Oyan
Qalx göylərə, nur çilə,
Oyan, Günəşim, oyan.
Gəl hər oba, hər elə,
Oyan, Günəşim, oyan!
İsit soyuq qəlbləri,
Aş hüdudu, hədləri,
Götür bütün sədləri,
Oyan, Günəşim, oyan!
Sülh dünyaya car olsun,
Sevgi, birlik var olsun,
Şeytan bağrı yarılsın,
Oyan, Günəşim, oyan!
Kəsilsin atəş səsi,
Küt olsun şər tiyəsi.
Yox elə nifaq, bəhsi,
Oyan, Günəşim, oyan!
Sülhsüz həyat çox acı,
Bəzə çölü, yamacı.
Sənsən göylərin tacı,
Oyan, Günəşim, oyan!
Qırılsın iblis taxtı,
Həsrət sinəmi yaxdı.
Bəsdir, əbəs qan axdı,
Oyan, Günəşim, oyan!
Nə yaxşı
Çox tanışdır göyün üzü, buludlar,
Ruhum gəzir oralarda, bilirəm.
Sığal çəkir tellərimə şəfəqlər,
Günəş mənə, mən günəşə gülürəm.
Ulduzlardır mənim könül həmdəmim,
Ay da mənim hər halımdan halıdır.
Hər nə varsa, göylərdə var, yerdəsə,
Ötəridir, qalmaz, dünya malıdır.
Nə yaxşı ki, mən göylərin qızıyam,
Nə yaxşı ki, qəlbim bənzər bir oda.
Nə yaxşı ki, könlüm, gözüm azaddır,
Nə yaxşı ki, şair oldum dünyada.
Məni xalq içində axtarın
Məni axtarmayın ön sıralarda,
Təbiətim sakit, səsimsə həzin.
İstilik tapıram, sevgi görürəm,
Məni xalq içində axtarın, gəzin!
Səmimi, duyğulu gözlər görürəm,
Təbəssüm bəxş edən üzlər görürəm,
Şeirimin saldığı izlər görürəm,
Məni xalq içində axtarın, gəzin!
Ən isti qucaqdır xalqın qucağı,
Tükənməz atəşi, sönməz ocağı.
Müdrikdir, seçəndir qaradan ağı,
Məni xalq içində axtarın, gəzin!
Mən xalqdan alıram eşqi, ilhamı,
Arzusu arzumdur, kamımdır kamı.
Sorsanız, Səidə Rəhimli hanı?
Məni xalq içində axtarın, gəzin!
Nə xeyri?
Əgər sevinmirsə ürəyin sənin,
Bəzənib məclisə gəlsən, nə xeyri?
Qəlbində qanqallar, tıkanlar bitib,
Yalandan üzümə gülsən, nə xeyrı?
Dilin zəhər tökür hər addımbaşı,
Baltalayıb məni, atırsan daşı.
Endirib gözləri, qaldırıb qaşı,
Zillənib torpağı dəlsən, nə xeyri?
Danışıb bəzəkli, coşub ürəkdən,
Öyünüb qayğıdan, yazıb köməkdən,
Altdan quyu qazıb, vurub kürəkdən,
Nəmli gözlərini silsən, nə xeyri?
Təkəbbür hissindən enməyir başın,
Dərini duymağa kifayət yaşın!
Dediklərin ümman, gördüyün arşın,
Belə ömür sürüb ölsən, nə xeyri?
Yolum yoxdur
Sənlə başlayıbdır cığırım, izim,
Səndən o tərəfə bir yolum yoxdur.
Ruhumu qərq edib sevgi dənizin,
Səndən o tərəfə bir yolum yoxdur.
Kimsədə gözüm yox, gözümdə sənsən,
Fikrimdə, qəlbimdə, sözümdə sənsən.
Hara getsəm, gedim, özümdə sənsən,
Səndən o tərəfə bir yolum yoxdur.
Tanrının bəxşişi, payımsan mənim,
Dumduru çeşməmsən, çayımsan mənim,
Günəşimsən mənim, ayımsan mənim,
Səndən o tərəfə bir yolum yoxdur.
Solmaz çəmənimsən, saralmaz bağım,
Qoynuna kök salıb, sarmaşıb tağım.
Sən mənim sonuncu dayanacağım,
Səndən o tərəfə bir yolum yoxdur.
Səninlə bağlıdır sevgimin adı,
Sevməz ki bu ürək özgəni, yadı.
Baxıram, bu sənsən, bu da dünyadır,
Səndən o tərəfə bir yolum yoxdur.
Analar
Bu dünyaya mələk kimi,
Gələr analar, analar.
Hər cəfanı, hər bir zülmü,
Bilər analar, analar.
Min yol alar qadasını,
Çəkər işvə, ədasını.
Məhəbbətə balasını,
Bələr analar, analar!
Dua edib, əli göyə,
“Sənsən bizə arxa, yiyə,
Ulu tanrım qoru” – deyə,
Dilər analar, analar.
Düşünmədən bir anını,
Sipər edər dörd yanını.
Övlada qurban canını
Elər analar, analar.
Can parası düşsə dara,
Qəlbi olar para-para.
Gözü yaşlı, qəlbı yara,
Mələr analar, analar.
Deməz dərdin tanış, dosta,
Üyütməyə dərdi usta.
İçin-için, asta-asta
Ölər analar, analar.
Səidə Rəhimli