.....

.....

Bir küçə itinə sığındım dünən -Ayaz Arabaçı

Bir küçə itinə sığındım dünən -Ayaz Arabaçı

Bir küçə itinə sığındım dünən..

Qorxma sənə nə qışqıran,
Nə də durub daş atanam.
Mən bu soyuq küçələrdə,
Xatirələr yaşadanam..
Belə asta, qorxaq hürmə,
Mənə bir az da bərkdən hür.
Şimaldan külək təntidib,
Fürsətdi sən də,şərqdən hür..
Qəzəbli hür,əsəbi hür,
Hür səksəndir bu şəhəri.
Boşalt bütün küçələrə,
Səsindəki,o zəhəri.
Sonra mən də sənə hürüm,
Hürüm,başqa əlac yoxdu.
Sığınmağa adam yoxdu,
Söykənməyə ağac yoxdu.
Elə hür ki,qorxsun gecə,
Elə hür ki səsin batsın,
Elə hür ki,canımdakı ,
Ağrı yatsın-acı yatsın.
Gəl bir az da yaxına gəl,
Gəl bir az da yaxından hür,
Bu küçənin ağrısından,
Bu küçənin ahından hür.
Könlüm nə vaxt sevinərsə,
Sevincimə bayquş ular.
Hür,bir azca sakitləşsin,
İçimdəki ulartılar..
Səni necə çağırırlar,
Mənim kimi adın varmı..
Dərd çəkəndə neyləyirsən,
Papirosun-zadın varmı..
Mən gecələr yatmıram ki,
Gözümdə quş yuxusu var.
Baxma indi dekabrdı,
Burdan uzaq bir küçədə
Bir evdə yaz qoxusu var.
Ayaz Arabaçı

Website |  + posts