.....

.....

Söz Yaradanın xəlifəsinə göndərdiyi lütfdür – Nigar Sultanlı

Söz Yaradanın xəlifəsinə göndərdiyi lütfdür – Nigar Sultanlı

Söz Yaradanın xəlifəsinə göndərdiyi lütfdür

Elə bir məfhumdur ki, insanın – Adəm övladının – yer üzündə varlığının açarıdır söz. Özünü tanıtmaqdır söz.
Hamı danışır, hamı söz deyir. Söz hər kəs üçündür. Yer üzündə sevmək-sevilmək, almaq-vermək, yazmaq-yaratmaq – bütün yollar sözdən keçir.
Allahın öz nurunu tamamlamaq üçün yaratdığı xəlifəsindən istəyi təkamül edərək kamillik məktəbini bitirməsidir. Bu yolun sınağı və dərsi sözlə başlayır, sözlə və əməllə tamamlanır. Çünki söz imtahandır. Söz əməlin təkanıdır.
Ruhsal anlaşma ilə gəlib sonra unutduğumuz bu dünyada göstərdiyimiz bəşəri və mənəvi xidmətlərimizə görə ilahi sistem tərəfindən dəyərləndirilirik. Ya dünya adlı təkamül məktəbinin növbəti pilləsinə yüksələrik, ya da eyni dərsləri təkrar yaşayaraq döngülərə qayıdarıq.

Bir sözlə, dünyaya kilid vuran da sözdür, onu açan da.
Əksər insanlar üçün söz sadəcə ünsiyyət vasitəsidir. Lakin bəzi seçilmişlər üçün söz İlahi görəv, missiyadır. Missiya isə Bütövə xidmətdir – xalqa, millətə, cəmiyyətə.
Bu, hər kəsin seçimi deyil; seçilmişlərin seçimidir. Elə “Mən kainat boşluğundan uçub gələn qum dənəsi” misrasının müəllifi olan Sabir Rüstəmxanlı üçün də söz sadəcə ifadə vasitəsi deyil, milli yaddaşın daşıyıcısıdır. Onun “Ömür kitabı” təkcə bir insanın taleyinin salnaməsi deyil, xalqın yaddaşına tutulmuş güzgüdür. O, sözü ilə millətin ruhunu danışdıran, fərdi taleyi ümummilli yaddaşla birləşdirən sənətkardır.
Söz sadəcə ifadə vasitəsi deyil, insanın missiyasının görünən formasıdır. Missiya isə ruhun üzərinə götürdüyü İlahi öhdəlikdir – Bütövə xidmət borcu. Bu baxımdan Sabir Rüstəmxanlı üçün söz taleyin seçimi deyil,

taleyin özüdür. O, sözü ilə yalnız şeir yazmır, milli yaddaşı oyadır, millətin ruhuna istiqamət verir. Onun qələmində söz fərdi duyğudan çıxaraq ümummilli missiyaya çevrilir. Çünki həqiqi söz adamı üçün söz danışmaq deyil – sözə cavabdeh olmaqdır.
Bu yaxınlarda iştirak etdiyim tədbirdə milli ruh, türklük mövzusunda çıxış edən bir neçə şair və söz adamı ilə yanaşı Sabir Rüstəmxanlını da diqqətlə dinlədim. Digər çıxışçılarla onun arasındakı fərq aydın və hiss ediləcək qədər böyük idi. Çünki milli məsələ yalnız pafosla danışmaq deyil; onu ruhun dili ilə hiss yansıdıb, qəlbə və zehnə sirayət etdirməkdir. Bu isə yalnız sözü yaşamış, onu taleyinə və məsuliyyətinə çevirmiş insanlara nəsib olur.
Sabir bəy danışmırdı, sanki yaşadığı tarixi, hiss etdiyi ağrını və inandığı ideyanı bölüşürdü. Onun sözündə ritorika yox, yaddaş vardı; şüar yox, məsuliyyət vardı.

Milli ruh haqqında danışmaq asandır, amma o ruhu dinləyicinin içində oyatmaq hər söz adamının işi deyil.
Sabir Rüstəmxanlı fərqi də məhz burada başlayır.
Sənətşanaslıq üzrə fəlsəfə doktoru,
Nigar Sultanlı

Website |  + posts