Şirin nağıl
Xatirənlə dolu olan bu otaq
Bu səhər də elə səndən danışdı.
Yenə hisslər üstələdi ağılı,
Yenə hisslər xəyalına yanaşdı.
Həsrət adlı bu dərd ki var, ağırdır,
Çalışsan da, atammazsan bu dərdi.
Unutmağa cəhd edənlər bilərlər,
Unutmaq da xatirəyə qədərdir.
Bütün günü başını qat, gəz, dolan,
Bütün günü keçmişindən uzaq qaç.
Sonra birdən bir söz eşit, nəğmə duy,
Sonra yenə xəyallara qucaq aç…
Unutmağa ha çalışdım, olmadı,
Hər tərəfdə xatirən var bir yığın.
Çiyinlərim çəkə bilmir bu yükü,
Qürurumdan ağır imiş yoxluğun.
Dönüb gəlsən, bağışlaram yenə də,
Adam olmaz məndən belə ağılla.
Yenə danış, bilə-bilə inanım,
Şirin olur sən danışan nağıllar.
Daha getmə, dərd almasın canımı,
Görünməsin gözlərimdə bir də nəm.
Gəl, dolayım qollarımı boynuna,
Pıçıldayım: Darıxmışdım, birdənəm…
Retrograd
Bu gecə də ulduzlara səndən danışdım,
Yarım qalan sevgi dastanımızın
sonunu öyrənməyə çalışdım.
Allah kəssin məndəki xasiyyəti,
Onlarla da yola getmədim,
Onlarla da dalaşdım.
Milyon dənə səhv tapdım sözlərində,
Ayrılığın xəritəsini çəkdilər qara qələmlə,
Məni düşmən etdilər o sirli aləmlə.
Mənsə səni görmək istəmişdim ulduzların gözlərində.
Dönə-dönə oxudular Saturnun araya girdiyini,
apardığı soyuq döyüşü,
Mənsə gözləyirdim Marsdan
Veneraya olan isti geri dönüşü.
Bilirdim zamanın artıq dolduğunu,
Zəfərin çox yaxın olduğunu,
İstiliyin soyuqlardan doğulduğunu…
Kiçik çillə çoxdan girmişdi,
Göylər Yerə ağ şəkər ələyirdi,
Yer üzünü şirin nağıla bürüyürdü.
Küləklərin gətirdiyi soyuqlar,
Şaxtaların ötürdüyü sazaqlar
Marsı retrograda sürüyürdü.
Hələ sübhün gözü açılmamışdı,
Qaranlıqlar Yer üzündən qaçılmamışdı,
Əllər səmaya,
Dualar göyə ucalmamışdı hələ,
Ən ülvi istəklər gəlməmişdi dilə.
Telefonun işığı iki dəfə yanıb-söndü,
Ekranda
Saturnun məğlubiyyətini elan edən
retrograd kod-yazı göründü:
“Bu gün çox soyuq olacaq,
Əynini qalın elə…”
Sevil Gül Nur