.....

.....

Uzaqlarda bir ev var – Arzu Əyyarqızı

Uzaqlarda bir ev var – Arzu Əyyarqızı

Biləydim

Kaş alıb boynuma bütün günahı,
Bəşərin yükünü çəkə biləydim.
Ədalət,mərhəmət , insaf duyğusun,
Hər kəsin qəlbinə əkə biləydim.

Kaş əlim çataydı göyün üzünə ,
Çəkəydim göyləri yerin dizinə,
Düşəydim Tanrının sirli izinə,
Özümü insandan yekə biləydim.

Çıxaydım göylərə, qanun qoyaydım,
Göylərin üzünü qat- qat soyaydım,
Əcəli öldürüb, özüm yuyaydım,
Ölümü kəfənə bükə biləydim.

Tanrı əmr edəydi, mən də yazaydım,
Bəxtlərdən qaranı bir -bir pozaydım,
Şeytana əbədi quyu qazaydım,
Üstünə yerləri tökə biləydim.

Uzaqlarda bir ev var

Uzaqlarda bir ev var, ata evidir adı,
Orda bişən xörəyin getməz damaqdan dadı.

Böyüyüb qocalarsan, varın dövlətin olar,
Ancaq elə həmişə qəlbin o evdə qalar.

Köhnəlsə də uçsa da can atarsan oraya,
Gedərsən, xatirələr yenə çatmaz haraya.

Uşaqlaşıb bir anlıq, hər kəsi sağ görərsən,
Gəzib həyət- bacada nəfəsini dərərsən.

Gözlərin yaşarsa da dodağın gülümsəyər,
Özünü unudarsan,başın qapıya dəyər.

Qəfil xatırlayarsan, həmin uşaq deyiləm,
Saçım ağ, boyum uzun gərəkdir ki, əyiləm.

Xatırlarsan, atan da başın əyib keçərdi,
Baş əydiyi qapıya hələ and da içərdi.

Baş bulayıb keçərsən, dünyadan giley edib,
Deyərsən ki,”İlahi o dövran çoxdan gedib”.

Oturarsan həyətdə köhnə kətil üstündə,
Yanarsan, alışarsan boğularsan tüstündə.

Ayrılarsan o evdən, düzələrsən yoluna,
Heç nə təsəlli olmaz o çarəsiz halına.

Atama məktub

Salam, ata. Heç soruşma necəyəm.
Nigaran da qalma məndən, rahat ol.
Yetimlər tez böyüyərmiş, sən demə,
Böyümüşəm, yaşamağa çoxdur yol.

Sən gedəni imtahanım çoxalıb,
Yoxluğunu sınaq bilib dözürəm.
Gündüz gülüb -danışıram, el gözü,
Gecə olur göz yaşımı süzürəm.

Yüngüllükdür, heç nigaran olma, yox,
Ağlayıram, darıxmağım azalsın.
Saçımdakı boz boyanı soruşma,
İstəmirsən qızın gözəl qız olsun?

Deyirdim e bu qara rəng yaraşmır,
Dəliyəm də, qəfil ağa boyadım.
Xoşlamırdın saçıma rəng qoymağı,
Boyadım ki, hirsləndirim, oyadım.

Bir ümiddir, nə bilim e, nə bilim…
Dedim bəlkə hirslənəsən, coşasan.
Oyanasan o yatdığın məzardan,
Yaşayasan lap yüz əlli yaşacan. ..

Saçlarımı dərd qanına boyayan,
Canım Atam, sənsizlikdir, biləsən.
Səni Tanrı bilirdim mən özümə,
Tanrı ölməz, inanmazdım öləsən.

Adam bu dünyada qalmaq istəmir

Görüb anladıqca yaşananları,
Həvəsim qalmayır yaşamağa da.
Yük olur boynuma dərin düşüncəm,
Taqətim çatmayır daşımağa da.

Bir yorğan altında yatan uşaqlar,
Böyüyür bir evə sığışa bilmir.
Bir ləyən içində suya girənlər,
Vaxt keçir bir ortaq məxrəcə gəlmir.

Ata əziyyətlə qurub -yaradır,
Oğul böyüyəndə bəyənmir, sökür.
Sağ ikən Atanı Ata bilməyən,
Öləndə məzarın mərmərdən tikir.

Doqquz ay canından can verir ana,
Yaşadır övladı qan- tərə batır.
Övladsa bəyənmir doğma ananı-
Aparır qocalar evinə atır.

Bacı da , qardaş da ev- eşik olur,
Yadlaşır, qonşu da olmaq istəmir.
Məni qınamayın, a dostlar, vallah,
Adam bu dünyada qalmaq istəmir.
Arzu Əyyarqızı

Website |  + posts