.....

.....

Vaqif Səmədoğlu yaradıcılığı

Vaqif Səmədoğlu yaradıcılığı

GÖZLƏ GƏLƏCƏYƏM..

Nifrətin yatan yerini,
Qəzəbin batan yerini,
Duaların göy üzündə
Allaha çatan yerini,
Gözlə, bilib gələcəyəm…

Çiynindən atma daşımı,
Dizinə qoyum başımı,
Bilsəm ki, gözləyənim var,
Bir daş ilə göz yaşımı,
Gözlə, silib gələcəyəm…

Məni hardasa yuxudan,
Oyadıb, şer oxudan
Bir cəlladın gözlərinə,
Baxıb ilk dəfə qorxudan,
Gözlə, gülüb gələcəyəm..

Gözlə bu gün sabah məni,
Yolda qoymaz Allah məni,
Əcəl ondan tez tərpənsə,
Yıxsa bir yad günah məni,
Gözlə, ölüb gələcəyəm…
Sabah kiminsə gözündə nifrət,
kiminsə qolunda qüvvət,
kiminsə qəlbində boğulan qeyrət…
Sabah biri namaz üstə,
o biri
sərxoş yatarkən palaz üstə,
kimisi də ölərkən bir qız üstə
görünəcəklər.
Görünəcəklər olduqları kimi
o gözə görünməzə.
Sabah neçə yuxu yaxşıya,
neçəsi pisə yozulacaq,
sabah bir durna qatarı pozulacaq,
eyvanıma iki-üç salamat sərçə qonacaq.
Sabah yaxşı olacaq,
sabah çox pis olacaq.
Şükür, sabah olacaq.

Uzaq yaşıl ada

Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata…

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada…
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada…

Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə…

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada…
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada…

***

Şair kimi yox,
şeir kimi ölmək istəyirəm…
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq…
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!

***

Məzara bənzəyir yaxşı insan…
Məzar kimi
yaya, qışa dözümlü,
məzar kimi dinməz.
Gözə az-az görünür yaxşı adam
ildə bir-iki kərə baş çəkilən
məzar kimi.
Yaxşı insanın yanında
susmaq olur
o da danışdırmır heç kəsi,
sirr almır adamdan
məzar kimi.
Yaxşı insan da
bir yerə bağlanıb
məzar kimi.
Uzaqdan başdaşına
bənzəyir yaxşı insan
yaxından ağlaşmaya…

***

İlahi,
yatağın nə sağında,
nə solunda,
nə bir gözəlin qolunda
yatmaq istəyirəm.
İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqlı qəm içində,
ağrısız
yatmaq istəyirəm.

Mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin başıyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə bütün izlər
ömürdən gedir,
dəniz belə gözdən itir.
Bilirəm
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm
Bir misra da, bir gecə də…
Çünki mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.

Website |  + posts