.....

.....

Uşaqlığımın qan yaddaşıdır – 20 Yanvar – Aynurə İnci

Uşaqlığımın qan yaddaşıdır – 20 Yanvar – Aynurə İnci

Uşaqlığımın qan yaddaşıdır – 20 Yanvar.
Təqvimdə qara rənglə işarələnən bu tarix sadəcə bir gün deyil; bu, azadlıq uğrunda küçələrə axışan bir millətin taleyinin yazıldığı gündür. O gün tarixə yalnız güllə səsləri yox, bir xalqın sınmayan iradəsi həkk olundu. Qəlbimizdə həmrəyliyin, mübarizliyin, milli oyanışın qanlı möhürü vuruldu.
20 Yanvar sevginin zirvəsini simvolizə edən Leyli ilə Məcnunun adını belə, şəhid məhəbbəti ilə əvəz etdi — Fərizə və İlhamın sədaqəti bu torpağın yaddaşına çevrildi. Bu gün mənim üçün təkcə faciə deyil; azadlıq yolunda atılan ilk böyük addım, müstəqilliyimizin qanla yazılan başlanğıcıdır.
Valideynlərimin və müəllimlərimin danışdıqları o gecənin mənzərəsi qəlbimdə silinməz iz buraxıb. Matəm dolu baxışlar, televizordan eşidilən ağılar, əllərdə qərənfillərlə Şəhidlər Xiyabanına axışan izdiham… Sükutun içində qışqıran bir ağrı vardı.
O vaxt cəmi ikinci sinif şagirdi idim. Böyüklərin danışdıqları məni düşündürürdü. Deyirdilər ki, o gecə sovet ordusu Bakıda dinc insanlara silah tuşladı. Amma bu qırğın millətimizin iradəsini sındıra bilmədi. Əksinə, o gecə canından keçənlər azadlıq toxumlarını öz qanları ilə əkdilər:
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq toxumu əkdi Şəhidlər…
Uşaq qəlbimdə o gündən bir həqiqət kök saldı:
Vətən uğrunda öz canını fəda edənlərə Şəhid deyirlər.
Hər il 20 Yanvarı yad etdikcə anlayıram ki, o qanlı gecə bizə təkcə acı yox, azadlığın qiymətini miras qoyub. Vətən sevgisi qəlbimdə ildən-ilə böyüyür, şəhidlərin xatirəsinə ehtiramla qarışaraq daha da dərinləşir.
O gecənin açdığı yara zamanla işığa qovuşdu. Şəhidlərin əmanətinə sahib çıxan bir nəsil doğuldu, böyüdü, onların yolunu davam etdirdi. Qərənfilin kədərli boyu bu gün Xarıbülbülün qələbə işığı ilə ucalır. O işıq qəlbimizdə yandırdığınız mübarizə alovudur.
Bu torpaq müqəddəsdir.
Şəhidlərin qanı ilə sulanmış Vətən torpağına baş əymək, onu qorumaq hər birimizin borcudur.
Sizin ucalığınız bizim yolumuzdur.
Cənnət ətirli ruhlarınız bizim qürurumuzdur.
Sizi unutmadıq, unutmayacağıq.
Qanı Vətəni müqəddəs edən Şəhidlər — ruhunuz şad olsun!
Aynurə İnci

Website |  + posts