.....

.....

Qardaş izi ilə döyüşə -Rəqsanə Tapdıqlı

Qardaş izi ilə döyüşə -Rəqsanə Tapdıqlı

Qardaş izi ilə döyüşə

Bəzən belə fikirlər yürüdürük ki, Vətən sərhəddən başlayır, əlbəttə belədir, amma şəxsiyyət kimi formalaşmaq, Vətənin və onu qorumağın nə demək olduğunu bütün xırdalıqları ilə dilə gətirsək, bu cür nüansları daha da genişləndirə bilərik. Bəli, bu doğrudur ki, Vətən insanın evinin içindən, ailəsindən, təlim- təhsil aldığı elm ocaqlarından və ən əsas da vətənpərvər düşüncələrindən başlayır. İnsanın necə və hansı amalla yetişməyi bu kimi amillərə müsbət təkan sayıla bilər.
Başı çoxlu bəlalar çəkmiş, haqqsızlıqlara uğramış, nahaqq qanlar axıdılmış, amma suverenliyimizi , tolerantlığımızı qoruyub saxlayan bir ölkə olaraq, ikinci Qarabağ müharibəsində el birliyi ilə ordumuzu daim dəstəkləməklə bərabər, elə ailələrlə rastlaşdıq və xəbər aldıq ki, bu müharibədə ailə içərisində sanki kiçik bir ordu, böyük amal uğruna övladlarını qələbə amalı ilə döyüşlərə yola saldı. Belə ailələrdən apardığım araşdırmalara görə həm Bakıda və ətraf kəndlərində, həm də Naxçıvanda və ətraf rayonlarında rast gəlmək olar.
Ailə tanıyıram ki, evində üç oğlu var idi, üçü də bu savaşda mübarizə aparırdı, ailə tanıyıram cüt oğul övladı, ailə tanıyıram ki, ekiz övladı bu haqq davasında qəhrəmancasına vuruşaraq ya şəhidlik zirvəsinə yüksəlib, ya veterandır, ya da ki, qazi olaraq canlı şahid olaraq yenə də vətənpərvərlik aşılayırlar.
Bəli döyüş yoluna nəzər salacağım qazi qardaşımız Möhsümov Elnar da belə ailənin yetişdirdiyi igidlərdəndir. Elnar və Elmar da qardaşdlrlar, ailə içərisindən yaranan kiçik ordunu təmsil edərək böyük Azərbaycan ordusunun sıralarında yer alaraq Vətənin müdafiəsinə qoşuldular və zəfər qazandılar. Möhsümov Elmar şəhid olaraq Al Bayrağa bükülüb doğma Naxçıvanına, Şərur elinə izdihamla qayıdaraq, izdihamla qarşılanaraq uğrunda qurban getdiyi ana torpağa əmanət olundu.
Bir ata üçün, bir ana üçün və bir qazi üçün ağrılı da olsa şərəfli bir yol, şərəfli bir ölüm idi.
Bütün şəhidlərimizin ruhu şad olsun.
Elnar, qardaşının son sözlərini bu günkü kimi belə xatırlayır;
“Formaya könül verən qəhrəman qardaşım Elmar, ailəmizin sonbeşiyi olsa da, hələ uşaq ikən böyük amallarla yaşayırdı. O, hərbi formaya aşiq idi. Ali məktəbə qəbul olmasına baxmayaraq tək seçimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi oldu. 2019-cu ildə təhsilini bitirib Leytenant rütbəsi ilə xidmətə başlayıb. 2020-ci ilin 27-sentyabrında müharibə başlayanda mənə zəng etdi. Onun səsindəki qürur və sevinc hələ də qulaqlarımdadır”.
“Haqqınızı halal edin, Bakıya yola düşürəm” -dedi.
Sentyabrın 29-da Talış kəndi istiqamətində döyüş yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid oldu. O, ölümündən sonra Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının yüksək hərbi ordenlərindən olan 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” medalı ilə təltif edildi.”
“İgid ölər, adı qalar” deyib- atalarımız. Amma bu dəyərli misraları şəhidlərə istinad edərkən belə düşünürəm. İgidi yaşadan adıdır, istər şəhid ol, istər şahid. Qeyd edim ki, bu gün Elnar öz qardaşını həm də öz adı ilə yaşadlr, müharibədən qayıtdıqdan sonra dünyaya gələn oğul övladına qardaşı Elmarın adını verib. Allah qorusun, əmisinə, atasına və bu Vətənə layiqli övlad olsun.
Qəhrəmanlığından söz açacağım igidlərdən biri mövzunun əvvəlində də qeyd etdiyimiz kimi Elnar qardaşımızdır, hansı ki, müsahibə üçün göndərdiyim bəzi sualları yazılarla cavablandırmışdı. Mən o yazıları oxuyarkən cümlələlər məni qane etdiyi üçün olduğu kimi də qələmə aldım.
“​Mən bu yazıya iki müqəddəs adla başlayıram – şəhid qardaşı və Vətən müharibəsi qazisi olaraq. Taleyim elə gətirdi ki, ailəmizin hər iki oğlu müqəddəs torpaqlarımızın azadlığı üçün silaha sarıldı. Biri uca şəhidlik zirvəsinə ucaldı, digəri isə qazi adı ilə bu şanlı tarixin canlı şahidi oldu.
​ XTQ-nin Şuşa Zəfəri
Qardaşımın şəhidlik xəbərini almadan əvvəl, 11 oktyabrda Naxçıvan XTQ-nin atıcı kəşfiyyatçısı kimi ön cəbhəyə yollandım. Qardaşımın mənə son sözləri;
“7 kəndimizi azad etdik” müjdəsi olmuşdu. Mən onun yarımçıq qalan yolunu tamamlamaq, qisasını almaq üçün döyüşə atıldım.
​Döyüşlərin ən ağır və unudulmaz anları Şuşa istiqamətində oldu. Şuşanın azad edilməsi əmri gələndə hər birimizdə fərqli bir ruh yüksəkliyi var idi. Sıldırım qayaları aşaraq, hər tərəfdən yağan atəşin altında irəliləyirdik. Həmin qızğın döyüşlərdə düşmənin ağır artilleriya atəşinə məruz qaldım və ağır travma aldım. Çalxanqala kəndindən olan döyüş yoldaşım, sanitar Həsənov Samirin fədakarlığı sayəsində mən döyüş meydanından çıxarıldım və ilkin tibbi yardım aldım.
​Miras qalan təəsüratlarım var ki,
44 günlük müharibə mənə itki ilə yanaşı, sarsılmaz bir qürur miras qoydu. Gözlərimiz önündə şəhid olan yoldaşlarımızı çiyinlərimizdə daşıyarkən bir tərəfdən qəlbimiz yanırdı, digər tərəfdən isə “Dəmir Yumruq” əzmi ilə qələbəyə inanırdıq. Bu müharibə mənə öyrətdi ki, Vətən sevgisi hər bir şəxsə ağrıdan, hər bir məhəbbətdən üstündür.
​Bu gün mən bir qazi olaraq fəxr edirəm ki, qardaşım Elmarın qanı tökülən torpaqlarda Bayrağımız məğrurla dalğalanır. Biz döyüşdük, qan verdik , can verdik və qalib gəldik! Şəhidlərimizin ruhu şad olsun, çünki Vətən artıq bütövdür.” Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə əzmlə vuruşan Elnar, noyabr ayının 5-i Şuşada düşmən tərəfdən atılan artilleriya zərbəsindən ağır travma alır təxliyyə olunaraq Fizuli rayon Mərkəzi xəstəxanasına, oradan da Zərdab rayon Mərkəzi xəstəxanasına gətirilərək müalicələrini davam etdirir.
Bəlkə canında yara izləri, xatirələlində şəhid yarası izləri qaldı, amma Vətəni mənfurların işğalından qurtararaq xəstəlikdən qurtardınız. Vətənin bütövlüyü həm sizlərə məlhəm oldu, həm şəhidlərin qanı yerdə qalmadı, həm də xalqımız qara bəladan azad oldu.
Elnar Rövşən oğlu Möhsümov Vətən müharibəsindən sonra Ali Baş Komandan Cəbab prezident İlham Əliyevin sərəncamlarına əsasən “”Cəsur döyüşçü” ,” Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Xidməti dövründə isə “Azərbaycan Ordusunun Yaranmasının 100 illiyi yubileyi” medalı ilə təltif edilib.

“Qarabağ, Azərbaycandır!”

     Əhsən

Bir cüt qardaş bu Vətənin yolunda,
Can qoydular, cürətinə min əhsən!
Həm qazi, həm şəhid oldu sonunda,
Hər birinin qeyrətinə min əhsən!

Birlik dedik, sülh istədik, həm barış,
Təmizləndi bu torpaq qarış-qarış.
Zəfərinə, hünərinə min alqış-
Söylətdirən oğullara min əhsən!

Rəqsanə Tapdıqlı
AYB-nin üzvü
Şair-publisist

Website |  + posts