.....

.....

Qumun xatirəsi – Məftunə Nur

Qumun xatirəsi – Məftunə Nur

Qumun xatirəsi

Mənim hekayəm çayın sərinliyindən dağın səssizliyinə, oyundan həqiqətə, qumun altındakı gülüşdən torpağın altındakı şəhidliyə uzanan yoldan başlayır.
Uşaq vaxtı Culfada yaşayırdıq, amma həftə sonlarını, yay tətilini ürəyimizin ən şirin yerində saxlayırdıq. Hər il məktəb bağlanan kimi bir həyəcan başlayırdı – sanki ilin bütün gözəllikləri yay tətilində gizlənmişdi. Kəndə gedəcəyimiz günü səbirsizliklə gözləyirdik; elə bil kəndə yox, uşaqlığın özünə gedirdik. Ən sevdiyimiz gün o idi ki, avtobusa minib Saltax kəndinə yola düşürdük.
​Avtobus tərpənən kimi bütün pəncərələrdən külək içəri dolurdu, tozlu yolların qoxusu qarışıb uşaqlıq sevincinə çevrilirdi. Avtobus kəndə yaxınlaşdıqca pəncərəyə sıxılıb dağların əzəmətini, yaşıl dərələri, sarı işıq içində bərq vuran daşları seyr edərdik. Kəndə yaxınlaşdıqca sağ tərəfdən Haçadağ görünürdü. Sanki dağlar da bizi tanıyırdı. Kəndimiz Haçadağın ətəklərində yerləşirdi. Haçadağ öz ucalığında elə dayanırdı ki, sanki kəndimizin yuxularının keşiyini çəkirdi.
Kəndə çatanda sanki hava belə dəyişirdi. Əlincə çayının səsi bizi qarşılayırdı – həm sakitliyin, həm xatirələrin səsi. Kənd sadəliyi ilə gözəl idi. Hər evin həyətində ətir saçan alça ağacları, torpağın üzərinə düşən günəşin bir başqa parlaqlığı vardı. Ürəklərin geniş, qapıların həmişə açıq, insanların bir parça çörəyi belə bölməyə hazır olduğu vaxt idi. O dövrdə insanlar maddi olaraq varlı olmasa da mənəvi olaraq çox zəngin idilər. Çayın suyu soyuq, şəffaf, axışı isə yüngülcə əsən bir yay mehini xatırladırdı. Biz – əmimim uşaqları, qardaşım və mən digər əmimlə birgə çaya enərdik. Əmim digər bacı, qardaşlarına görə uşaq, bizə görə böyük idi, əmi idi. O bizə həm böyüyün ciddiyyəti, həm də uşağın şıltaqlığı ilə yanaşardı. Gənc idi, güclü idi, amma üzündə elə yumşaq bir təbəssüm vardı ki, insan onun yanında təhlükəsiz hiss edərdi. Əmimin gözləri babamın gözlərinə, baxışları atamın baxışlarına oxşayırdı. Kənddə hamı onu sevirdi – o hər kəsin qəlbinə yol tapmışdı.
Çayın şəffaf sularında balaca gümüş rəngli balıqlar oynayırdı. Biz əllərimizi suya salıb onları tutmağa çalışırdıq. Bəzən torpaqdan bir kiçik gölməçə yaradıb, oraya saldığımız “balıq tutmuşam” deyə sevindiyimiz balıqlara tamaşa edir, bəzən də qaçıb əlimizdən yayınanda daha bərk gülürdük. Çayın sahili bizim üçün həm oyun yeri, həm gizli dünya idi. Suya girib çimirdik, çayın içində bir-birimizə su sıçradırdıq, günəş dərimizi yumşaq bir alovla oxşayırdı. Ətrafda Haçadağın göz alıcı ağırlığı, çayın səsində isə azadlıq vardı.
Çayın suları o qədər şəffaf idi ki, dibindəki daşlar belə günəşlə yarışırdı. Əmim böyük daşları çayın kənarında bir yerə yığıb çimmək üçün balaca yer düzəltmişdi. Biz o dərinlikdə çimirdik, suyun içində gülüşlərimiz sanki çaya qarışırdı. Çay suyu bizi sərinlədir, günəş isə dərimizi qızdırırdı. Ən çox sevdiyimiz məşğuliyyət isə qum idi.
Hər dəfə çayda çimib çıxanda, əmim bizi çayın qırağında qarşılayıb deyirdi:
– Gəlin, sizi möhkəmləndirək. Qum adamı bərkidir.
Əvvəlcə o bizim üzərimizə qum tökürdü. Qumun altında bədənimiz isinir, sanki böyüyürdük. Qum bədənimizə yapışırdı, günəş onu qızdırırdı, biz isə elə bil torpağın altından güc çəkirdik. Üzümüzə yapışan hər bir qum dənəsi uşaq gülüşü kimi idi – təmiz və saf. Sonra hamımız yenə çayda çimib qumu yuyardıq. Biz qumun altında dayananda elə bilirdik ki, torpaq bizə güc verir. Əvvəl su güc verirdi, sonra qum, sonra günəş…uşaqlığın sehrli qanunları ilə böyüyürdük. O bizə uydurduğu rəvayətləri danışıb əslində torpaqdan, günəşdən, qumdan necə bizə güc gəldiyinə bizi inandırmağa çalışırdı.
Sonra növbə əmimə çatırdı. Biz əlimizdə kiçik bellərlə onun üzərinə qumu tökə-tökə gülürdük. Əmim hər dəfə eyni zarafat edirdi:
– Bu qum adama elə güc verir ki… bax indi dünyanı ən güclü adamı mən olacağam.
Biz ona inanırdıq. Uşaq təmizliyi ilə inanırdıq. Qum sanki sehr idi, su ilə birlikdə bizi böyüdən gizli bir qüvvə idi. Çayda çimirdik, çaydan çıxıb quma uzanırdıq, yenə də çaya qaçırdıq. Elə bil həm sudan, həm günəşdən, həm də torpaqdan pay alırdıq.
Əmimin qara gözlərindəki parıltı, onun bizimlə oynadığı oyunlar, çayda bizə üzməyi öyrətməsi, qumdan güclənib çıxmağımız-hamısı uşaqlığımızın ən xoş səhnələri idi. Onun varlığı bizə həm əminlik, həm sevinc, həm də həyatın ən şirin tərəflərini öyrədirdi.
Zaman belə axırdı…
O gün gəldi. Əmim əsgər gedirdi. Əyninə əsgər paltarını geyinib şəkil çəkdirmişdi əmim. Nənəmə sevinclə gətirib verdi. Nənəm duruşuna, baxışına vurğun olduğu oğlunu öpüb qucaqladı. Nənəm bütün uşaqları üçün özü xalça toxumuşdu ilmə-ilmə. Ən gözəl bəzəkləri vururdu o xalçalara. Atamın da, bibilərimin də, əmilərimin də belə xalçası vardı. Nənəm bütün uşaqlarının xalçasına öz adlarının, soyadlarının, ata adlarının ilk hərfini və doğum tarixlərini yazmışdı. Əmim evin sonbeşiyi idi. Əmimə deyirdi ki, sənin də xalın hazırdır. Toy xınanı da almışam. Nənəm əsgərlikdən gələndən sonra əmimin toyunu edəcəyini, əllərinə xınalar qoyacağını, bəy otağına illərlə ilmə-ilmə toxuduğu xalçanı salacağını və mən bilmədiyim nələr, nələr düşünürdü. Gedərkən kənd əhalisi onu əsgərliyə yola saldı. Kişilər əl sıxır, qadınlar əlini açıb dua edir, uşaqlar isə başa düşmədən gülümsəyirdi. Əmim elə həmin gün bizə baxıb gülümsədi – gözlərinin içində bir işıq vardı, sanki “bu torpağın oğluyam” deyirdi. O gözlərdə həm arxayınlıq, həm də qürur hissi vardı. Biz onun əsgərliyə getməsini bir cəngavərin səfərə çıxması kimi görürdük.
Biz yenə eyni sadəlövhlüklə düşünürdük ki, bu da bir oyun kimidir – gedəcək, möhkəmlənəcək, sonra yenidən bizimlə çaya gələcək, qum oyunumuz davam edəcək.
Lakin həyat heç də uşaq oyunu deyildi.
O, qayıtmadı.
Əmim vətənə xidmətini yerinə yetirdi… Lakin evə dönə bilmədi. 31 iyul 1991-ci ildə ermənilər tərəfindən partladılmış «Moskva-Bakı» sərnişin qatarında əmim – Hüseynov Məmməd Zeynalabdın oğlu faciəvi şəkildə şəhid oldu. O xəbərin gəlməsi isə mənim yaddaşıma qış kimi həkk olundu.
O gün səhər evimizin qapısı dayanmadan döyüldü. Qara yaylıq bağlamış bibilərim içəri girdilər. Gözlərində yağış, sözlərində fəryad vardı. Ağlaya-ağlaya atamın yanına gəldilər. Mən uşaq idim, nəyin baş verdiyini anlamasam da, evin içindəki hava dəyişmişdi, sanki göy üzü qaralmış, şimşəklər çaxmış, hər tərəf qaranlığa bürünmüşdü – hara baxırdım, sanki külək əsib hər şeyin üzərinə kədər çökmüşdü. Atam və əmim xəbəri eşidən kimi yola düşdülər. Onlar qayıdanda isə hər şey dəyişmişdi…
Hər ikisinin gözündə yaş, üzündə boşluq vardı. Atamın da, əmimin də gözlərindən o uşaq vaxtı sevdiyim, həmişə gördüyüm təbəssüm yox olmuşdu. O gün onların üzündəki gülüş birdəfəlik qırıldı.
Partladılmış qatarda həlak olan şəxslərin kimliyini müəyyən etmək çox çətin olmuşdu. Çünki, həlak olanlar tanınacaq halda olmamışdılar. Əmimin bədəni kimi arzuları da, ümidləri də tanınmaz hala düşmüşdü. Üzərində olan yarısı yanmış, yarısı yanmamış hərbi biletindən tanımışdı atamla, əmim.
Kəndə şəhid xəbəri yayılmışdı. Əmim çiyinlərdə gəldi. Bir elin harayın, bir obanın iniltisi ilə gəldi. Günəşin qızmar şüaları ürəkləri isitmədi o il… O il güllər ətrindən, qum istisindən utandı. Haçadağ əzəmətli yox, dərdli göründü. Çünki şəhid tək nənəmin, əmimin, bibimin, kəndin şəhidi deyildi. Bir elin şəhidi idi, bir vətənin şəhidi idi. Bu terror dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycanda kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə təşkil etdiyi terror aktlarından, əmim isə minlərlə günahsızdan sadəcə biri idi.
Mənmi? Mən dərk edə bilmirdim ki, mənim hamıdan güclü əmimə necə güc gəlmişdilər. Düşünürdüm ki, bəlkə də əmim burada olsaydı, bu il o çayda çimsə və biz onun üzərində qum dağı yaratdaydıq, o ölməzdi. O yalan deməzdi. Mən ona inanmışdım, o hər kəsdən güclü idi. Onun ölmüş ola bilməsi üçün onun mənə yalan deməsi lazım idi. Yox deyirdim. O mənə yalan deməz. O mənə yalan deməz. O güclüdür axı…
Mən inandığım bütün yalanlara rəğmən çaya getmək istəyirdim. İnsanlar mənə yalan demişdilər. Qumla danışmaq, qumu ovuclarıma almaq, “kaş əmim bu il gələrdi sən ona güc verərdin” demək istəyirdim. Qumun güc vermədiyini qəbul etmirdim.
Həmin gündən sonra kəndə gedəndə yolun düzənliyi də, suyun səssizliyi də dəyişmiş kimi idi. Əvvəllər biz aşağı tərəfə qaça-qaça gedirdik ki, tez çaya çataq, balaca balıqları tutaq, qum töküb gülək. Sonra isə yol bizi aşağı yox, yuxarı çəkirdi – əmimin məzarına doğru.
Kəndin yuxarı başında – dağın sakitliyində əmimim məzarı vardı. Biz çayın kənarına yox, artıq dağın yamacına gedirdik. Əvvəllər çaya tələsdiyimiz kimi, indi şəhid məzarına tələsirdik; fərqi yalnız oyunun bitməsi idi.
Dağa qalxanda ayaqlarımız sanki ağırlaşırdı. Əvvəllər dərələrin arasından eşidilən gülüş səslərimiz indi dağın ətəyində susurdu. Məzarına çatanda torpaq başqa cür görünürdü – sakit, amma, danışan kimi…
Bizim uşaq vaxtı ən çox sevdiyimiz qum oyunu indi içimizi yandıran bir xatirəyə çevrilmişdi. Əvvəllər qum tökdükcə gülürdük. İndi isə torpaq ovucunda susurduq.
Hər dəfə məzarın üstündəki torpağa baxanda içimdə bir səs pıçıldayırdı:
“Biz qum oyunu sanmışdıq. Həyat isə torpağın nə demək olduğunu anlatdı.”
Dağın yamaclarına qalxanda elə bil hava bir az dəyişirdi. Torpaq daha ağır, daha müqəddəs gəlirdi. Elə bil əmim oradan bizə baxıb yenə əvvəlki sözlərini deyirdi:
–Qum adamı möhkəmləndirir…
​Dağlar hələ də uca idi, Əlincə çayı yenə axırdı. Amma biz artıq başqa cür idik. Hər yay kəndə getsək də, sanki birimiz orada, qumun altında əbədi qalmışdı. Biz artıq başa düşürdük ki, bəzi acılar insanın içində bir ömür boyu axan səsdir – çayın səsi kimi, dağın sükutu kimi, uşaqlıq qumunun içimizdə qalan isti xatirəsi kimi.
Məftunə Nur

Website |  + posts