Yanvarın 26-da “Söz körpüsü” layihəsi çərçivəsində Türkiyədən Azərbaycana dəvət olunan “Güftə” ədəbiyyat dərgisinin Baş redaktoru Ayşə Ay və Veli Ay, layihənin rəhbərləri Aysel Xanlarqızı və Aysel Nəsirzadə Dalğa FM-inən çox dinlənilən proqramlarından biri olan “Sənətin səsi”nin qonağı olublar. Verilişi jurnalist Sevinc Salahova aparıb.
Səmimi və dərin məzmunlu söhbət zamanı yanvarın 22-də Yunus Emre İnstitutunda keçirilən “Söz körpüsü” ədəbi görüşü ətrafında geniş müzakirələr aparılıb. Proqramda bu layihənin Türk dünyası arasında ədəbi və mədəni əlaqələrin möhkəmləndirilməsində oynadığı mühüm rol vurğulanıb, ortaq ədəbi platformaların yaradılmasının əhəmiyyətindən bəhs olunub.
Verilişdə qadın gücü, qadın həmrəyliyi və qadınların ədəbiyyatdakı rolu xüsusi diqqət mərkəzində olub. Qonaqlar Türk dövlətlərində yazarların bir araya gəlməsi, onların yaradıcılıqlarının daha geniş auditoriyaya çatdırılması istiqamətində görülən işlərdən və həyata keçirilən yeni layihələrdən danışıblar.
Eyni zamanda, gələcək planlar, beynəlxalq ədəbi əməkdaşlıqlar, ortaq nəşrlər və ədəbi tədbirlərlə bağlı maraqlı fikirlər səsləndirilib. Qonaqlar “Söz körpüsü”nün yalnız bir layihə deyil, ortaq dəyərləri, dili və ruhu birləşdirən ədəbi bir yololduğunu qeyd ediblər.
Proqramın sonunda səsləndirilən fikirlər bir daha göstərdi ki, ədəbiyyat sərhəd tanımır və sözün gücü ilə qurulan bu körpü gələcəkdə daha çox ürəyi, daha çox qələmi bir araya gətirəcək. Görünən odur ki, “Söz körpüsü” Türk dünyasında ədəbi dialoqun yeni ünvanına çevrilməkdədir.