Gizlin eşq
Mən səni sevmişəm hər kəsdən gizlin,
Qışda qar altında qalan gül kimi.
Təbiət oyadıb bahar fəslində,
Torpağa toxunan külək yel kimi,
Gizlin böyütmüşəm eşqini hər gün,
Çörəyin vermişəm,suyun vermişəm.
Bir az qəmlənmişəm,bir az gülmüşəm,
Baharın vermişəm,qışın vermişəm.
Onu qorumuşam mirvaritək saf,
Xəyanət bilməyən körpə bir uşaq,
Gündüzlər sən onun günəşi oldun,
Gecəysə xəyalın olubdur çıraq.
Danışır bu sevgi bizdən danışır,
Mən onun yanında susub durmuşam.
Bizim bu sevgimiz dünyaya sığmır,
Qəlbimdə mən ona dünya qurmuşam.
Bu sevgi bizim ilk övladımızdı.
Sənsizdə qoruyub yaşadacağam.
Xəyalın,sevgimiz birdəki özüm,
Yeni bir ailə yaradacağam.
Ömrümü anama bağışlayardım.
Ömrümü anama bağışlayardım,
Yenədə səsini duya bilsəydim.
Dünyanın dərdini çəkməzdim daha.
Başımı dizinə qoya bilsəydim.
Ömrümü anama bağışlayardım,
Qaçardım dünyadan ayağı yalın.
Mən necə övladam, qara daş altda,
Duymuram, bilmirəm anamın halın.
Ömrümü anama bağışlayardım,
Ömürdən ömürə pay vermək olsa.
Bir can kəlməsinə ömür verərdim,
Qəbirin içindən hay vermək olsa.
Ömrümü anama bağışlayardım,
Əvəzi cəhənnəm olsa da belə
Tanrı da anasız qala bilməzdi
Yaxşı ki anası olmayıb elə.
Ömrümü anama bağışlayardım,
Əcəlin gəldiyi vaxtı bilsəydim.
Ölümü özümə dərd eləməzdim.
Anamın öldüyü vaxtda ölsəydim.
Daşların da dili var
Kim deyir daş danışmır?
Daşların da dili var.
Tənha qalanda adam,
Dərdin bölür dörd divar.
Kim deyir daş danışmır?
Anla məni ay naşı,
Get bax qəbristanlığa,
Gör nə deyir baş daşı.
Kim deyir daş danışmır?
Soruş heykəltəraşdan.
Daşlara can verir o,
Gör nə duyur hər daşdan.
Kim deyir daş danışmır?
Daşların da dili var.
Daş qəlb eşqlə dil açır,
Şair olur insanlar.
Təsadüf
Qarşıma necədə gözəl çıxmısan,
Susuz səhralarda tapdığım quyu,
Əbədi yaşamı tapmışam səndə,
Sən mənim içdiyim dirilik suyu.
Sən ilk məhəbbətə yazılan şeir,
Mən isə qırılan qələm kimiyəm.
Müqəddəs yeddisən rəqəm içində,
Mən on üç adlanan rəqəm kimiyəm.
Qorxuram ürəyin təlatümündən,
Eləbil sinəmdə vulkan oyanır.
Mən axı cənnətlik adam deyiləm,
Bəs niyə önümdə cənnət dayanır?
Mən ayaq altında, sən baş üstündə
Sən mavi buludsan, mən qara torpaq,
Bircə gözyaşların toxunar mənə.
Gözlərin söyləyir yoxdur qovuşmaq.
De harda yaşadım, de hara yazım?
Bu görüş, təsadüf nəyin nəsidi?
Bəlkə də əbədi var olmağımın,
Bəlkə də ölümün bəhanəsidi…
Bənövşə
Ətrini duymuram yaman sönükdür,
Gül-çiçək içində bəxti dönükdür.
Bir ömür çəməndə boynu bükükdür,
Eşqimin dərdini çəkir bənövşə.
Ruhumu oxşayır, könlümü alır,
Sevdası başqa bir bahara qalır,
Nakam məhəbbəti yadıma salır,
Qəlbimi köksümdən sökür bənövşə.
İlk gəlir çəmənə, ilk çıxıb gedir,
Neçə xəyalları tez yıxıb gedir,
Bülbülü gəlmədən darıxıb gedir,
Həsrətdən ləçəyin tökür bənövşə.