.....

.....

Mənim eşqim gözəllik – Könül İbrahimsoyun şeirləri

Mənim eşqim gözəllik – Könül İbrahimsoyun şeirləri

Mənim eşqim gözəllik.

İndi necə deyim ki, eşqim İlahidəndi,
Qəlbə hökm edəmmirəm, kim nə deyirsə desin,
Mən Haqqa divanəyəm, keçərəm neçə bəndi,
İndi bu qəlb eşqinə de, xəyanət eləsin?…
Könül necə bəndəyə, “Səni sevirəm “desin?

Dünya tərsə də dönsə, mənim eşqim gözəllik,
Yolum zirvəyə doğru, əməl, məşqim gözəllik ,
İçimdə alovlanan ruhum , coşqum gözəllik.
Qoy Tanrım göydən yerə öz nurunu ələsin,
Könül necə bəndəyə, “Səni sevirəm” desin?

Zərrələrdən var edib yoxdan Yaradan məni,
Bəlkə də yaratmayıb adi, sıradan məni,
Çəkib min bir sınağa, ağdan-qaradan məni,
Əl açıb göy üzünə muradını diləsin?..
Könül necə bəndəyə, “Səni sevirəm” desin?

Nədən yazım.

Hərdən düşünürəm, mən nədən yazım,
Dənizdən, limandan, adadan yazım?
Laləli çəməndən, şehli ləçəkdən,
Yoxsa dağlardakı sədadan yazım?!

Nənəmin nəhrədə kərə yağından,
Min cürə nemətli bağça-bağından,
Göyəzən dağından, Avey dağından,
Öğuzdan ad alan obadan yazım.

Eldən köçkün düşən nənə, babamdan,
Göyçətək əsirdə qalan obamdan,
İndi unudulmuş toxa, yabamdan,
Keçmişə ağrılı vidadan yazım…

Zaman dəyişibdi insanları da,
Ay Könül, güvənmə şöhrətə ada,
Hər şey gəldi-gedər, boşdu dünyada,
Bir az həqiqətdən, Xudadan yazım .

Olsun

Hər sənə can deyən,bil,dostun deyil
Yalnız ədalətə,vicdana əyil
Namərd gözəl ola,eyləmə meyil,
Qanında mərdliyin,qeyrətin olsun.

Yerə yıxılana əlini uzat
Yolunu düz saxla,addımın düz at
Yoxsa bağışlamaz səni bu həyat
İçində əsillik fitrətin olsun.

Ataya,anaya sən of eyləmə
Acı söz söyləyib qəlbinə dəymə
Qocalıbdı deyə üzünü əymə
O qırış əllərə minnətin olsun.

Təpədən dırnağa qızıla bürün
Sən varlnla deyil,ağlınla öyün
Çıxsanda yeddinci qatına göyün
Vətənin,torpağın zinətin olsun.

Sözü boşa demə,arxasında dur,
Bəzən olmasa da həyatda uğur,
Könülün sözünü yaddaşına vur,
Qoy ,eldə-obada hörmətin olsun.

Bir gün unudarsan…

Bir gün yatıb durasan
Bunlar yuxuymuş, yuxu..
Xatirindən silinsin,
Hətta o tanış qoxu…

Ohh.. deyəsən dərindən
Nəfəs alasan, rahat…
Ağırlıq götürülsün,
Üzərindən neçə qat…

Baxasan ki, həyatın
Dəyişdi birdən – birə.
Sanki xəstəliyinə,
Tapmısan yeni çarə.

O gündən sonra sənə
Günəş başqa güləcək,
Dəniz də ürkək qız tək
Nazla ləpələnəcək…

Bir dəfə doğuluruq,
Yaşayırıq bir dəfə,
Bağlanıb qala bilməz
İnsan etdiyi səhvə..

Həyat çətin olsa da
Öhdəsindən gələrsən.
Yaşamağın mənasın,
Ancaq onda bilərsən…

İtirdim

Həyatda de nələr çəkmədi başım,
Çox dostu, yoldaşı yolda itirdim,
Mən deyim, sən dinlə, neçə sirdaşı,
Qəlbimin başında , solda itirdim.

Vurdu kürəyimdən üz verdiklərim,
Doğrunu görməyə göz verdiklərim,
Yola cığır salıb iz verdiklərim,
Yoluma sədd çəkən halda, itirdim.

Mən həmin Könüləm , dəyişmədim heç,
Arxadan vuranı, arxada qoy, keç…
Bacar, indən belə dostunu düz seç,
Demə ki, bu qeylü-qalda itirdim.

Website |  + posts