, sözün aciz qaldığı yerdir.
Amma Xəyalə Sevil yalnız kövrəltmir… o, insanın özünü özüylə üzləşdirir. Ən çox sevilən şeirlərindən birində olduğu kimi:
İndən belə nə mənası,
Az elədin, çox elədin…
Bu misralarda insanın öz-özü ilə danışığı var. Özünü itirməyin, özünü incitməyin, gecikmiş anlayışların acısı var.
“Öz-özünü yox elədin” — bu cümlənin ağırlığında bilmirsən nə fikir bildirəsən.
Onun başqa bir şeirində isə bu səmimiyyət daha sərt, daha açıq formada qarşımıza çıxır:
Məndə məhəbbət axtarma,
Ay başına dönüm, yoxdu.
Xətrimə elə dəymisən,
Səndən pis heç kimim yoxdu.
Bu misralar artıq gizlədilməyən hisslərin səsidir. Burada nə ədəbi maska var, nə də bəzədilmiş duyğu hər şey olduğu kimidir. Xəyalə Sevilin gücü də məhz bundadır.O, hissi gizlətmir, onu olduğu kimi deyir.
Oxuyub çevirdin məni,
Çevirdin astar üzümə…
Bu sətirlər insanın ürəyini açıb nə olduğunu göstərir.Amma bu səmimiyyətin qarşılığında aldığı zərbə də elə həmin açıq ürəkdən gəlir.
Yanımda kölgədi ruhum,
Özümdən çıxmışam mən də…
Onun şeirlərində tez-tez rast gəlinən bu səmimiyyət oxucunu cəlb edən əsas səbəblərdəndir. Çünki o, hər kəsin hiss edib deməyə cəsarət etmədiyini deyir.
Xəyalə Sevilin şeirlərindən o qədər sitat gətirmək olar ki… hər misrası bir status, hər bəndi bir həyat həqiqətidir. Onun sözləri sosial şəbəkələrdə paylaşılır, yadda qalır, dillər əzbəri olur. Çünki o, insanın içində gizlənən cümlələri tapıb üzə çıxarır.
O, çox sevilir, amma bu sevgini sadəcə qəbul edən biri deyil. O, dəyərin nə olduğunu çox yaxşı bilir. Və bəlkə də ən önəmlisi bu dəyəri necə qorumaq lazım olduğunu anlayır. Xəyalə Sevil hər kəslə eyni məsafədə duran insan deyil. O, insanlarla arasında görünməyən, amma çox dəqiq çəkilmiş bir xətt saxlayır.
Ədəbiyyat camiasını yaxşı tanıyır. Kim kimdir, kimin sözü nə qədərdir, kimin münasibəti nə qədər səmimidir bunları incəliklə hiss edir. Və buna görə də hər kəslə necə davranmaq lazım olduğunu çox yaxşı bilir. Onun üçün məsafə sadəcə uzaqlıq deyil bu, özünü qorumağın, dəyərini itirməməyin bir formasıdır.
Xəyalə Sevil yazmır… o, yaşayır.
Onun şeirləri qurulmur — doğulur.
O, hiss etmədiyi heç nəyi yazmır və bəlkə də elə buna görə onun hər sözü bu qədər təsir edir.
Bu gün onun günüdür…
Bu gün ürəyi sözlə danışan bir insanın doğum günüdür.
Əziz Xəyalə…
Sən yaxşı ki varsan. Sən yaxşı ki yazırsan. Sən yaxşı ki bu qədər həssas, bu qədər gerçək qalmısan.
Sənin kimi insanlar azdır və sən bunu çox gözəl daşıyırsan.
Doğum günün mübarək olsun!
Qoy qəlbin heç vaxt susmasın…
Qoy yazmadığın heç bir hiss qalmasın…
Və qoy səni sevən insanlar həmişə yanında olsun.
Aysel Nəsirzadə