.....

.....

Zeynəb Xələfovanın şeirləri

Zeynəb Xələfovanın şeirləri

Bu sevgi

Soyuq qış gecəsi üşüyər kimi
sığındım sevgimə.
Həsrət dolu illəri sənsiz keçirdim,
Büründüm sevgimə.
Çıxdımı qarşına mən
tək sevənin?
Yandımı eşqinə
pərvanə kimi?
“Ömrümü verərəm” varmı deyənın?
Düşdümü çöllərə divanə kimi?
Mən elə sevdim ki səni,
Ömrümə bəs edib yetdi.
Yerini bilmədən, səni duymadan
Bu sevgi mənimlə məzara getdi.

Heç kəsim yoxmuş

Mənim bu dünyada heç kəsim yoxmuş,
Deyəsən, olmayıb bacı, qardaşım.
Nə atam olubdur, nə də ki anam,
Nə də bu dünyada həyat yoldaşım.

Nə əllərim mənim, nə də gözlərim,
Danışdığım bu səs, aldığım nəfəs.
Heç özüm özümə məxsus deyiləm,
Nə də ki ruhumun olduğu qəfəs.

İlahi, biz kimik, heç nəyimiz yox,
Heç övladlarım da mənimki deyil.
Heç kimi, heç nəyi bizim olmayan
Bu fani dünyaya salmışıq meyil.

Qarışqa

Çıxırlar yuvadan
Qarışqalar oyanıb.
Onlar kimi çalışmaq
Gözümə də dayanıb.
Kasıb qarışqa kimi,
Gedir başıaşağı.
Yükü özündən ağır,
Evdə başı aşağı.
Yuvasını dağıdıb,
Hərdən əzib keçirlər.
Bir söz söyləyə bilmir,
Yeni yuva seçirlər.
Qarışqa kimi olub,
Bezmişəm yaşamaqdan.
Daha yuva qurmuram,
Qorxuram dağılmaqdan.

Axtarma

Məni soraqlayıb axtarma daha,
Sənin ürəyindən çıxıb getmişəm.
O zülmət içində batıb, boğuldum,
Geriyə dönməyə tövbə etmişəm.

Şirin dillər töküb çaşdırma məni,
Andımı pozdurub günaha batma.
İpinin üstünə odun yığılmaz,
Yalanın qiymətin bahaya satma.

Dünyanın düzəni sənsiz də keçir,
Geriyə dönüşün mənası yoxdur.
İllər unutdurub sənin özünü,
Artıq döyüləsi qapın da yoxdur.

İki yol ayrıcı

Biri sonlanıb,
biri başlayır,
Birində enişdir, birində yoxuş,
İllərin içində ilişib qalıb.
Sovurur küləklər yolumu artıq,
Çavanlıq tərk edib məni də atıb.
İki yol ayrıcı,
İndi hardayam?
Bu yollar haraya götürür məni?
Zamanın yükünü çiynimə qoyur,
İki yol ayrıcı məni də yorur.
Dayansın zaman,
Dayansın ömrümdə qaçan əqrəblər.
Qayıtsın gəncliyim, qayıtsın geri,
Doldursun içimdə boş qalan yeri.

Unutmuşam

Atdın ayrılığın içınə məni,
Dondu gülüşlərim, bir də gülmədim.
Ürəyimə bumbuz möhür vuruldu,
Bir daha heç kəsi sevə bilmədim.

Günləri keçirdim əlimdə qələm,
Sənə qırğınlığı tökdüm misraya.
Ayrılığın rəsmin çəkib rənglədim,
Üst-üstə yığıldı, düzdüm misraya,

İllər ötüb keçdi beləcə bir-bir,
Səni gözləmirəm, heç darıxmıram,
Elə sındırmısan ürəyimi sən,
Səni unutmuşam, xatırlamıram.

Zeynəb Xələfova

Website |  + posts