Adsızlıq
Evimizin saatı işləməyib,dayanıb,
Bu gün bizim gün olsun, zamansızdır sevdiyim.
Zülmət qaranlıqların Allahı aid kimi
Lalə dodaqların da amansızdır sevdiyim.
Hamı çıxıb gedibdir, evin yetim halıdır,
Soyumasın otaqlar, ocaqlaşaq bir daha.
Qoy bütün yetimlərin gözü könlü sevinsin,
Aç düyün qollarını, qucaqlaşaq bir daha.
Elə gəl ki, duymasın göydə bütün mələklər,
Zamansız talemizin ipini.
Bu gizli sevgimizin adı adsızlıq olsun,
Kimsə tapa bilməsin sevgimizin sirrini.
Apar Məndən
Tanrı,çağır dərgahına,
Ruhumu bədəndən apar.
Verdiyin möhnəti, yükü
İstəmirəm səndən, apar.
Yazdığın sınaqlara bax,
Bilmirəm ölüyəm ya sağ.
Tənhalığımla tək burax,
Apar Səni məndən, apar.
Gözlərimi tökdüm yola,
Çox can atdım sağa, sola.
Həsrəti boynuma dola,
Vüsalını gendən apar.
Adımı qəlblərdən itir,
Yerində gül çiçək bitir.
Kədəri ovucla götür,
Səadəti dən-dən apar.
Ayrılığın Doğum Günü
Bilmədim, yarana duz kimi oldum,
Göz yaşım yusada acın dinmədi.
Bələk qollarında uşaq kimiydim,
Təkcə sən bilirdin,kimsə bilmədi.
Sevib gedənləri tənbeh edərək
Hər günü ən gözəl başa vururduq.
Ağla qara kimi doğulsaq belə…
Köklə budaq kimi qoşa dururduq.
Bu gün ayrılığın doğum günüymüş,
Gəlmək istiyərsən sən də gələrsən.
Hamı yaşamağı öyrətdi mənə,
Sevib,öldürməyi sən öyrədərsən.
Gəlmişəm Vətən
Vətən, aç qolunu qarşıla məni,
Günahkar balanam qonaq gəlmişəm.
Dözüb bu həyatın haqsızlığına
Keçib neçə-neçə sınaq gəlmişəm.
Cahillik elədim gəzdim,dolandım,
Hər süni bəzəyi bir cənnət sandım.
Bağışla gec oldu sonunda qandım,
Yığmışam boynuma qınaq,gəlmişəm.
Sənin tikanına daşına qurban,
Dağlardan süzülən yaşına qurban,
Yaralı bağrının başına qurban,
Salmışam hər yana soraq,gəlmişəm.
Tən olmaz hər dağla,hər daşla Vətən,
Ayrılmaz nə gözlə ,nə qaşla Vətən.
Bu şair balanı bağışla Vətən!
Götürüb bir qələm, varaq,gəlmişəm.
Sevgi
Kədərlə bəslənib,qəmlə yoğrulub,
Ruhda zincirlənib,qəlbdə boğulub,
Bir qızın gözündə yaştək doğulub
Yanağından axan damcıdır sevgi.
Yalnızlıq ocağı,həsrət yuvası,
Bəs bunun səadət,sevinc harası?..
Kiməsə ən ağır ürək yarası,
Kiminsə başının tacıdır sevgi.
Hopar varlığına bütün bəşərin,
Silinməz izi var dərindən dərin.
Bəzən ruh oxşayar şirindən şirin,
Bəzən də ölümdən acıdır sevgi.
Nofəl Ümid