.....

.....

Yaşıl Çinar Bağlarının Həsrəti – Gülər Xəlilbəyli

Yaşıl Çinar Bağlarının Həsrəti – Gülər Xəlilbəyli

Yaşıl Çinar Bağlarının Həsrəti


Yaxşı yadımdadır Peredelkino…
Klubda karnaval gecəsi vardı.
Orada maskaları maska taxmamış
Bir şümal, bir gözəl qız paylayardı.
Bəzən görürdüm ki, bir ayüzlüyə
Eybəcər bir meymun maskası düşür.
Bəzən də görürdün – elə tülkünün
Özü özü ilə bir də görüşür.
Gah da hər gün üzü maskalı olan
Təzədən üzünə bir maska vurur.

Bəzən də birisi öz sifətini alır,
qəzəblənir,
qıza qaytarır.
Karnaval qurtarır.
Adamlar bir-bir
Aldığı maskanı qaytarır qıza.
Amma bəziləri naxələf çıxır
Qayıdır evinə üzündə maska.

Əli Kərimin “Bir maska karnavalı gecəsi” şeirindən bu misralarla başlamaq istədim yazıma. Çünki bu hekayəyə alışdığımız çərçivədən kənar başlamaq istəyirəm.
Biz poeziyadan danışarkən adətən sevgidən, xəyallardan, romantizmdən danışırıq. Amma bu dəfə gerçəklikdən danışmaq istəyirəm — 38 illik qısa ömründə ədəbiyyata möcüzələr bəxş etmiş Əli Kərimdən.
Şair özü deyirdi:
30-dan çox yaşamışam —
Göyçayda, Bakıda, Moskvada, Tiflisdə,
Arabada, təyyarədə,
Gah qum üstündə, gah da dənizdə,
Sevgi toranında,
Mühazirə salonunda,
Sevgilimlə bir-birimizə deyəcəyimiz iki söz arasında…

Bu duyğulara sahib bir şair sizə yalnız sevgi hiss etdirməz — yaşadar. “Yaşadar” deyirəm, çünki yaşamaq başqa şeydir…
Əli Kərim deyir:
Saatım var.
Bir insan sevincindən bir paydır.
Solmuş bir təbəssümün parıltısını qaytarmış…

Bu misraları oxuyarkən saatınıza baxın.Bu an oxuduğunuz hər söz dəyərlidir. Çünki bu sözlər gerçəkdir.
Dayan.
Bir anlıq dayan.
Gör nə deyirəm.
Düşün — axşamı da, səhəri də…
Sən onu fəth etməlisən —
son zərrəsinə qədər.

Şair bizə fəlsəfə öyrədir — incə, dərin və təmiz bir dillə. Onun şeiri ilə tanış olanda insan həyatın maskalarını daha aydın görür. Məhz buna görə yazıma “Maska karnavalı gecəsi” ilə başladım. Çünki bu şeir təkcə bədii əsər deyil, həm də bir simvoldur.
“Bəzən də görürdün, elə tülkünün
Özü özü ilə bir də görüşür…”

Bu, ədəbiyyatda ikiüzlülüyə, saxtakarlığa yönəlmiş incə, amma açıq bir tənqiddir. Şair bizə deyir ki, ədəbiyyatda da maskalar var. Və o maskalar məhz şeirlə ifşa olunur.
Bir gün Əli ilə dostu arasında belə bir dialoq olur:
– Əli, partiyanı tərifləyən şeirlər yaz, işin də, evin də, uşaqların da rahat olsun.
– Əlli il ömürdən ötəri dediklərini edə bilməz.
Bu cavab, Mikayıl Müşfiqin məşhur sözlərini xatırladır:
“Sağ əlim Cavid əleyhinə bir şey yazsa, sol əlim onu baltalayar.”
Bu ruh — sözün, haqqın və sevginin ruhudur.
Şairin sadə həyatında belə böyük poeziya necə yaşadı? Bəlkə də onun bir misrasındakı Əsmər Çiçəyin gerçəkliyi yüzlərlə poçtalyon məktubundan daha doğrudur.
– “Vaqif dayı, o şeirdəki Əsmər Çiçək xala həqiqətən var idi?”
– “Bəli, qızım, qonşu idi. Onun adı, səsi, həyatı Əli Kərimin misralarında yaşayır.”
Hər misrasında yaşanmışlıq olan bu şairi bir gün daha yaxından tanımaq istədim. Almaniyada yaşasam da, içimdə bir istək vardı — şairin ruhundan bir parça tapmaq.
Azər Kərimovu — şairin oğlunu tapmaq ümidi ilə yazmağa başladım. Bir gecə, səhər saat beşdə…
Azər bəyə e-mail yazdım. Cavab gəlmədi. Amma içimdə ümid ölmədi. Göyçayda Rəsul Rza ev muzeyi ilə əlaqə saxladım və beləliklə, Vaqif doktorla tanış oldum.
3 aprel. Telefonuma mesaj gəldi:
– “Gülər xanım, salam. İmeilinizi aldım. Şənbə ya bazar danışa bilərik.”
Mesajı qucaqladım.
Bəli, bir mesajı qucaqlayacaq qədər bir şairi sevmişdim.
Həmin gün dəftərimə yazdım:
3 aprel, saat 18:30 — şairin ruhuna bir addım daha yaxınlaşdım.
Azər bəy dedi:
– “Atam ölümünü hiss etmişdi. Vəsiyyət şeirini yazmışdı, amma gizləmişdi. Anam oxuyanda çox incimişdi…”
Tabutuma bir az kağız qoyun,
Bir dənə də qələm.
Hayıf, bu yaşda heç nə deməmişəm.
Dostlar bir şeir desinlər,
İmkan olsa,
Bir dənə də mahnı çaldırsınlar…

Bu, Əli Kərimin poetik vəsiyyətidir.
Mən ona bir sual verdim:
– “Nə xoşbəxt imişəm bir zaman, Allah” şeirinin sonunda verilən “Dünya başdan-başa nəymişdi, nə?” sualına necə cavab verərdiniz?
– “Qızım, mən riyaziyyatçayam. Məsləhət verməkdən qorxuram. Səhv olar…”
Bu cavabın sadəliyi və dərinliyi onun kimliyini təsdiqləyirdi.
Sonda Azərbaycan səyahətim başladı. Əlimdə bir buket çiçək, bir Mozart şokoladı ilə Yazıçılar Birliyinin qapısından keçdim. Məni Gülər xanım qarşıladı. Və o an Rəşad Məcid dedi:
– “Gülər xanım, burada dayan. Əli Kərim bu yerdə dayanardı.”
O an çəkilən şəkil, o anın qüruru — heç vaxt unudulmayacaq. Mənim üçün bu hekayə bir milad idi.
Tarix: 24 noyabr, saat 03:30
Yer: Kirchen, Almaniya
Bu yazı mənim özümə hədiyyəm, sizə isə çağırışımdır:
Oxuyun.
Sevin.
Yazın.
Düşünün.
Və bir gün — hər kəs maskasını çıxarsın.
Əli Kərim demiş:
Təbəssümün şəffaf rəngi var,
Kamillik ahəngi var…
Qız baxır birbaşa ürəkdən…

Belə qıza layiq olmaq üçün heç olmasa bir ulduz kəşf edib ona onun adını verin.
Və şairin dediyi kimi:
Mən elə sürətin təşnəsiyəm ki,
Çatsın xəyalımın üfüqlərinə.
Bir göz qırpımında yetirsin məni
Həm ən yüksəkliyə,həm ən dərinə.
Mənim istədiyim o sürət olsa,
Xəyalla idrakı bir yerə qatar,

Çatar mənzilinə bir an içində
Könlün hər arzusu,sözü,əməli,
Bir göz qırpımında birləşər yəqin
Əvvəlin axırı,sonun əvvəli!
(Əli Kərim)

Website |  + posts